Cəmiyyət 

Vətənini ürəkdən sevən igid

Lənkəranın Cil kəndində boya-başa çatan Heydər Ağahüseyn oğlu Qənbərzadə İkinci Qarabağ müharibəsində Vətən torpağının azadlığı uğrunda özünü fəda edəndə ömrünün 23-cü ilini yaşayırdı. Uşaqlıqdan doğma Azərbaycana ürəkdən bağlanan Heydər adını onun yeni, şanlı tarixini yazanlardan oldu. Məhz öz qanı ilə xalqın 30 illik həsrətinə son qoyan Heydər kimi mərd oğullar heç vaxt unudulmaz, daimi qəlblərdə yaşayacaq. Gələn gənc nəsillər də zaman-zaman onların Vətən sevgisindən nümunə götürəcək.

Heydər Qənbərzadə orta məktəbi bitirib, eşqində, gözündə bir sehrli nur müstəqil həyatını başlayır. Tərbiyəsi, əməksevərliyi, savadı, ən əsası xalqın adət və ənənəsinə böyük ehtiramı el-obada hamı tərəfindən bəyənilir. Qanında Vətən sevgisi olan gənci erməni daşnaklarının Qarabağımıza təcavüzü hər bir qeyrətli oğul kimi hədsiz narahat edir. Ordu sıralarına yola düşəndə əsas amalı düşməndən qisas almaq olur.

Cəbhə bölgəsinə düşən, doğma Azərbaycanına şərəflə, həvəslə xidmət edən Heydər bir an belə tərəddüd etmədən onun uğrunda ölümə atılmağa hazır durur. Bu yanda da hərbi hissədə nümayiş etdiyi vətənpərvərlik nümunələri əsgərlərin qürurunu oxşayır. Cəsur, bacarıqlı əsgər hər dəfə təlimlərə fəal qatılır, yalnız Vətənlə var olduğunu göstərir. Beləcə, Heydər əsgərliyi üzüağ bitirib, həqiqi hərbi xidmət qulluqçusu olaraq çavuş rütbəsində xidməti davam edir. Və vaxtı gələndə işğal olunmuş müqəddəs Vətən torpaqlarının hərbi yolla azadlığı naminə döyüşlərdə ön sırada yer almağı, son nəfəsə qədər vuruşub ölməyi and içir.

İkinci Qarabağ müharibəsi başlanan günü xalqımıza qarşı törətdiyi vəhşiliklərə görə daşnaklara nifrət edən igid döyüşçü göz qırpmadan müharibə meydanına atılır. Haqq savaşımızda göstərdiyi qəhrəmanlığı ilə ordumuzun iftixar mənbəyinə çevrilən Heydər düşmənə qarşısı alınmaz bir kabus olur. Öldürdüyü erməni dığaları ilə bir daha Vətən onun gözündə müqəddəsləşir. 41 gün odun-alovun içində yağıya sarsıdıcı zərbələr endirir, onların arzusunu ürəyində qoyur. Füzuli və Hadrut döyüşlərində elə bir hünərə imza atır ki, yağı üzrə qələbəmizin çatdığı tam bilinir. Onun sonsuz Vətən sevgisi, yüksək döyüş məharəti Şuşanın azad edilməsi uğrunda gedən ağır müharibədə də nümunə olur. Heydər kimi, minlərlə qəhrəmanın tökdüyü qan zəfər sevincinə dönüb əzəli, əbədi yurd yerimiz Qarabağı 30 ildən sonra bizlərə qaytarır. Son nəfəsdə Heydər Qənbərzadə :” Vətən, arzuma çatdım”- deyib əbədiyyətə qovuşur.

Dövlət Vətən, torpaq uğrunda qəhrəmancasına şəhid olan Heydər Qənbərzadəni ölümündən sonra “Vətən uğrunda”, Füzulinin və Şuşanın azadlığına görə medallarına layiq görüb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər