ƏƏSMN: Himayədar ailənin ciddi şəkildə təşəkkül tapması üçün maariflənməyə ehtiyac var
Bu gün qanunvericiliyə müvafiq olaraq 18 yaşına çatmış valideyn himayəsindən məhrum olmuş uşaqlar nazirlik tərəfindən mənzillə təmin olunur. 18 yaşına çatmış valideyn himayəsindən məhrum olmuş bütün uşaqlar bizə müraciət edərək növbəyə dururlar və biz növbəli şəkildə onları mənzillə təmin edirik.
ARANTV.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında bildirib.
“Bundan başqa, onları peşə təhsilinə cəlb edirik. Onları aktiv məşğulluq proqramlarına cəlb edirik. Uşaqlar bizim daimi işlədiyimiz kontingentdir, bizim əsas fəaliyyət istiqamətlərimzidən biridir. “Gate keeping” mexanizminin tətbiqində məqsədimiz budur ki, uşaqların müəssisələrə düşməsinin qarşısı alınsın. Hesab edirik ki, bir ailə 15 uşaq sahibi də ola bilər. Lakin belə olduqda ailə müəssisəyə çevrilə bilər. Belə olan halda uşağı ailə mühitində böyüdə bilmirik. Məqsədimiz sırf uşağın ailə mühitində böyüməsini təmin etməkdir. “Gate keeping” bütün dünyada qəbul olunmuş layihədir. Bu mexanizmin adı belə gedir, amma uyğun sözün seçilməsi üçün müzakirələr apara bilərik. Himayədar ailənin ciddi şəkildə təşəkkül tapması üçün maariflənməyə ehtiyac var”, – deyə nazir müavini vurğulayıb.

