Cəmiyyət 

Gözəlləşən və abadlaşan Laçın

Qısa müddətdə bu şəhərdə 111 ailənin, yəni 424 nəfərin daimi məskunlaşması təmin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

İyulun 18-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 18 ailənin – 73 nəfərin köçürülməsi reallaşıb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər. Bununla da Laçın şəhərində 111 ailənin, yəni 424 nəfərin daimi məskunlaşması təmin edilib.

Böyük Qayıdış Proqramı üzrə görülən işlər çərçivəsində doğma yurd yerlərinə – Laçın şəhərinə köçürülən sakinlərin də fəal məşğulluq proqramları ilə əhatə olunması üçün işlərə başlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanlarının qiymətləndirilməsi üçün onlarla görüşlər keçirilir.

Artıq 38 ailə ilə görüşlər keçirilərək qiymətləndirmə aparılıb, onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilib. Bu əsasda növbəti mərhələdə Laçın sakinlərinin münasib vakansiyalar üzrə işlə təminatı, özünüməşğulluq proqramına cəlbi, eləcə də sakinlərdən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurslarının təşkili işləri aparılacaq. Laçında fəaliyyət göstərən işəgötürənlərlə birgə müxtəlif dəstək proqramlarının həyata keçirilməsi də planlaşdırılır. Bu şəhərin sakinlərinə dəstək məqsədilə yaradılacaq (qida, sənaye, yaradıcılıq, tədris, turizm, tekstil və digər xidmətlər) müəssisələrdə 1200 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Hazırda 260 nəfər Laçın şəhər sakinləri təlimlərə cəlb olunaraq işə qəbul olunub.

Laçında infrastruktur və yaşayış binaları ən yüksək beynəlxalq standartlara uyğun bərpa olunub. Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Böyük Qayıdış layihəsi, o cümlədən Laçın şəhərində həyata keçirilən abadlıq-yenidənqurma işləri haqqında danışıb: “Mən Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq. Biz bu sahədə görüləcək işləri daim diqqət mərkəzində saxlamalıyıq. Mənim gündəlik fəaliyyətimdə bu məsələ bu gün birinci yerdə dayanan məsələdir və biz daim bütün işlərə nəzarət edirik.”

“Azərişıq” ASC Laçın şəhərində məskunlaşan vətəndaşları fasiləsiz dayanıqlı elektrik enerjisi ilə təmin edir. Laçının mərkəzində yerləşən evlər, dövlət əhəmiyyətli obyektlərə yeni yeraltı 0,4 kV-luq xətlər çəkilib. Həmçinin Laçın rayonu ərazisində olan bütün 35 və 0,4 kV-luq xətlər də yeraltı xətlərlə əvəz olunur. Ümumilikdə rayon mərkəzi ilə yanaşı, ən ucqar kəndlərdə belə elektrik şəbəkəsi tamamilə yenilənir. 110/35/10 kV-luq Laçın yarımstansiyasından 35 kV-luq yeraltı dairəvi xətt çəkilir ki, bunun sayəsində rayonun istənilən ərazisinə elektrik enerjisi vermək mümkün olacaq. Həmçinin Laçınla Kəlbəcər rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxeminin yaradılması üzrə işlər davam edir.

Daha çox xəbərlər