Gündəm 

Azərbaycanın uğurlu enerji siyasəti Bolqarıstan üçün də faydalıdır

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ötən illər ərzində ölkəmiz hər bir sahə üzrə inkişaf edib, nailiyyətlər qazanıb. O cümlədən ölkəmizin beynəlxalq miqyasda nüfuzunun artması, dünya siyasətində yerinin və rolunun möhkəmləndirilməsi istiqamətində də çox böyük nailiyyətlər əldə edilib. Bu prosesdə mühüm amillərdən biri Azərbaycanın həyata keçirdiyi uğurlu enerji siyasəti, ölkəmizin müəllifi və iştirakçısı olduğu transmilli, qlobal xarakterli layihələrdir. Qeyd etmək lazımdır ki, bu gün Xəzəryanı ölkələr arasında geniş əməkdaşlıq münasibətləri mövcuddur. Bu platformanın yaradılmasında və funksionallığının təmin olunmasında Azərbaycanın rolu əvəzsizdir. Azərbaycan hər zaman Xəzərdə dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılmasına böyük səy göstərib və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış edib. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 2018-ci ildə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın imzalanması da buna nümunədir.

Bildiyimiz kimi, Prezidenti cənab İlham Əliyev cari ilin 25 aprel tarixində Bolqarıstan Respublikasına rəsmi səfərdə olub. Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlər imzalanmışdır.  Dövlət başçısının bu səfəri Azərbaycan-Bolqarıstan əlaqələrinin tarixini, bu gününü və gələcək perspektivini yenidən gündəmə gətirib. Öncə qeyd edək ki, Bolqarıstan həm Avropa İttifaqına, həm də NATO-ya daxil olan ölkədir, bu baxımdan İlham Əliyevin səfəri Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın uğurlu enerji siyasəti Bolqarıstan üçün də faydalıdır. Yunanıstan-Bolqarıstan interkonnektoru bu ölkənin Azərbaycan qazı ilə təchizatı baxımından mühüm əhəmiyyətə malikdir. Beləliklə, Azərbaycan təbii qazının Bolqarıstana çatdırılması ilə ölkələrimiz arasında münasibətlər yeni mərhələyə yüksələcək. Prezident İlham Əliyevin bu ölkəyə işgüzar səfəri çərçivəsində aprelin 25-də Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan və  Slovakiya ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək. Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Prezident İlham Əliyevin imzalanma mərasimində dediyi kimi, Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq. Bolqarıstan Prezidenti Rumen Radev isə Azərbaycanın təkcə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşı olduğunu vurğuladı. Dövlət başçısı bu hadisəni Bolqarıstanla Azərbaycan arasında etibarlı, uzunmüddətli strateji əməkdaşlıqla əlaqələndirdi. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan-Bolqarıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və davamlı inkişaf edir.

Cənab Prezident İlham Əliyevin Anlaşma Memorandumunun imzalanması mərasimindəki  çıxışı sübut edir ki, Onun rəhbərliyi ilə ölkəmizin dünya və Avropa ölkələri arasında nüfuzu ildən ilə artmaqdadır. Cənab Prezident qeyd etdi ki, “Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları davam etdirməyə hazırdır. Üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra, yəni – iki neft boru kəməri – biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışmalar aparılır.

Bütün bu atılan addımlar, imzalanan saziş və memorandumlar Müzəffər Ali Baş Komandanın güclü daxili və xarici siyasətinin bariz nümunəsidir ki, ölkəmiz Avropanın güclü strateji əməkdaşına çevrilir.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı

Daha çox xəbərlər