Bərdədə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Sən elə bir zirvəsən” adlı hesabat konserti keçirilib-VİDEO
Bərdə rayon Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Sən elə bir zirvəsən” adlı hesabat konserti keçirilib.
Bərdə şəhər şəhid F.Quliyev adına 2 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə baş tutan konsert Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Hesabat konsertində cari tədris ili ərzində məktəbin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Konsertdə respublika və beynəlxalq müsabiqələrin qalibləri ilə yanaşı səhnədə ilk addımlarını atan şagirdlər də iştirak ediblər. Şagirdlərin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi nömrələri təqdim olunub.
Sonda 2022/2023-cü tədris ili ərzində uğurlu pedaqoji fəaliyyətinə görə məktəbin bir qrup müəllimi, həmçinin keçirilən müsabiqə və festivallarda uğurlu iştirakına görə məktəbin şagirdləri Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən təltif olunublar.

