“Zəfərdən dirçəlişə”
Bu layihə çərçivəsində Zəngilanda Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə 30 min ağacdan ibarət meşə massivinin salınması işləri yekunlaşıb
Erməni işğalı nəticəsində Qarabağın və Şərqi Zəngəzurun təkcə şəhər və kəndlərinə deyil, ekologiyasına – meşə örtüyünə, biomüxtəlifliyinə, su ehtiyatlarına külli miqdarda ziyan vurulub. İşğal dövründə Azərbaycan florasının 42%-ni təşkil edən Qarabağın və Şərqi Zəngəzurun qiymətli ağac, kol növləri ilə zəngin təbii meşələri məqsədyönlü şəkildə erməni işğalçıları tərəfindən məhv edilib. Bu da həmin ərazidə biomüxtəlifliyin azalmasına səbəb olub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri çərçivəsində ekoloji terrorun nəticələrinin aradan qaldırılması məqsədilə 2021-ci il 17 dekabr tarixində “Zəngilan rayonunda meşə örtüyünün bərpası” layihəsinə start verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Qarabağ Dirçəliş Fondu (QDF) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində icra olunan layihədə Zəngilan şəhərinin girişində, 30 hektar ərazidə əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, həmişəyaşıl sərv, göyrüş, qlediçiya və Şərq çinarı olmaqla ümumilikdə 30 min ağacın əkilməsi nəzərdə tutulub.
ETSN-nin təşəbbüsü və təşkilatçılığı, QDF və onun donorlarının maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə çərçivəsində 30 min müxtəlif növ ağacın əkilməsi və onların suya olan tələbatını təmin etmək üçün damcı suvarma və filtrasiya sistemlərinin quraşdırılması işləri uğurla həyata keçirilib.
QDF bu problemin əhəmiyyətini və miqyasını dərk edərək işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpasını prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Memoranduma uyğun olaraq 17 dekabr 2021-ci il tarixində “Zəfərdən dirçəlişə” layihəsi çərçivəsində Zəngilanda meşə massivinin salınması layihəsinə start verilib.
Qısa müddətdə enerji təminatı və suvarma sistemi qurulub, ağaclar əkilən əraziyə müntəzəm nəzarət təmin edilib. Meşə sahəsi kənar vasitələrdən təmizlənib, əsas və köməkçi borular çəkilib, suvarma üçün istifadə olunan çaydan götürüləcək suyu sahəyə çatdıracaq avadanlıqların bir hissəsi qurulub, yeni çalalar qazılıb və sahəyə üzvi gübrə gətirilib. Layihə çərçivəsində dayanıqlı meşə massivinin salınması məqsədilə ərazidə görülən bütün işlər meşəbərpa tələblərinə uyğun formada aparılır.
Gəlin, Qarabağımızı və Şərqi Zəngəzurumuzu daha yaşıl bərpa edək!
Cavid Əkbərov, “İki sahil”





