Gündəm 

Tarix yaradan şəxsiyyət

Hər bir xalqın tarixi inkişafında mühüm rol oynayan əsaslı amillərdən biri də milli birlik və həmrəylik ideyasıdır. Milli birliyə, həmrəyliyə nail olmayan xalq heç vaxt müstəqil, azad yaşaya bilməz. Bu mənada, dünya azərbaycanlılarını vahid milli ideologiya və həmrəylik ideyaları ətrafında birləşdirən, Azərbaycan xalqının müstəqillik arzularını gerçəkləşdirən, onu əbədi və dönməz edən ümummilli liderimiz Heydər Əliyev dünənimiz, bu günümüz və gələcəyimiz üçün böyük siyasi irs qoyub. 1991-ci il dekabrın 16-da Ulu Öndərimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul olunması bunu bir daha təsdiq edir.Həmrəyliyin, birliyin müsbət nəticələri 1991-1993-cü illər ərzində muxtar respublikada görülən məqsədyönlü işlərdə də özünü qabarıq şəkildə göstərdi. Çünki o vaxt elə bir dövr idi ki, Naxçıvan demək olar dünyadan təcrid olunmuş, işğal təhlükəsi ilə üz-üzə qalmışdı.

Ancaq muxtar respublika sakinlərinin Ulu Öndərimizin ətrafında sıx birləşməsi, müdrik rəhbərin böyük səyləri və şəxsi nüfuzu hesabına Naxçıvanda çox böyük işlər görüldü. Onlardan ən əhəmiyyətlisi isə, heç şübhəsiz, müstəqil dövlətimizin təməl daşlarını təşkil edən mühüm tarixi qərarların qəbul edilməsidir. Bütün bunlar ona görə mümkün olmuşdu ki, həmin dövrdə respublikada hərc-mərclik baş alıb gedirdisə, Naxçıvanda birlik, həmrəylik mövcud idi. Həmin dövrdə ölkəmizin təsərrüfatı, sənayesi dağılmışdısa, Naxçıvanda bu sahələrdə quruculuq işlərinə başlanılmış, torpaq islahatları aparılmışdı. Təsadüfi deyil ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyasının əsas ideoloji xətti də milli birlik, milli həmrəylik, azərbaycançılıq oldu. Bu ideologiya isə real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək məqsədlərinə xidmət edir. Xalqımızın milli-mənəvi dəyərlərindən güc alan azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyinin təmin olunması üçün uğurlu təməl rolunu oynayır. Bu, elə bir ideologiyadır ki, Azərbaycan var olduqca o da var olacaqdır.

Bu gün dünya azərbaycanlılarının həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranıb. Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi gücə çevrilib, onun beynəlxalq aləmdəki nüfuzu xeyli artıb. Bu gün biz dünya azərbaycanlılarının ümumbəşəri və milli-mədəni hüquqlarının, beynəlxalq konvensiyalarda təsbit edilmiş insan haqlarının qorunmasını təmin etmək üçün daha təsirli vasitələrə malikik. Azərbaycanın siyasi rəhbərliyi dünya azərbaycanlılarının Vətənimizə və xalqımıza mənsubluq hissini gücləndirmək, onların ölkəmizin iqtisadi, mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri görür. Bu isə onların milli şüurunu gündən-günə möhkəmləndirir. Odur ki, müxtəlif ölkələrdəki Azərbaycan diaspor təşkilatları soydaşlarımızın təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətlərinin məqsədyönlü xarakter alması naminə daha faydalı iş aparır, ölkəmizi daha yaxından tanıtdırmaq üçün müvafiq tədbirlər həyata keçirirlər.Hər bir azərbaycanlı üçün doğma Vətənimiz ana qucağı kimi isti, ata əli kimi möhkəm və əmin bir məkandır. Bu yüksək dəyərləri bizə aşılayan isə Vətən sevgisi, milli mənsubluq duyğusudur. Bunu yaradan və kütləviləşdirən isə milli ideologiyamız və həmrəylik ideyalarıdır. Nə qədər ki bütün dünyada yaşayan azərbaycanlılar həmrəydir, Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmişik, heç bir qüvvə bizi sarsıda bilməyəcək.

Sevinc Orucova,
YAP Xətai rayonu təşkilatının “Telnov 6” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

Daha çox xəbərlər