Azərbaycan-Türkiyə qardaşlığı: Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq
Dövlət başçısı İlham Əliyevin Türkiyəyə cari ilin ötən dövründə reallaşdırdığı hər üç səfər gələcəklə bağlı hədəflərlə və mesajlarla diqqətdə oldu
«Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Ötən ay türk dövlətlərinin Ankarada keçirilmiş Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim ümumi həmrəyliyimizi bildirmişdir. Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri vardır.» Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfəri zamanı İstanbulda keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalında səsləndirdiyi bu fikirlər türk dünyasının birliyinin, həmrəyliyinin möhkəmləndirilməsinin əsas çağırışlardan olduğunu, eyni zamanda, qardaş Türkiyənin bu çağırışın yüksək səviyyədə cavablandırılmasına böyük töhfələr verdiyini nümayiş etdirir. Hər zaman çıxışlarında “Bizim birliyimizdən çox şey asılıdır” söyləyən dövlət başçısı İlham Əliyev bu hədəfi də qarşıya qoyurdu ki, türkdilli dövlətlərin birliyi daha da gücləndirilməlidir. Bu birliyin nümunəsi olan Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığı faktlar əsasında diqqətə çatdırılır.
Azərbaycanın müstəqilliyini ilk tanıyan qardaş Türkiyə təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləməklə haqq işimizin müdafiəsi üçün Azərbaycan qədər əzmkarlıq göstərdi. Rəsmi dövlət nümayəndələrinin, eyni zamanda, güclü diasporun Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində göstərdikləri səylər qardaş, dost dəstəyi olmaqla Türk dünyasının birliyi və həmrəyliyi yolunda atılan ciddi siyasi addımlar kimi dəyərləndirildi.
Hər iki dövləti təmsil edən yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə Bakıda və Ankarada keçirilən görüşlər xalqlarımız arasında dostluq və qardaşlığın əbədi, sarsılmaz simvolu kimi vurğulandı. Son illərdə türk dünyasının birliyi naminə Bakıda keçirilən biri-birindən mühüm və tarixi əhəmiyyətli tədbirlər -dünya azərbaycanlılarının qurultayları, Türk Dövlətləri Başçılarının Zirvə toplantısı türk dünyasının güclənməsinə böyük dəstək oldu. Prezident İlham Əliyevin bildirdiyi kimi, Türk dünyası böyük ailədir. Bu böyüklük öz möhkəmliyini və yenilməzliyini xalqların birliyi ilə sübut edir. Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolun imzalanması və eyni zamanda, ondan sonrakı mərhələdə baş verən hadisələr bütün dünya xalqlarına bəlli etdi ki, Azərbaycan-Türkiyə dostluğu, eyni kökdən qaynaqlanan xalqların əzmi yenilməzdir. “Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqları azad olunmayınca sərhədlərin açılması mümkün deyil” kimi qərarı ilə rəsmi Ankara qardaşlığın sarsılmazlığını nümayiş etdirdi.
Regionda sülhün, təhlükəsizliyin təminatçısı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə birliyinin, iki dövlətin siyasi iradəsinin və qətiyyətinin sayəsində reallaşan layihələr göz önündədir. Azərbaycan və Türkiyəni eyni köklər üzərində böyüyən ulu bir çinarın budaqlarına bənzədən Türkiyə rəsmiləri bildirirlər ki, həmin çinarın kölgəsi həyata keçirdiyimiz layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzandı. Həyata keçirilən layihələr Azərbaycanın və Türkiyənin bölgədəki gücünü daha da artırır. Reallaşan hər bir layihə region və tərəfdaş ölkələrin həyatına yeni nəfəs gətirir. Türkiyə rəsmiləri də bu məqamı qeyd edirlər ki, qarşılıqlı uzaqgörənliklə ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional və qlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu Azərbaycan və Türkiyənin mənzərəsində aydın görünür. Bu gün bu mənzərə dünyaya ölkələrin öz maraqlarını, iqtisadi sabitliklərini təmin etmələrinin yolunun himayəçilikdən və onu artırmaqdan, ticarət müharibələri aparmaqdan yox, həmrəylikdən, rəqabətlilik mühitindən, güclü əməkdaşlıqdan keçdiyini çox aydın şəkildə ortaya qoyur.
Ermənistanın 30 il davam edən işğalı dövründə rəsmi Ankaranın Qarabağ münaqişəsinin həllində mövqeyi, beynəlxalq təşkilatlarda Azərbaycana dəstəyi məlumdur. Hər bir məsələdə Azərbaycanın yanında olan rəsmi Ankara dünyaya bu çağırışı etdi ki, bütün münaqişəli məsələlər beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmalı, ərazi bütövlüyü prinsipi əsas götürülməlidir. Təbii ki, bu mövqe qardaş Türkiyənin ədalətin və beynəlxalq hüququn yanında olmasından irəli gəlirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edirdi ki, Azərbaycanın bu münaqişənin həlli istiqamətində göstərdiyi təşəbbüslərə beynəlxalq ictimaiyyət daha səssiz qala bilməz. BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz.
“Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.” Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, həm xalqımız, həm də bütün dünya bunu İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk gündən dünyaya «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır» mesajını çatdırdı.
44 günlük Vətən müharibəsinin hər günü tariximizə Qələbə səhifəsi kimi yazılmaqla yanaşı, Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının dünyaya təqdimatı oldu. Çünki bu sevinci Azərbaycan necə yaşadısa, qardaş Türkiyə də eyni şəkildə yaşadı. Tarixə qısa baxış əsasında dövlət başçısı İlham Əliyev bu reallığı qeyd edir ki, bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik.
2018-ci ildə Bakının erməni işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxdılar. Bunun təkrarı 2020-ci il 10 dekabr tarixində Zəfər paradında yaşandı. Paradda qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının daha bir əyani nümunəsi oldu. Bütün dünya bir daha gördü ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi, sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. İki ölkə bundan sonra da həmrəylik nümayiş etdirəcək, böyük uğurlar qazanaraq tarix yazacaq.
2021-ci il 15 İyun – Milli Qurtuluş Günündə Şuşada Azərbaycan-Türkiyə müttəfiqliyini təsdiqləyən sənədin imzalanması mərasimi keçirildi. Dünyaya Şuşa Bəyannaməsi kimi səs salan bu sənəd iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafını özündə ehtiva edir. Hər zaman Azərbaycanın, Prezident İlham Əliyevin yanında olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ilin oktyabrında Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının, 2022-ci ildə isə Şərqi Zəngəzurun hava qapısı olan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimlərində iştirak etdi. Rəcəb Tayyib Ərdoğan Qarabağımıza ilk səfər edən, həmçinin ilk xarici uçuşu həyata keçirən dövlət başçısıdır. O, üç dəfə Qarabağa səfər edib. O da məlumdur ki, Füzuli Beynəlxalq Hava Limanı da Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə səyləri nəticəsində tikilib istifadəyə verildi. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri başlanan zaman dost ölkələrin bu işlərə cəlb ediləcəyini bildirmişdi. Qardaş Türkiyə bərpa-quruculuq işlərinin uğurla həyata keçirilməsində ölkəmizə hər bir dəstəyi göstərməyə hazır olduğunu bildirdi. Rəcəb Tayyib Ərdoğanın 10 dekabr 2020-ci ildə Zəfər paradında səsləndirdiyi «Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!» fikirləri də postmünaqişə dövründə iki müttəfiq, qardaş ölkənin görəcəyi işlərin anonsu kimi dəyərləndirildi.
«Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində» söyləyən dövlət başçısı İlham Əliyev ötən il Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının növbəti təzahürü olan “TEKNOFEST Azərbaycan» Aerokosmik və Texnologiya Festivalında bildirmişdir ki, bu, bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır: «Əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar.»
Dünya hər zaman Azərbaycan-Türkiyə qardaşlığının nümayişi olan bir mühüm hadisənin şahidinə çevrilir. Bu günlərdə qardaş ölkədə təşkil edilən «TEXNOFEST» festivalı bir daha bu qardaşlığın nümayişi oldu. «Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu gün biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”» söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirmişdir ki, Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçib. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya çapında söz sahibinə çevrilmiş, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır.
Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Gündən-günə Türkiyənin önəmi, rolu artır. Türkiyənin güclü sənayesi həm Türkiyəni gücləndirir, həm də Türkiyənin müttəfiqlərini gücləndirir. Türkiyə Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm bizi gücləndirir və uzun illər bundan sonra Türkiyənin təhlükəsizliyini təmin edəcək.
Dövlət başçısı İlham Əliyev iki qardaş ölkənin əlaqələrinin gələcək inkişafı ilə bağlı hədəfləri ilə açıqladı. «…yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq, orada təhsil, xidmət, istehsal da olacaqdır. Selçuk bəy Bakıda olarkən “Kızılelma”nın bir maketini hədiyyə etdi. Mən fürsətdən istifadə edərək “Kızılelma” ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaqdır» bildirən cənab İlham Əliyev “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə – bugünkü Türkiyə budur» fikirləri ilə qardaş Türkiyənin yeniliklərə böyük maraq göstərən və hər bir yeni təcrübənin tətbiqinə çalışan ölkə olduğunu diqqətə çatdırdı. Reallıq budur ki, Türkiyə müasir texnologiyalara əsaslanan layihələri həyata keçirir. «TEXNOFEST» Türkiyənin kosmos, aviasiya və texnologiya sahələrində necə sürətlə inkişaf etdiyini göstərir.
Müasir Türkiyənin inkişafında Prezident Rəcəb Tayyib Ərdoğanın rolunu vurğulayan Liviyanın Baş naziri çıxışında bildirmişdir ki, Türkiyə bu gün uğurlu dövlət modelinin ən gözəl nümunəsidir. Bu gün xalqına, millətinə və Vətəninə sözün həqiqi mənasında xidmət edən bir Türkiyə modelini görürük. Akkuyu Atom Elektrik Stansiyasının inşasının Türkiyənin imkanlarını daha da genişləndirəcəyini vurğulayan Əbdülhəmid Dibeybe diqqətə çatdırmışdır ki, bu gün Türkiyə dövləti müdrik rəhbərliyi, sahib olduğu böyük imkanları sayəsində bütün maneələrə qarşı sarsılmaz mövqe nümayiş etdirir.
Ötən il ölkəmizdə keçirilən «TEXNOFEST Azərbaycan» festivalında dövlət başçısı İlham Əliyev Azərbaycan və Türkiyənin keçdiyi inkişaf yolundan geniş bəhs edərək bu reallığı da açıqlamışdır: «Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var – o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim, Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır.»
Hər bir səfər əlaqələrin inkişafında yeni mərhələ, gələcək prioritetlərin müəyyənləşdirilməsində mühüm hadisədir. Dövlət başçısı İlham Əliyevin cari ilin ötən dövründə qardaş Tükiyəyə reallaşdırdığı 3 səfərin hər biri ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsində öz sözünü deyir. Cənab İlham Əliyevin “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”» mesajı bunun bariz nümunəsidir. İki qardaş ölkə yumruq kimi birləşərək hər bir hədəfə yüksək səviyyədə nail olur. Buna əsas verən qardaşlığımızın möhkəmliyi ilə yanaşı, hər iki dövlətin ədalətin və beynəlxalq hüququn yanında olmasıdır. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən il Azərbaycandan səsləndirdiyi bu mesajı bir daha xatırlatmaq istərdik: «Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq. Eynilə Anadolu kimi, bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?»

