Cəmiyyət 

Kürklərinə birə düşüb…

Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə Azərbaycan daha bir tarixi missiyanı reallaşdırdı. Şübhəsiz, beynəlxalq hüququn prinsiplərinə, eləcə də 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatın tələblərinə uyğun olaraq atılan bu addım Ermənistandan silah-sursatın daşınmasının qarşısını almaqla yanaşı, Qarabağ ermənilərinin reinteqrasiya prosesinə də öz təsirini göstərəcək.

Hazırda Xankəndidəki separatçı rejim çıxılmaz vəziyyətdədir. Daha doğrusu, çaşqınlıq və qorxu içərisindədir, sanki kürklərinə birə düşüb. Onlar Hayastanla birgə yenə də havadarlarından imdad diləməkdə davam edirlər. Qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyan müraciət-sayıqlamasında guya Azərbaycanın ucbatından Qarabağ ermənlərinin əzab-əziyyətə düçar olduqlarını bildirib. “Vahid Ermənistan” partiyasının sədri Yervand Tarverdyan sosial şəbəkədə yazdığı statusla onu dəstəkləyib. Bildirib ki,  Bakı ilə real dialoq yalnız Azərbaycan status məsələsinə zəmanət verdikdən sonra aparıla bilər.

Xankəndidəki separatçı rejim mövcudluğunu saxlamaq üçün qondarma “müqavimət hərəkatı”na  da əl atıb. “Kampaniyanın” məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Qarabağ ermənilərinin “problemlərinə” cəlb etməkdir. Xankəndidəki separatçı rejimin marionetlərindən olan, ölkə­mizə münasibətində barışmaz mövqe tutan milyarder Ruben Vardanyan isə “konkret addımlar” atmaqdadır. Hətta onun terror qrupları toplamağa başlaması haqqında məlumatlar yayılıb. O, bu prosesdə özünün “xeyriyyə” tədbirlərindən yaralanmağa çalışır.

Xankəndidəki qondarma rejimin nümayəndələri, o cümlədən onun “rəhbəri”, baş separatçı Araik Arutyunyan yaxşı dərk edirlər ki, onların tərksilah olunacaqları, törətdikləri cinayətlərə görə Azərbaycan məhkəmələri qarşısında cavab verəcəkləri gün artıq yaxınlaşır.  Laçın yolu tam nəzarət altına alındığı üçün təxribatçı hayların qaçıb aradan çıxmaq şansları da sıfıra bərabərdir. Şübhəsiz, onlar Azərbaycanın Laçın yolunu belə sürətlə nəzarət altına ala biləcəyini, Qarabağda yaşayan hayların Hayastana və əks istiqamətdə qanuni keçidini yüksək səviyyədə təşkil edəcəyini  gözləmirdilər. Qarabağda yaşayan mülki ermənilərin həmin yoldan keçidinin nümayiş etdirildiyi videogörüntülərdən aydın olur ki, sərhəd nəzarəti beynəlxalq normalara tam cavab verir. Yəni, Azərbaycanın məqsədi bu yolda hərəkəti məhdudlaşdırmaq deyil, əksinə, nəzarətin təmin edilməsidir. Odur ki, belə bir vəziyyətə düşən separatçı rejim bir qədər  aqressivləşib. İndi onlar başlarına haranın daşlarını salacaqlarını bilmirlər. Hətta döyüş qabiliyyətlərini artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirirlər. Bu günlərdə Xankəndi şəhərində məskunlaşan erməni separatçıların hərbi hazırlığı ilə bağlı yayılan video bunu təsdiq edir. Kadrlardan aydın olur ki, onlar Azərbaycan Ordusunun Şuşa şəhərindəki mövqelərindən 5 km şimalda – Xankəndinin cənub-qərbində hazırlıq görürlər.

Bununla yanaşı, separatçı rejim Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya meyillərini  müxtəlif vasitələrlə əngəlləməyə çalışırlar. Lakin hadisələrin gedişatı göstərir ki, hayların bu xülyası digər xülyaları kimi boşa çıxacaq. Nəticədə qısa zaman kəsiyində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqları ölkəmizin  Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaq.

Daha çox xəbərlər