Cəmiyyət 

Qanları ilə tarix yazan igidlər – FOTO

Şəhidlərin anım tədbiri keçirilib

Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr var ki, heç vaxt unudulmur. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə qanları ilə tarix yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğullarımız heç zaman yaddaşlardan silinməyəcək. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayır və yaşayacaq. Vətən, millət yolunda canlarını fəda edənlər hər zaman hörmətlə anılacaq.

Unudulmayan igid oğullarımızdan biri olan Yaqub Məhəmməd oğlu Nəcəfovdur. Şəhidimizin doğum günü Culfa şəhərində məzarı üzərində qeyd edilib. Mərasimdə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, Vətən müharibəsinin iştirakçıları, şəhid ailələri və Culfa şəhər sakinləri iştirak ediblər.

Anım mərasimində Müzəffər ordumuzun 44 günə qazandığı şanlı zəfərlə bütün şəhidlərimizin qisasının alındığını söyləyən Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ruslan Cəfərov bildirib ki, 2000-ci il tarixində Culfa şəhərində anadan olan şəhid Yaqub Cəbrayıl, Füzuli, Zəngilan torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə qəhramanlıq göstərib. Yaqub Nəcəfov xidmət etdiyi bölüklə Qarabağın cənnət guşəsi Şuşanın azad olunmasında fəal iştirak edib. 2020-ci il 9 noyabrda Şuşada şəhadətə yüksəlib. Şəhid leytenant Yaqub Nəcəfov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhid atası övladına verilən bu yüksək qiymətə, bütün şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.

Torpaqlarımızın işğaldan azad olunmasında canını qurban verib şəhadətə yüksələn qəhrəmanlarımızdan biri də şəhid Hafis Qasımovdur. Şəhidimizi doğum günü rayonun Camaldın kəndində məzarı başında qeyd edilib. Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ruslan Cəfərov, şəhidin ailə üzvləri və kənd sakinləri anım mərasimində iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildirib ki, Hafis Qasımov 1998-ci il iyulun 18-də anadan olub. 2004-2012-ci illərdə Camaldın kənd tam orta məktəbində, 2012-2015-ci illərdə isə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. O, hərb təhsilnini bitirdikdən sonra Beyləqan rayonunda yerləşən “N” hərbi hissələrin birində leytenant rütbəsində xidmətə başlayıb.

Qeyd olunub ki, leytenant Hafis Qasımov 2020-ci il sentyabrın 27-də işğal altında olan ərazilərimizin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşdə igidcəsinə şücaət göstərib. O, oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Qəhrəman şəhidimiz ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib. Sonda şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib. Şəhidlərimizin xatirəsinin yad olunmasını bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndiriblər.

Səriyyə Salahova,
Culfa Rayon Mədəniyyət Sarayının direktoru

Daha çox xəbərlər