Cəmiyyət 

Xoruzun görünən quyruğu

Və yaxud Araikin çin olmayan xam xəyalları

Azərbaycan Prezidenti İlham Əliyev  dəfələrlə separatçı rejimi özünü buraxmağa və təslim olmağa çağırıb. Təslim olacaqları təqdirdə onlara aministiyanın şamil oluna biləcəyini istisna etməyib. Azərbaycan rəhbərinin bu tələbi və ona ABŞ, Avropa İttifaqı və dünyanın digər ölkələrindən gələn dəstək separatçıları təşvişə salıb. Separatçılar Prezident İlham Əliyevin tələblərini yerinə yetirməyəcəkləri təqdirdə Azərbaycanın antiterror əməliyyatlarına başlayacağından çəkinirlər.  Odur ki, buradakı separatçılar öz xislətlərinə  uyğun olaraq yenə vay-şivən qoparmaqda davam edirlər. Hətta Xankəndidəki erməni separatçı tör-töküntüləri bu və ya digər bəhanələrlə Azərbaycan əleyhinə qanunsuz aksiyalar, yürüşlər keçirirlər. Aksiyalara qatılanlar Rusiya sülhməramlılarının rəhbərliyindən, Beynəlxalq Qızıl Xaç Komitəsindən, eləcə də digər qurumlardan Laçın yolunun açılmasına şəraitin yaradılmasını tələb edirlər.

Srağagün isə qondarma rejimin qondarma prezidenti Araik Arutyunyan da videomüraciətində bu vay-şivəni dilə gətirib. İftiralardan ibarət olan həmin müraciətdə baş separatçı guya Azərbaycanın Qarabağ ermənilərini blokadada saxlamasından, bu səbəbdən onların vəziyyətinin gündən-günə pisləşməsindən, “acından ölmələrindən”, ermənilərə qarşı “etnik təmizləmə” siyasəti aparmasından, beynəlxalq hüququn normalarına əməl etməməsindən, həmçinin məlum Bəyanatın müddəalarını yerinə yetirməməsindən gileylənib. Beynəlxalq aləmi köməyə çağıran bu avantürist çıxışını təhdidlə, sərsəm ultimatumla  tamamlayıb: “Əgər bir həftə ərzində Artsax xalqının vəziyyəti beynəlxalq müdaxilə ilə az-çox stabil və normal vəziyyətə qayıtmasa, onda biz bundan sonra həm Artsaxda, həm də ondan kənarda daha sərt tədbirlərə əl atacağıq”. Şübhəsiz, Araik sərt tədbirlər dedikdə təxribatları nəzərdə tutur.

Halbuki Azərbaycan Ağdamdan humanitar yardımları təmin etmək istəyini dəfələrlə dilə gətirib. Elə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında bu məqama da toxunub: “ Mən Azərbaycanın Ağdamdan humanitar yardımları təmin etmək istəyini də qeyd etdim”.

Yeri gəlmişkən qeyd edək ki,  Xankəndidən Ağdama cəmi 36 kilometrdir. Xankəndidən İrəvana isə məsafə bundan təxminən 10 dəfə çoxdur. Xatırladaq ki, imperiya dönəmində Qarabağın bütün kommunikasıyaları, habelə nəqliyyat ehtiyacları (həm sərnişin, həm də yük daşınması) Ağdam üzərindən həyata keçirilib. Hətta Rusiya sülhməramlıları üçün nəzərdə tutulan yüklər də bu yolla təyinat nöqtəsinə çatdırılıb. Yəni,  Xankəndiyə ən qısa və rahat yol məhz Ağdamdan keçir. Bu fakt da bir daha sübut edir ki, elə indi də logistika baxımından Ağdam-Xankəndi yolu Laçın marşrutundan daha əlverişlidir, həm də səmərəlidir.

Əgər vəziyyət belə mürəkkəbdirsə, Xankəndiyə və digər ətraf ərazilərə gediş-gəliş, humanitar təyinatlı yüklərin çatdırılması üçün Bərdə-Ağdam-Xankəndi yolundan istifadə edin. Bəs niyə həmin yoldan yararlanmaq istəmirsiniz? Digər tərəfdən, axı niyə Azərbaycan ərazisi kimi tanınan Qarabağda yaşayan bir ovuc erməni məhz İrəvanda müalicə olunmalıdır? Halbuki Azərbaycanda kifayət qədər müasir tələblərə cavab verən müalicə ocaqları var.

Baş separatçı çıxışında dolayısı ilə bütün bunlara da aydınlıq gətirib. Bildirib ki, biz öz vətənimizdə ləyaqətli yaşamaq və öz müqəddəratını təyin etmək kimi ayrılmaz hüququmuzun həyata keçirilməsi, tanınması və qorunması üçün mübarizə aparırıq. Bu yerdə deyiblər də… Xoruzun quyruğu göründü. Yəni, separatçıların Laçın sərhəd-buraxılış məntəqəsi adı altında mitinq, nümayişlər təşkil etmələri, eləcə də Araikin sərsəmləməyi heç də onların humanitar məqsədlərindən irəli gəlmir. Araikin də etiraf etdiyi  kimi, əgər belə demək mümkünsə, dava yorğan davasıdır. Yəni, separatçılar sadəcə işğalçılıq xəyallarının puç olmasının, gorbagor olmuş,  cəhənnəmə göndərilmiş statusun davasını edirlər.  Halbuki 44 günlük müharibədə tarixi Zəfərindən sonra Azərbaycan tərəfindən bölgədə yaradılmış yeni reallıqlar fonunda bu kimi xəyallara düşmək absurddur.  Prezident İlham Əliyevin bildirdiyi kimi, heç bir status haqqında söhbət gedə bilməz: ”Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var”. Bu mənada bu kimi addımlar, çağırışlar  Xankəndiyə yaxşı heç nə vəd etmir. Separatçılar üçün Qarabağda yaşamağın yeganə yolu Azərbaycan Bayrağına ehtiram göstərmək və onun qanunlarına tabe olmaqdır! Necə deyərlər, başqa yol yox artıq!!!

Daha çox xəbərlər