Türkiyə-Azərbaycan birliyi: Bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin qarantı
İstanbulda keçirilən «TEKNOFEST» festivalı çərçivəsində Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlinin qoyulması türk dünyası birliyinin sarsılmazlıq nümunəsidir
Türkiyə ilə Azərbaycanın eyni kökdən qaynaqlanan qardaşlığı əsrlərin sınağından çıxaraq daha da möhkəmlənir, türk dünyasının birlik və həmrəyliyində aparıcı rolu ilə fərqlənir. Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində işğalçı tərəfindən blokadaya alınan, Naxçıvanı Türkiyə ilə birləşdirən «Ümid» körpüsünün istifadəyə verilməsi ilə bağlı sevinclərini «Bu gün bizim arzu və ümidlərimizin körpüsü açılır» ifadəsi ilə bildirən qardaşlar buna da inanırdılar ki, bu yol iki ölkə arasında siyasi, iqtisadi, mədəni, hərbi əməkdaşlığın əbədiyyət rəmzi olacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın İkinci Qarabağ müharibəsinin ilk saatlarında «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır”» deməsi xalqımıza siyasi, mənəvi dəstək oldu.Vətən müharibəsindəki Qələbəmiz gözlənilən ümidləri doğrultdu. Ermənistan üzərində tarixi Qələbəmizin qeyd olunduğu Zəfər paradını türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə izləyən Prezident İlham Əliyevin məğrur görünüşü əbədi qalibiyyət simvolu idi. Türkiyə kimi müttəfiqi olan Azərbaycan 30 il Ermənistanın işğalı altında qalan torpaqlarını beynəlxalq səviyyədə qəbul olunan bəyanatlardan, qərarlardan daha önəmli olan öz gücü ilə azad etdi.
Torpaqlarımız Ermənistanın işğalı altında qaldığı illərdə Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını beynəlxalq səviyyədə, müxtəlif tribunalardan bəyan edən Türkiyə Vətən müharibəsində sözünü mənəvi, siyasi, hərbi dəstəyi ilə bildirdi Vətən müharibəsindən sonra Azərbaycanla Türkiyə arasında imzalanan «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi» bütün sahələri əhatə edən həmrəylik sənədi kimi tarixə yazıldı. Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi ilə iki qardaş xalq arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq müasir dövrün tələblərinə uyğun zənginləşdirildi. Bir əsrlik tarixi olan Qars müqaviləsi təzələndi. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını, Şərqdən Qərbə uzanan, türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin açılmasında israrlı olduqlarını sarsılmaz qətiyyətləri ilə bildirən hər iki qardaş ölkənin göstərdikləri siyasi iradə Ermənistan və onun havadarlarını məyus edir. Xatırladaq ki, türkdilli ölkələrin birləşdiyi Türk Dövlətləri Təşkilatının yaranmasında da aparıcı qüvvə Azərbaycan –Türkiyə müttəfiqliyidir.
Hər iki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə iştirakı ilə keçirilən «TUR-AZ», «Sarsılmaz dostluq» adlı təlim-məşqlər hərbi sahədə əməkdaşlığı daha da intensivləşdirib. Türkiyənin İzmir bölgəsində keçirilən «Efes-2022»” çoxmillətli hərbi təlimlərdə azərbaycanlı hərbçilərin uğurlu iştirakı, yekun mərhələdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgə dövlətlərini əməkdaşlığa çağırması regionun təhlükəsizliyinə göstərilən diqqətdir. Elm-inkişaf- bilik vəhdətinin nümayişi olan, texnologiya bayramı kimi tarixə yazılan” aerokosmik və texnologiya sahəsində əməkdaşlığın nümunəsi «TEKNOFEST» festivalının ötən il ilk dəfə Bakıda keçirilməsi qardaş ölkə gənclərinin elmi yaradıcılıqlarının təqdimatı idi.
«Dünya türkün gücünü görsün, yerini bilsin”» amalı ilə səmada xarüqələr yaradan «TEKNOFEST”» iştirakçılarının elmi düşüncələrinin nümunələri olan kəşfləri, cəsur pilotlarımızın səmada göstərdikləri tryüklar türk dünyasının həmrəyliyinin, gənclərinin elmdə də ən ön sıralarda yer almasının dünyaya çatdırılması, «Biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq» mesajı idi. Bütün dünyanın heyrətlə izlədiyi «TEKNOFEST» festivalı isə türk dünyası birliyinin sarsılmazlığının səmada təzahürü idi. ” Festivalda Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin də iştirakı bu cür platformalarda təməlləri qoyulacaq yeni və daha böyük əməkdaşlıqların, ortaq gələcəyimizin aydın üfüqlərdə yer alacağının müjdəsi idi.
Bu günlərdə Azərbaycan və Türkiyə prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin İstanbulda keçirilən «TEKNOFEST”» Aerokosmik və Texnologiya Festivalında iştirak etməsi sarsılmaz qardaşlığın növbəti təntənəsi idi.
«TEKNOFEST»in İstanbul mərasimində çıxış edən, hər ki qardaş ölkənin müttəfiqliyinin gənclər arasında da davam etdiyini bildirən Prezident İlham Əliyev bütün dünyaya bəyan etdi ki, türk birliyi bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır.
Türk dünyasının böyük coğrafiyası, iqtisadi potensialı, təbii qaynaqları, yenilməz hərbi gücü var. Bu birliyin möhkəmləməsində Rəcəb Tayyib Ərdoğanın türk dünyası qarşısında tarixi xidmətləri danılmazdır. «Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Gündən-günə Türkiyənin önəmi, rolu artır. Türkiyənin güclü sənayesi həm Türkiyəni gücləndirir, həm də Türkiyənin müttəfiqlərini gücləndirir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm bizi gücləndirir və uzun illər bundan sonra Türkiyənin təhlükəsizliyini təmin edəcəkdir» söyləyən Prezident İlham Əliyev iki ölkə arasındakı hərbi müttəfiqliyi, qardaş ölkənin müdafiə sənayesində qazandığı uğurları diqqətə çatdıraraq bildirib ki, Azərbaycanda «Bayraktar»” Mərkəzinin yaradılması gücümüzü daha sıx birləşdirəcəkdir.
Dövlət başçımızın «Mən fürsətdən istifadə edərək «Kızılelma» ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə «Kızılelma» Azərbaycanın səmasında da olacaqdır. «Kızılelma» havada, «Altay» və «Togg» quruda, «Anadolu» dənizdə – bugünkü Türkiyə budur» sözləri isə qardaş ölkənin müdafiə sənayesinin son uğurları ilə qürur yaradan həmrəylik sevincinin ifadəsidir.
Cari ilin fevralında Türkiyədə baş verən, «əsrin fəlakəti» adlandırılan zəlzələnin nəticələrinin aradan qaldırılmasında qardaşlıq dəstəyini əsirgəməyən Azərbaycan bu gün də yardımını əsirgəmir. «TEKNOFEST”» çərçivəsində Azərbaycanın zəlzələ baş verən Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlinin qoyulması türk dünyası birliyinin sarsılmazlıq nümunəsi idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyevə türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış xatirə əskinasını təqdim etməsi isə eyni kökə bağlılıq nümunəsi idi.
Keçən il Bakıda keçirilən “TEKNOFEST” Azərbaycan» festivalını iki ölkə gənclərinin texnologiyaya, müdafiə sənayesinə, elmə marağı adlandıran Prezident Rəcəb Tayyib Ərdoğan müsabiqədə diqqətçəkən layihələrin, iqtirakçıların sayının artmasını hərbi sənayeyə maraq kimi dəyərləndirdi
Yardımlara görə Türkiyə xalqı adından minnətdarlığını «Kahramanmaraşda təməlini bir az əvvəl birlikdə qoyduğumuz evlər üçün İlham qardaşıma da çox təşəkkür edirəm. Azərbaycan dövləti və xalqı bu müddətdə dostluğun və qardaşlığın nə demək olduğunu göstərdi» sözləri ilə bəyan edən Rəcəb Tayyib Ərdoğan 100 minə yaxın vətəndaşın ziyarət etdiyi «TCG Anadolu» gəmisinin, Qara dənizdə çıxarılan təbii qazın istismarına başlanılmasını, milli döyüş təyyarəsi «Gökbey» helikopterinin, «Hürjet» və «ATAK-2» qırıcılarının, «Altay» tankının istifadəyə verilməsini Türkiyənin son illərdə kosmik sahədə qazandığı uğurların rəmzi adlandırdı. Türkiyə ilə Azərbaycanın qardaşlığının suda, quruda, səmada təsdiqlənməsi türk dünyasının «Əbədi var olacağıq!» əminliyidir.

