Tarixi Şuşa Bəyannaməsi – İki güclü Liderlərin qardaşlıq birliyi – TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: “Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisə idi”
Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsi burada, Şuşada imzalanmışdır. Bu, tarixi hadisə idi.Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.«Buna baxmayaraq, Azərbaycanla Türkiyə arasında münasibətlər de-fakto müttəfiq münasibətləri idi və biz bunu xüsusi olaraq son iyirmi ildə nümayiş etdirmişdik», – deyə dövlətimizin başçısı vurğulayıb.«Prezident Ərdoğanın Türkiyəyə rəhbərlik etdiyi son iyirmi ildə bizim münasibətlərimiz mənim onunla birgə səylərimiz nəticəsində təkcə qardaş xalqlar arasında deyil, eyni zamanda, müttəfiqlər arasında olan münasibətlərə çevrilmişdir»,-deyən onu da vurğulamışdır ki, biz bunu dəfələrlə nümayiş etdirmişdik. Buna görə, əlbəttə ki, bu, regional inkişafın önəmli amilidir.
TÜRKİYƏ İLƏ AZƏRBAYCAN ARASINDA MÜNASİBƏTLƏRİN QARDAŞLIQ XARAKTERİNİ HEÇ NƏ DƏYİŞMƏYƏCƏK
Prezident İlham Əliyev mayın 3-də Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında söyləyib ki, Türkiyə və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək. Dövlətimizin başçısı onu da vurğulayıb ki, Azərbaycanla Türkiyə nəinki təkcə bu müttəfiqliyin formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdir: «Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib. İstər bu hərbi komponent, enerji, kommunikasiyalar, istərsə də ticarət və sair sahələr olsun».
ŞUŞA BƏYANNAMƏSİ AZƏRBAYCAN–TÜRKİYƏ MÜNASİBƏTLƏRİNİN ƏN YÜKSƏK ZİRVƏDƏ OLDUĞUNU GÖSTƏRƏN MÜHÜM SƏNƏDDİR
15 iyun, 2021-ci il – Türkiyə-Azərbaycan, “Bir millət, iki dövlət”i rəsmiləşdirən, ən əsası isə, tariximizdə ilk dəfə olaraq iki güclü liderlərin – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin işğaldan azad olunmuş Qarabağımızın baş tacı olan Şuşada Müttəfiqlik haqqında Bəyannamə imzalanmasındın iki il ötür. Bu real faktordur ki, tarixi sənədlərin imzalandığı tarix və məkan hər zaman böyük əhəmiyyət kəsb edir. Çünki illər sonra gələcək nəsillər bu tarixi və məkanı tarix kitablarından oxuyarkən məsələnin mahiyyətini və əhəmiyyətini daha dərindən dərk edirlər. Bu mənada Şuşa Bəyannaməsinin siyasi və tarixi əhəmiyyətini izah edən məsələ sənədin imzalanma tarixi, yəni 15 iyun-Milli Qurtuluş Günüdürsə, ikincisi onun Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanmasıdır. Əgər 29 il öncə 15 iyun tarixində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ümummilli lider Heydər Əliyev aldısa, illər sonra Qars müqaviləsinin imzalanmasından iki yüz il sonra eyni gündə Azərbaycanın torpaqlarını düşmən tapdağından azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa Bəyannaməsini imzaladı. Bəyənnamənin əhəmiyyəti ilə bağlı mətbuata bəyanatında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, “Türkiyə ilə Azərbaycan arasındakı bu bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük”. Bu qətiyyətin və birliyin təcəssümünü elə bəyannamənin mətni ilə tanış olarkən aydın görmək mümkündür: “Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur”. Dövlət başçısı bildirib ki, Bir il əvvəl – 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Bu baxımdan da iki il bundan əvvəl imzalanan Şuşa Bəyannaməsinin müstəsna siyasi, iqtisadi, hərbi, elmi, mənəvi və tarixi əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazımdır. İlk növbədə bu sənəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərini daha da gücləndirərək yeni bir mərhələnin əsasını qoydu. Digər tərəfdən Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda belə bir sənədin imzalanması xüsusi rəmzi məna daşıdı. Məlumdur ki, Qars müqaviləsinin ləğv edilməsi ilə bağlı ayrı-ayrı vaxtlarda həm ermənilər, həm də onlara havadarlıq edən qüvvələr fikirlər səsləndirmiş və bunun üçün cəhdlər göstəriblər. Lakin Şuşada imzalanan Bəyannamə bu məsələni tarixin arxivinə göndərdi.
HƏR İKİ LİDERİN ŞUŞA BƏYANNAMƏSİNƏ İSTİNAD ETMƏLƏRİ BİRLİK, QARDAŞLIĞIN TƏSDİQİDİR
Prezident İlham Əliyevin dediyi kimi: “Birgə Bəyannamə – Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır”. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti, həyata keçirdikləri siyasət iki qardaş dövlət üçün deyil, həm də Türk dünyasi, region və dünya üçün tarixi hadisədir. 15 iyun Azərbaycan tarixində ikinci dəfə xüsusi bir mahiyyət daşıyan günə çevrildi. Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Bu layihə nəinki bölgə, region üçün, həm də dünya üçün vacib və mühüm əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi Cənub-Şərqi Avropada və Qafqazda iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı və regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir. Həmçinin, istər ötən il Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan”, istərsə də “TEKNOFEST-Türkiyə»də keçirilən möhtəşəm tədbir, hər iki liderin «Şuşa Bəyannaməsi”nə istinad etmələri, birlik, qardaşlıq mesajları vermələri bu fikirləri bir daha təsdiq edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.
ŞUŞA BƏYANNAMƏSİ BÜTÜN DÜNYANIN BARIŞMALI OLDUĞU TARİXİ GERÇƏKLİKDİR
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir. Çünki bu gün Azərbaycanla Türkiyə arasındakı münasibətlərin dünyada analoqu yoxdur. İstər 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana, Türkiyənin də çətin günlərdə Türkiyənin yanında olmaları, qətiyyətli siyasi və mənəvi dəstəyi bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının təntənəsinin nümayişi idi. Və müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi hər iki ölkə ilə yanaşı, ən əsası, region üçün yeni tarixi gerçəklik deməkdir.Dövlət başçımızın dediyi kimi: «Bu gün müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı öz-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır».Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi: «Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük».Bir sözlə, Şuşa Bəyannaməsi bütün güclərin qəbul etməli olduğu tarixi gerçəklikdir. Dövlət başçımızın mayın 3-də Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında söylədiyi kimi: “Türkiyə ilə Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək!”.
RƏFİQƏ HÜSEYNOVA

