Qardaş Türkiyənin güvənilən çağdaş hərbi sənayesi
Prezident İlham Əliyev: …Kızılelma» havada, «Altay» və «Togg» quruda, «Anadolu» dənizdə – bugünkü Türkiyə budur
Aprelin 29-da Türkiyədə daha bir beynəlxalq tədbir- «TEKNOFEST» Aerokosmik və Texnologiya Festivalı keçirildi. Qardaş ölkə bu tədbirlə dünyaya öz texnoloji gücünü bir daha göstərmiş oldu. Bəli, öz milli texnoloji tərəqqisi ilə dünyanı heyrətləndirməkdə davam edən Türkiyə bu festivalla bir daha əminlik yaratdı ki, bu istiqamətdəki inkişafı davamlıdır və bundan sonra da böyük uğurlar qazanılacaq.
Festival çərçivəsində keçirilən texnoloji yarışlar öz arzularını reallığa çevirmək istəyən gənclərin layihələrinin təqdimatı üçün də mühüm hadisədir. Ona görə də bu möhtəşəm festivalın iştirakçılarının sayı ildən-ilə artır. Belə ki, festivalın ilk dəfə təşkil olunduğu 2018-ci ildə tədbirə 4333 komanda və 20 min iştirakçı qatılmışdısa, bu il komandaların sayı 333 mindən, iştirakçıların sayı isə 1 milyondan çoxdur.
Qeyd edək ki, 2022-ci il mayın 26-29-u tarixlərində «TEKNOFEST» ilk dəfə Türkiyədən kənarda- Azərbaycanda keçirilib. Məhz ötən il Bakıda bu festivalı 300 minə yaxın insan ziyarət etmişdi. Digər çox mühüm hadisə qardaş Türkiyədə keçirilən «TEKNOFEST»də Türkiyə və Azərbaycan prezidentlərinin və birinci xanımlarının iştirakı oldu. Tədbirdə çıxış edən Prezident İlham Əliyev dedi: «Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, «Bir yumruq!»
Ölkəmizin başçısının bu sözləri Azərbaycanla Türkiyənin sarsılmaz qardaşlığını dünyaya bir daha göstərmiş oldu. Bəli, müasir Türkiyə indi uğurlu dövlət modelinə sahib ölkələrdən biridir. Bu modelin müəllifi isə dünyada nüfuzu ilə diqqətçəkən cənab Rəcəb Tayyib Ərdoğandır. Qardaş ölkə qətiyyətli rəhbəri, sahib olduğu böyük imkanları sayəsində bütün maneələrə ciddi şəkildə sinə gərərək hərbi supergücə çevrilməklə yanaşı, dünya siyasətində qlobal qüvvələrdən biri olub.
2023-cü ilin fevralın 6-da Türkiyədə baş vermiş zəlzələnin ağır fəsadları Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi və türk xalqının əzmkarlığı sayəsində sürətlə aradan qaldırılır. Əsrin fəlakəti hesab edilən bu zəlzələ türk qardaşlarımızın həyatında ciddi yaralar açsa da dövlətin gücü ilə sağalmaqdadır. Bu işdə Azərbaycan xalqı və dövləti də qardaş ölkəyə birinci yardım edənlərin önündə gəldi. Hətta bu gün də davam edən yardımlar fəlakət zonasının yenidən qurulmasında önəmli rol oynayır. Ən başlıcası isə Kahramanmaraşda 1000 bina, bir məktəb və bir məscidin tikintisini də Azərbaycan dövləti öz üzərinə götürüb. «TEKNOFEST» də Azərbaycan və Türkiyə prezidentləri bəhs etdiyimiz yaşayış kompleksinin təməlqoyma mərasimində onlayn iştirak etdilər. Kompleksi bir il müddətinə inşa edərək istifadəyə vermək nəzərdə tutulub.
Türkiyə son 20 ildə çətin, amma şərəfli yol keçib. Məhz Prezident Ərdoğanın liderliyi ilə qardaş ölkə geosiyasi arenada ciddi gücə çevrilməklə Cənubi Qafqazda da sülhün, sabitliyin, təhlükəsizliyin bərqərar olmasının təminatçısıdır. Eyni zamanda, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Türkiyə türk dünyasının birləşməsi işində çox böyük rol oynayır. Bəli, türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var və məhz güclərin birləşməsində Rəcəb Tayyib Ərdoğanın möhtəşəm xidmətləri danılmazdır.
Eyni zamanda, bu gün dünya ölkələrinin orduları Türkiyə müdafiə sənayesinin ən müasir hərbi məhsullarının alıcılarıdır və bu istiqamətdə tələbat durmadan artır. Prezident İlham Əliyev festivaldakı çıxışında Türkiyənin milli müdafiə sənayesinin inkişafını yüksək qiymətləndirərək bildiridi ki, qardaş ölkənin ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm də bizi gücləndirir: «Xüsusilə «Baykar» şirkətinin istehsalı olan «Kızılelma» pilotsuz təyyarəsi yaxın gələcəkdə Azərbaycan səmasında da olacaq….«Kızılelma» havada, «Altay» və «Togg» quruda, «Anadolu» dənizdə – bugünkü Türkiyə budur…»

