Prezident Ərdoğanın Azərbaycana dövlət səfəri ölkələrimizin daha möhtəşəm gələcəyə birgə addımlamasının göstəricisidir – Sahil Kərimli
Azərbaycanla Türkiyə Türk dünyası üçün şanlı tarix yazmaqda davam edir və bu möhtəşəm qardaşlıq əlaqələri bütün dünya üçün bir nümunədir. Əlbəttə ki, bizi ortaq tarixi köklər, qədim ənənələr bağlayır. Amma son illərdə Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırıb.
ARANTV.AZ bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli söyləyib.
Onun sözlərinə görə, bu gün haqlı olaraq deyə bilərik ki, dünyada Türkiyə və Azərbaycan kimi yaxın olan ikinci bir ölkə tapmaq bəlkə də mümkün deyil. Çünki Türkiyə və Azərbaycanı hansısa ortaq maraqlar, təmənnalar, siyasi və iqtisadi dividentlər deyil, səmimi qardaşlıq bağları birləşdirir. Bu səbəbdən də ölkələrimiz arasındakı birlik durmadan möhkəmlənir və bu, münasibətlərimizi daimi və əbədi edir.
Siyasi şərhçi diqqətə çatdırıb ki, R.T.Ərdoğanın növbəti dəfə Türkiyə Prezidenti seçildikdən sonra ilk səfərini Azərbaycana etməsi, onun yüksək mehribanlıq və səmimiyyətlə qarşılanması, keçiriləcək görüşlər, əldə ediləcək yeni razılaşmalar çox böyük əhəmiyyətə malikdir.
“Əminliklə demək olar ki, tarixə əbədi dostluq və qardaşlıq münasibətləri kimi düşən Türkiyə-Azərbaycan əlaqələri daha möhtəşəm gələcəyə doğru irəliləyir”, – deyə Sahil Kərimli vurğulayıb.

