Vətən sevgisi və Azərbaycançılıq məfkurəsi
Vətənə, torpağa sevgi, bağlılıq bənzəri olmayan bir duyğudur. Vətən və ana məfhumlarının bərabər tutulması təsadüfi deyildir. Çünki vətənə və anaya qarşı laqeydlik insanın kimliyini unutması, manqurdlaşmasıdır. Hissi və sağlam düşünməyi bacaran insan torpağına bağlı olaraq onu qorumaq üçün hər şeyini, hətta canını belə qurban verməyə hazırdır. Qarabağ savaşı bunun ən bariz nümunəsidir.
I Qarabağ müharibəsində idarəçilikdə səriştəsizlik nəticəsində torpaqlarımızın iyirmi faizi işğal altında qalsa da, vətən sevgisi və torpaqlarımızı yağı tapdağından qorumaq üçün minlərlə qeyrətli oğullarımız silaha sarılaraq doyüşə atılmışdı. Ön cəbhədə vuruşanlar Azərbaycanın müxtəlif bölgələrini əhatə edirdilər. Dinindən, millətindən asılı olmayaraq hər kəsin düşüncəsində bir amal var idi Azərbaycan torpaqlarını qorumaq, onu parçalanmağa qoymamaq. Təsadüfi deyildir ki, həm I Qarabağ müharibəsində, həm də II Qarabağ müharibəsində döyüşənlər, şəhid olanlar arasında müxtəlif dinlərin və etnik qrupların nümayəndələri olan Azərbaycan vətəndaşları vardır. Azərbaycanın dövlət siyasətində və idarəçilik sistemində hər zaman Azərbaycançılıq məfhumu, birlik anlayışları əsas tutulmuşdur. Azərbaycan bu torpaqda, ərazidə yaşayan hər kəsin vətənidir.
Azərbaycanlılar öz vətənləri ilə yanaşı, dünyanın çox yerində məskunlaşmışlar. Harada yaşamalarından asılı olmayaraq, vətəndə baş verən hər bir sevinc və problem ortaq məsələ kimi qarşılanır.
Dünya azərbaycanlılarının birliyini yaratmaq, Azərbaycanın səsini dünyaya çatdırmaq istiqamətində görülmüş mühüm addım Ulu Öndər Heydər Əliyevin hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədr olarkən Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etməsidir. Belə ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində dekabr ayının 31 Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan edildi. Hər il yeni ilin gəlişi ilə yanaşı, 31 dekabr dünyada yaşayan azərbaycanlıların birliyinin, həmrəyliyinin əhəmiyyətini bildirən əlamətdar gün kimi qeyd olunur.
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının sədri