«Həmrəylik Halqası»: Tərəfdaş ölkələrlə əməkdaşlığın etibarlı gələcəyi
Nəzərdə tutulan digər interkonnektorların yaradılması ilə bu ilin sonuna qədər Macarıstanla Slovakiya da bu halqanın üzvləri sırasına daxil olacaq
Ötən il Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində iştirak edən Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətini bir daha diqqətə çatdıraraq bu cür mərasimləri ölkəmizin qaz mənbələrinin şaxələndirilməsinin məntiqi nəticəsi adlandırıb.
Mərasimdə iştirak edən, Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizini qitə üzrə ən böyük infrastruktur layihəsi kimi dəyərləndirən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin qeyd etdiyi kimi, qaz kəmərinin işə salınması ilə Bolqarıstan və Cənub-Şərqi Avropa üçün yeni dövr başlayır.
«Əsrin müqaviləsi»nin imzalanması, ölkəmizin neft strategiyasının həyata keçirilməsi ilə dünyanın enerji xəritəsini yeniləyən, Avropa bazarında etibarlı neft ixracatçısı , bərpa olunan yaşıl enerji təchizatçısı kimi tərəfdaşları artan Azərbaycanın təbii qazının nəql olunduğu coğrafiya genişlənməkdədir. Avropa Komissiyası ilə imzalanan Anlaşma Memorandumuna əsasən, zəngin potensiala malik respublikamız 2027-ci ilədək qitə dövlətlərinin təbii qaza olan ehtiyacını ən azı iki dəfə artırmağı planlaşdırır. TANAP-ın boru kəməri ilə təbi qaz nəqlinin 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarla aparılan danışıqlar ümidvericidir.
Bu ilin mart ayında paytaxtımızda keçirilən X Qlobal Bakı Forumunda da ölkəmizin zəngin enerji potensialına malik olması ilə bağlı ətraflı danışılıb. Mövcud geosiyasi vəziyyətə uyğun Avropa istehlakçılarının təbii qaza ehtiyacının ödənilməsində rolu artan Azərbaycanın beynəlxalq, o cümlədən Avropa bazarlarına neft və neft məhsullarının, təbii qazın, elektrik enerjisinin, neft-kimya məhsullarının ixracı ilə bağlı imkanlarından bəhs edilib. Ötən ilin dekabrında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında Avropa Komissiyası Prezidentinin iştirakı ilə yaşıl enerjinin ötürülməsinə dair Buxarestdə imzalanan Sazişə uyğun daha səmərəli imkanların yaranacağı bildirilib. Qeyd olunub ki, Azərbaycandan Avropaya, bir hissəsi Qara dənizin dibi ilə gedəcək külək enerjisi stansiyalarından ötürmə xətti çəkiləcək. Belə ki, Avropanın enerji ilə təchizat xəritəsinə yaşıl enerji ilə təminat da əlavə olunacaq. Nəticədə günəş və külək enerjisindən əldə olunan 25 meqavat həcmində yaşıl enerji tərəfdaş dövlətlərə ixrac ediləcək.
«Bu, dünya enerjisinin gələcəyidir və Azərbaycanın gələcəyidir» sözləri ilə ölkəmizin qitə dövlətlərinin enerji təchizatına önəmli töhfə verdiyini qürurla bildirən Prezident İlham Əliyev ötən ay Sofiyada «Bulgartransgaz» (Bolqarıstan), «Transgaz» (Rumıniya), FGSZ (Macarıstan) və «Eustream» (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu»nun imzalanması mərasimində qitə dövlətlərinin enerji təchizatının təhlükəsizliyində etibarlı tərəfdaş olan Azərbaycanın həlledici rolunu diqqətə çatdırıb. Bildirilib ki, Avropa Komissiyası Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üzrə əlavə səyləri, tərəfdaş ölkələr arasında məhsuldar münasibətləri, yüksək həmrəyliyi və strateji tərəfdaşlığı dəstəkləyir. Bu baxımdan «Həmrəylik Halqası»” təşəbbüsünün reallaşması ilə Azərbaycan qazının Avropa İttifaqına üzv ölkələrə çatdırılması üçün əlavə marşrutların formalaşması yeni hədəflərə çatmağın ən asan yoludur. Çünki Bolqarıstanın, Rumıniyanın, Macarıstanın, Slovakiyanın ötürücü sistem operatorları ilə SOCAR arasında Memorandumun imzalanması yeni layihə olan «Həmrəylik Halqası»” təşəbbüsünün reallaşması deməkdir. Bu həmrəylik halqası ilə Cənub Qaz Dəhlizinin ötürücülüq imkanları daha da artır. Mərkəzi və Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıyan «Həmrəylik Halqası» regionun digər ölkələrinin də bu təşəbbüsə qoşulması üçün imkanlar yaradır.
Qeyd edildiyi kimi, Mərkəzi Avropada şaxələndirmə siyasətinin ən səmərəli, real variantı qitə dövlətlərinin ehtiyacını ödəyəcək təbii qazın Azərbaycandan idxalıdır. Ölkəmizlə əməkdaşlığı yüksək dəyərləndirən Slovakiyanın iqtisadiyyat naziri Karel Hirmanın «Bu gün biz Anlaşma Memorandumunu imzalamaqla aydın siyasi mesaj göndəririk. Bu mesaj ondan ibarətdir ki, biz Avropaya təbii qazın idxalı üçün yeni dəhliz yaratmağa, tərəfdaşımız olan Azərbaycanla əməkdaşlıq etməyə və qaz təchizatının ümumi şaxələnməsinə töhfə verməyə hazırıq» sözləri qitə ölkələrinin Azərbaycanla əməkdaşlığının yeni erasının başlandığını bildirən müjdədir.
«Həmrəylik halqası»nı, Anlaşma Memorandumunu Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan arasında «Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə»yə və digər Sazişlərə uyğun davam edən tərəfdaşlığın məntiqi nəticəsi adlandıran dövlət başçımızın vurğuladığı kimi, Avropa İttifaqına üzv dövlətlərin üçdəbirinin ölkəmizlə səmimi münasibətlərinin daha da möhkəmləndirilməsi çox güclü əməkdaşlıq münasibətlərinini etibarlı gələcəyidir. Hazırda Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilən Azərbaycan qazının bu ildən başlayaraq Rumıniyaya da çatdırılması bu əməkdaşlığın uğurlu, məntiqi nəticəsidir. Nəzərdə tutulan digər interkonnektorların yaradılması ilə bu ilin sonuna qədər Macarıstan və Slovakiya da bu halqanın üzvləri sırasında olacaq.
«Biz yerli qazpaylayıcı sistemin qurulması məqsədilə Albaniya ilə danışıqlar prosesindəyik. Çünki Cənub Qaz Dəhlizi Albaniyanın ərazisindən keçir. Eyni zamanda, Slovakiya «Həmrəylik Halqası»nın üzvü kimi, əminəm ki, yaxın vaxtlarda enerji sahəsində bizim tərəfdaşımıza çevriləcək. Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcəyik» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin tərəfdaşlardan ibarət güclü komandanı yaratmaq təşəbbüsləri reallaşır. İyirmi ildən artıq müddətdə Avropaya xam nefti ixrac edən ölkəmiz neft-kimya məhsulları və elektrik enerjisi ixracında da vədinə sadiqliyini göstərir.
Yəni, ölkəmizin təşəbbüsü ilə reallaşan və XXI əsrin layihəsi adlandırılan Cənub Qaz Dəhlizinin ötürücülük imkanları və miqyası genişlənir. Daha çox maraq doğuran Azərbaycanın bərpa olunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üçün göstərilən səylər uğurla davam etdirilir. Artıq respublikamızda ilk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Hesablamalara görə, potensialı təxminən 200 qiqavat olan ölkəmizin bərpa olunan enerjisinin əsas ixrac istiqaməti Avropadır. Enerji diplomatiyasının əhatə etdiyi qaz, yaşıl enerji layihələrini reallaşdırmaqla Avrasiyanın enerji xəritəsinin müəllifi adını doğruldan ölkəmizin enerji ilə bağlı əməkdaşlıq formatının tərkibi daha da genişlənəcək. Dünyada öhdəliyinə sadiq, etibarlı qaz təchizatçısı Azərbaycanın müəllifi olduğu «Həmrəylik Halqası»na qoşulanların sayı artacaq.
Bu təşəbbüs yeni əməkdaşlıqların, hədəflər üçün etibarlı çağırışların, qaz təchizatı şəbəkələrinin, ölkələr arasındakı əlaqələrin genişləndirilməsinə xidmət, yeni layihələrə bələdçilik edəcək. Gələcəyin enerjisi olan yaşıl hidrogenin nəqli barədə daha inamla danışmaq səylərini artıracaq.

