Türkiyə-Azərbaycan: “Bir millət, iki dövlət”, “Bir yumruq!”
Dərin tarixi-mənəvi dəyərlərə söykənən Türkiyə -Azərbaycan əlaqələrinin qırılmaz tellərlə bağlılığı hər iki ölkənin inkişafına, tərəqqisinə, həmçinin regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələr verdiyi kimi, türk dünyasının birləşməsində həlledici rol oynayır. Danılmaz faktdır ki, türk dünyasının birliyinin əsasını Türkiyə və Azərbaycan təşkil edir.
İki dost, qardaş ölkə öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını daim qəti şəkildə nümayiş etdiriblər. 2020-ci il sentyabrın 27-dən erməni təxribatlarına qarşı şanlı ordumuzun güclü və sürətli əks-hücum əməliyyatı ilə başlayan müqəddəs Vətən müharibəsi Azərbaycanın böyük Qələbəsi ilə nəticələndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Qarabağı işğaldan azad edərək xalqımızı əzəli torpaqlarımıza qovuşdurdu. Bu qırx dörd gün müddətində qardaş Türkiyə Cümhuriyyəti hər zaman olduğundan daha çox Azərbaycanın yanında oldu və bunu bütün tiribunalardan ən yüksək səslə təkrar-təkrar söyləməkdən çəkinmədi. Eyni zamanda, Vətən müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi ilə də iki qardaş ölkə arasındakı münasibətlər keyfiyyətcə yeni müstəviyə qalxdı. Azərbaycan artıq Türkiyənin hər bir addımında – istər siyasi, istər iqtisadi, istər hərbi məsələlərdə yanında olub və olacaqdır. Bu münasibətlər dünyada misli görünməmiş yaxın doğmalıq, qardaşlıq münasibətləridir, bütün dövlətlər üçün örnək olan münasibətlərdir və həm qardaşlıq tellərini özündə ehtiva edir, eyni zamanda, gələcək üçün strateji baxışı da müəyyənləşdirir.
Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərdiyi siyasi iradəni, davamlı dəstəyini, F-16 qırıcılarını Gəncədə saxlamasını, kəskin bəyanat və açıqlamaları ilə müharibəyə kənar qüvvələrin qarışmasına imkan verməməsini, eləcə də qələbədən sonra Bakıda keçirilən möhtəşəm Zəfər paradında çıxışını heç zaman unutmayacaq.
Azərbaycan hər zaman Türkiyənin yanındadır. Sevincimiz kimi, kədərimiz, dərdimiz də birdir. 2023-cü il fevralın 6-da baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün qardaş ölkəyə ilk yardım əlini uzadan Azərbaycan oldu. Həmin gün Prezident İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladı: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım etdi: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.
Faciənin ilk anlarından qardaş ölkəyə öz yardımı və dəstəyini əsirgəməyən Azərbaycan sona qədər bu işi davam etdirdi. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən tonlarla humanitar yardım göndərdi. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxil idi. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verildi. Dəhşətli faciənin baş verdiyi saatdan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 725 nəfərlik şəxsi Türkiyəyə göndərildi.
Ölkəmizin başçısının göstərişinə əsasən, Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixdən etibarən Kahramanmaraşda fəaliyyətə başladı. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə onlarla hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olundu.
Bundan başqa, Azərbaycan zəlzələ nəticəsində baş vermiş dağıntıların aradan qaldırılması üçün Türkiyə hökumətinə və türk xalqına maddi dəstək olaraq 100 milyon dollar ayırdı.
Azərbaycan Türkiyədə zəlzələ baş verən bölgədə önəmli layihələr həyata keçirməyi planlaşdırır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT Türk”ə müsahibəsində bildirib. Qeyd edib ki, Azərbaycan 1000 daimi ev tikmək istəyir. Azərbaycan, həmçinin regionda təcili ehtiyac duyulan bəzi mühüm layihələri həyata keçirmək niyyətindədir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Prezident İlham Əliyev və birinci xanımlar Əminə Ərdoğan və Mehriban Əliyevanın iştirakı ilə aprelin 29-da İstanbulda keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalında ölkəmizin başçısı bildirib ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədir: “Qardaş ölkədə yenidən olmağımdan çox məmnunam. Sizə Azərbaycan xalqının səmimi salamlarını gətirmişəm. Bir il öncə “TEKNOFEST” festivalı Bakıda keçirilmişdir və əziz qardaşımla bərabər biz “TEKNOFEST”də iştirak etmişdik. Bu gün mən buradayam. Bu, bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədir. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir. Bir neçə gündən sonra Azərbaycan xalqı çağdaş Azərbaycan dövlətinin banisi, qurucusu Heydər Əliyevin 100 illiyini qeyd edəcək. Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu gün biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”.
“TEKNOFEST” çərçivəsində Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlinin qoyulması mərasimi olub.
Azərbaycan liderinin qardaş ölkəyə səfəri Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
“Anadolu” agentliyi, “yenisafak.com” və “euronews.com” saytı Azərbaycan Prezidenti İlham Əliyevin “Ümid edirəm ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaqdır” və Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisini xatırladaraq, “Bir yumruq” ifadəsi başlığı altında məqalələr türk və ingilis dillərində dərc ediblər. “TRT haber”, “Haber Global”, “Milliyet TV” və digər telekanallar səfərlə bağlı reportajlar yayımlayıb. Həmçinin nüfuzlu “Sabah” qəzetinin və “Ahaber” agentliyinin internet saytında yerləşdirilən “Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” Mərkəzi yaradılacaq” başlıqlı yazıda Prezident İlham Əliyevin çıxışından müxtəlif sitatlar gətirilib.
Təbii ki, Türkiyə-Azərbaycan əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək. İki qardaş ölkə arasında münasibətlərin ölkəmizin başçısının bildirdiyi kimi, bir düsturu var: “Bir millət, iki dövlət”, “Bir yumruq!”.

