19 iyul 2022: Qarabağa ilk köçün başlandığı tarix
44 günlük müharibəni şanlı Qələbə ilə başa çatdırdıqdan sonra Azərbaycan dövlətinin qarşısına qoyduğu milli prioritetlərdən biri də işğaldan azad etdiyi torpaqlara tezliklə Böyük Qayıdışı gerçəkləşdirmək idi. Buna görə də Vətən müharibəsindən dərhal sonra tarixi ərazilərimizdə geniş quruculuq və bərpa işlərinə start verildi. Qarabağa və Şərqi Zəngəzura yenidən həyatın qaytarılması üçün birbaşa dövlət başçısı İlham Əliyevin şəxsi nəzarəti və diqqəti altında bu ərazilərdə dünyada misli görünməmiş meqalayihələrin icrasına başlanıldı. Prezident İlham Əliyevin Tarixi Zəfərdən ötən üç ilə yaxın bir müddət ərzində mütəmadi olaraq işğaldan azad edilən ərazilərə səfərlər etməsi, erməni vəhşilərinin yerlə-yeksan etdiyi qədim şəhərlərimizin yeni bünövrələrini qoyması, yeni yolların, tunellərin, beynəlxalq hava limanlarının təməllərini atması, bütün infrastrukturu başdan yaratması Böyük Qayıdışın tezliklə reallaşdırılmasına mühüm təkan verdi.

Nəticədə xalqımızın çoxdan gözlədiyi tarixi an yaşandı, Böyük Qayıdışın ilk uğurlu addımları atıldı. 2022-ci il iyulun 19-dan etibarən Zəngilanın Ağalı kəndinə əhalinin dörd mərhələdə köçürülməsinə başlanıldı, Zəngilanın “ağıllı kənd” konsepsiyası əsasında qurulmuş Ağalı kəndi sakinlərin ixtiyarına verildi.

Ötən il mayın 27-də “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində dövlət başçısı İlham Əliyev bütün Azərbaycan xalqına müjdə verərək söyləmişdi: “Bu gün Böyük Qayıdış dediyimiz prosesə start verildi. Böyük Qayıdışın birinci kiçik addımı, bax bu gün atılır”. Şanlı Zəfərimizin ardınca xalqımıza verilən bu xoş xəbərdən sonra, yurd həsrətli soydaşlarımız od-ocaqlarına dönəcəyi zamana sayılı günlər qalmasının təsvirəgəlməz sevincini yaşadılar. Çox keçmədən Zəngilanın Ağalı kəndinin sakinləri illərlə arzuladıqları bu xoşbəxtliyi yaşadılar, doğma kəndlərinə qovuşdular.

İyulun 19-dan etibarən Zəngilanın Ağalı kəndinə əhalinin dörd mərhələdə köçürülməsinə start verildi. Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən dördüncü köç karvanı isə ayın 25-də Ağalıya yola salındı. Daha 10 ailə – 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşdılar.

Beləliklə, Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi uğurla başa çatdırıldı. Məcburi köçkünlərin 13 ailədən (62 nəfər) ibarət növbəti qrupu sentyabr ayında yola salındı. Böyük Qayıdışa uyğun olaraq ikinci mərhələdə 25 ailənin 125 nəfər üzvü Ağalı kəndinə yola düşdü.

Kənddə innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. Növbəti mərhələ çərçivəsində 150 evin tikilməsi nəzərdə tutulur. Hazırda kənddə enerjiyə tələbat alternativ enerji mənbələri vasitəsi ilə təmin olunur. Bununla yanaşı doğma yurda qayıdan insanların rahatlığını təmin etmək məqsədilə kənddə Smart DOST, ASAN, Azərpoçt, Kiçik və orta biznesin inkişafı mərkəzləri fəaliyyət göstərir. Ağalıda aqrar sektorun inkişafına da xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb.

Növbəti qayıdış sevincini laçınlılar yaşadı. Belə ki, bu il mayın 28-də laçınlılar böyük qürur və sevinc hissi ilə 31 ildən sonra öz torpaqlarına qovuşdular. Elə həmin günü dövlət başçısı Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərinin açarlarını onlara təqdim etdi. Məhz Azərbaycanın Müstəqillik Günündə bu addımın atılması heç də təsadüfi deyildi. Çünki laçınlılar uzun ayrılıqdan sonra azad, müstəqil Laçına qayıtmışdılar. Ölkə başçısı da laçınlılarla görüşü zamanı nitqində bu məsələyə toxunaraq demişdir: “Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır”.
İyunun 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salındı: daha 22 ailə – 72 nəfər doğma yurda dönüşün sevincini yaşadı. Onlar Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşdılar. Ölkə başçısının tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. Dünən – iyulun 18-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 18 ailənin – 73 nəfərin köçürülməsi reallaşıb. Bununla da Laçın şəhərində 111 ailə, yəni 424 nəfərin daimi məskunlaşması təmin edildi. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizi minnətdarlıqlarını bildirdilər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad etdilər. Qeyd edək ki, Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində doğma yurd yerlərinə – Laçın şəhərinə köçürülən sakinlərin də aktiv məşğulluq proqramları ilə əhatə olunması üçün artıq işlərə başlanılıb.
Göründüyü kimi, iki il yarım ərzində Qarabağ və Şərqi Zəngəzur ən inkişaf etmiş bölgəyə çevrilməkdədir. Təsadüfi deyil ki, 30 yaşayış məntəqəsinin – 8 şəhər, 22 qəsəbə və kəndin təməlqoymasında şəxsən dövlət başçısı iştirak edib. İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışı zamanı ölkə başçısı bildirib: “…hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir. Bütün güclərimizi səfərbər etmişik. Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etmişik. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə – bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Mən şəxsən 30 yaşayış məntəqəsinin – 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etmişəm. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır”.
İşğaldan azad olunmuş ərazilərin sürətlə bərpa edilməsi, Böyük Qayıdış proqramının uğurla reallaşdırılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, Azərbaycan dövlətinin gücünün və qüdrətinin əyani göstəricisidir.

Dövlət başçımızın da söylədiyi kimi, ilk növbədə, infrastruktur layihələri icra olunur. Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Bu, bərpa prosesinin miqyasının böyüklüyünü göstərir. Həmçinin, Azərbaycan heç bir yerdən yardım almadan, öz maliyyə imkanları hesabına Böyük Qayıdış Proqramını uğurla icra edir: “Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik. Onu da bildirməliyəm ki, görülən bütün işlər Azərbaycan hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir.”
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Böyük Qayıdış I Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamıdır, strateji hədəflərə çatmaq üçün, eləcə də bundan sonra həyata keçiriləcək tədbirlərin mükəmməl yol xəritəsidir və müstəqil Azərbaycan tarixinə Qarabağın yenidən qurulmasını tənzimləyir. Sənəddə qeyd olunan planlara əsasən, 2026-cı ilədək Qarabağ və Şərqi Zəngəzura 10 min 270 ailə, 2027-ci ilə qədər – 34 min 500 ailə köçürüləcək. 2027-ci ilədək burada 34,5 min mənzil və fərdi yaşayış evi inşa ediləcək. Bu vaxta qədər Qarabağ və Şərqi Zəngəzurda hərbi infrastruktur möhkəmləndiriləcək, burada, həmçinin enerji, nəqliyyat, idman, sosial və digər infrastruktur inşa olunacaq.
Sevinc Azadi, “İki sahil”





















