Dünyaya örnək
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri Ulu Öndər Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” devizinə və tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. Qardaş Türkiyə ilə iqtisadi əlaqələrimiz dərin tarixi köklərə dayansa da, bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf edir.
Azərbaycan ilə Türkiyə arasında hazırda tranzit-logistika, gömrük, İKT, ticarət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi, ərazilərimizin işğaldan azad edilməsi ilə əlaqədar yaranmış yeni reallıqlara uyğun olaraq iqtisadi əlaqələrin daha da inkişafı yönündə layihələrin reallaşdırılması diqqət mərkəzində saxlanılır. Bunlarla bərabər, iki dövlət arasında Preferensial Ticarət Sazişinə əsasən, qarşılıqlı ticarət həcminin və məhsul çeşidinin artırılmasına xüsusi önəm verilir.
Bu gün Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki ölkənin birgə ticarət dövriyyəsi getdikcə yüksəlir. Təkcə ötən il qardaş ölkələr arasında ticarət dövriyyəsinin 5 milyard 842 milyon dollar təşkil etməsi bunun bariz ifadəsidir. Bu göstərici respublikamızın ticarət dövriyyəsinin 11,1 faizi deməkdir. Həmin rəqəm isə Türkiyənin İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmasını deməyə əsas verir.
Azərbaycanın ixrac–idxal proseslərində də qardaş ölkə xüsusi rol oynayır. Respublikamızın keçənilki ixracının 9 faizinin, idxalın isə 16 faizinin Türkiyə ilə bağlı olması məhz bunun bariz ifadəsidir. Türkiyə ilə ticarətdə Azərbaycan müsbət saldo əldə edir. Belə ki, hazırda Azərbaycanın Türkiyə ilə ixracı 3,5 milyard dollara, idxalı isə 2,3 milyard dollara çatır. Beləliklə, 1,2 milyard dollarlıq müsbət saldo yaranır.
Türkiyə son illərdə Azərbaycana yatırılan investisiyaların və Azərbaycanın yatırdığı sərmayələrin həcminə görə də önəmli yer tutub. Mərkəzi Bankın məlumatına görə, 2022-ci ildə qardaş ölkədən Azərbaycan iqtisadiyyatına 1 milyard 187 milyon dollar dəyərində birbaşa investisiya cəlb edilib. Bu göstərici ilə Türkiyə Böyük Britaniyadan sonra Azərbaycana ən çox yatırım edən ölkə adını qazanıb.
Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyalara görə, Türkiyə birinci yeri tutur. Ötən il Azərbaycandan Türkiyə iqtisadiyyatına 247 milyon dollar sərmayə qoyulub. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) indiyədək Türkiyənin neft-kimya sənayesinə 18 milyard dollar yatırıb. Təkcə ötən il Türkiyədə Azərbaycan sərmayəli 56 şirkət qurulub.
Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələr həm də çoxtərəfli strateji əhəmiyyətli əməkdaşlığı əhatə edir. Bu özünü daha çox enerji-nəqliyyat qovşaqlarını nəzərdə tutan layihələrlə büruzə verir. Bu layihələr 1994-cü ildə “Əsrin müqaviləsi” ilə qəbul edilən neft axtarış-kəşfiyyat işləri ilə başlayıb, sonrakı illərdə isə genişlənib.
Azərbaycan və Türkiyənin də tərəfdaş olduğu nəhəng regional layihələrə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP misal göstərilə bilər. Bu layihələr regionda iqtisadi inteqrasiyanın güclənməsində, enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.
Bu beynəlxalq nəqliyyat və enerji layihələri Azərbaycan ilə Türkiyənin regionda mövqeyinin güclənməsində, beynəlxalq daşımalarda məsafə və daşıma müddətinin qısaldılmasında, strateji əhəmiyyətinin artmasında, regional enerji təhlükəsizliyinin təminatında, bu ölkələrin tranzit və ticarət əməliyyatları ilə yanaşı, digər sahələrdə gəlirlərin artımında, məşğulluğun həllində və əhalinin rifahının yüksəldilməsində əhəmiyyətlidir.
Hazırkı iqtisadi tərəfdaşlıq Türkiyə və Azərbaycanın həm ölkə, həm də region miqyasında nüfuzunun və iqtisadi gücünün artımında əhəmiyyətli rol oynayır. Türkiyə ilə sıx iqtisadi münasibətimizin böyük inkişaf potensialı var. Hər iki ölkə lideri tərəfindən mövcud iqtisadi əlaqələrin inkişafı üçün böyük səy göstərilir.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev ayrı-ayrı çıxışlarında azad edilən ərazilərin bərpası prosesindən danışarkən bu məsələdə dost ölkələrin fəaliyyətinə daha çox diqqət yetiriləcəyini xüsusi vurğulayıb. Ölkə rəhbəri bu zaman qardaş Türkiyənin Azərbaycana münasibəti barədə xüsusi danışıb, bu dövlətin Vətən müharibəsinin ilk günlərindən haqq işimizə böyük dəstək verdiyini xatırladıb. Bütün bunlardan sonra təbii ki, qardaş ölkə Qarabağın bərpasında da köməyini əsirgəməyib. Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələrinin, yollarının tikintisində türk şirkətləri fəal iştirak edirlər. Bu isə Türkiyə ilə əlaqələrimizin genişləndirilməsində yeni perspektivlər vəd edir.

