Gündəm 

“Qara qız”ın dərdi varmış…

Bu günlərdə Ermənistanda səfərdə olan Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Azərbaycanın Laçın yolunun başlanğıcında təşkil etdiyi sərhəd nəzarət-buraxılış məntəqəsindən söz açıb və ölkəmizə qarşı növbəti dəfə əsassız, cəfəng iddialar səsləndirib. Belə ki, o, Azərbaycanı Hayastanın ərazilərinə müdaxilə etməkdə, məlum Bəyanata zidd addımlar atmaqda, sülh danışıqlarına maneçilik törətməkdə  ittiham edib. O, həmçinin Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyəti arasında danışıqların beynəlxalq güclərin iştirakı ilə keçirilməsini və dolayısı ilə bu prosesdə Fransanın vasitəçilik etmək istəyini də dilə gətirib. Bununla Ketrin Kolonna rəsmi Parisin Azərbaycana olan kin-küdurətinin hələ tükənmədiyini, əksinə, daha da gücləndiyini, əleyhimizə atılan addımlardan geri çəkilmək niyyətində olmadığını bildirib. Halbuki aprelin 27-də Prezident İlham Əliyev Bakıda fransalı naziri qəbul edərkən sərhəd-buraxılış məntəqəsinin beynəlxalq qaydalara əsasən qurulduğunu, ölkəmizin suveren hüququ və ərazi bütövlüyümüzün təmin olunmasına xidmət etdiyini vurğulamışdı. Xarici işlər naziri Ceyhun Bayramov isə  Ermənistanın öhdəliklərindən boyun qaçırdığını, üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Laçın yolundan hərbi və mina təhdidinin davam etdirilməsi üçün sui-istifadə etdiyini onun diqqətinə çatdırmışdı.

Ümumiyyətlə, Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonnanın  Cənubi Qafqaza budəfəki səfərindən  və onun söylədiklərindən aydın olur ki, Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurması Ermənistanın digər havadarları kimi, Fransanı da narahat edir. Hayastanın işğalçılıq siyasətini dəstəkləyən, 44 günlük müharibə zamanı Azərbaycanı torpaqlarını işğaldan azad etməkdən çəkindirməyə çalışan Fransanı bölgəyə çəkib gətirən məhz bu səbəbdir. Görünür, Fransa Minsk qrupunun tarixin zibilliyinə atılmasını, vasitəçilik rolunun əlindən çıxmasını, həm də həmin yolla Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərə silah-sursat və terrorçu qrupların daşınmasına son qoyulmasını heç cür həzm edə bilmir.

Şübhəsiz, Ketrin Kolonnanın həmin cəfəng fikirləri bu gün də müstəmləkəçilik siyasəti yeridən Fransanın Azərbaycanın daxili işlərinə burun soxmaq, separatizmi dəstəkləmək, sülh prosesinə mane olmaq cəhdindən başqa bir şey deyil. Bu məsələdə isə o,  havadarlıq etdiyi, artıq dünyada oyuncaq ölkə kimi tanınan Hayastandan maksimum dərəcədə faydalanmaqla bölgədə möhkəmlənmək, həmçinin Azərbaycanın, o cümlədən Türkiyənin Cənubi Qafqazda artan nüfuzuna təsir göstərmək niyyətindədir. Fransanın Hayastandakı səfirliyinin nəzdində hərbi missiyanın yaratması, hərbi attaşe təyin etmək istəyi  də bunu təsdiq edir. Ketrin Kolonnanın sözləri ilə desək, guya Fransa bu müdafiə missiyası ilə Ermənistanla ikitərəfli əməkdaşlığı dərinləşdirmək istəyir. Halbuki bu, Fransanın Ermənistanla münasibətləri hərbi əməkdaşlıq müstəvisinə qaldırmağa xidmət edir.

Bəzi mənbələrin məlumatlarına görə, Fransa Ermənistana silah ixracı sisteminin qurulmasına hazırlıq üçün tədbirlər də görməyə başlayıb. Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Fransanın bu kimi addımlarının məqsədi İrəvana hərbi dəstək verməkdir. Daha doğrusu, siyasi platformada Azərbaycana qarşı təzyiq siyasəti yürüdən Fransa indi bu düşmənçiliyi hərbi müstəvidə davam etdirmək niyyətindədir. Bu yerdə deyiblər də… Sən demə, “qara qız”ın dərdi varmış. Fransa bu məqsədini reallaşdırmaq üçün isə Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasını əsas gətirir. Amma tarixi faktlar göstərir ki, Fransanın hərbi kontingenti hansı ölkədə olubsa, orada böyük gərginlik, qarşıdurma yaradıb, həmin ölkələrə fəlakətlər gətirib. Digər tərəfdən, bu gün Fransanın özü problemlər məngənəsində boğulur. Bu mənada öz ölkəsinə umac ova bilməyən Makron administrasiyasının Ermənistana əriştə kəsməsi olduqca absurddur.

Bəli, bu gün bütün şər qüvvələr, o cümlədən müstəmləkəçi Fransa terrorçu Hayastanın yanındadır. Amma bu, faktdır ki, şər heç zaman haqqa, ədalətə qalib gələ bilməyib və gələ bilməyəcək də…

Daha çox xəbərlər