Rənglərin dəyişdiyi, ruhun yeniləndiyi məkan FOTO
Əsrarəngiz təbiəti, şəfaverici bulaqları, termal suları, füsunkar şəlalələri ilə tanınan bölgələrimizdən biri də Qax rayonudur. Təsadüfi deyil ki, rayon ərazisində fərqli ölçüdə və hündürlükdə 10-dək şəlalə var, onların hər biri öz gözəlliyi ilə seçilir.
AZƏRTAC xəbər verir ki, belə şəlalələrdən biri də Ləkit kəndi ərazisində, dağların ətəyində, eyniadlı çayın sağ sahilində yerləşən Mamırlı şəlaləsidir.

Xalq arasında bu şəlaləyə həm də Damcılı şəlalə deyilir. Yaşı qədimlərə söykənir. Qayalardan süzülərək axan su şəlalənin ərazisində süxurlar yaradıb, onların üzərini isə mamır örtüb. Sanki qaya-süxurların üzərinə yaşıl xalı sərilib.
Qaxın Ləkit kəndi Böyük Qafqazın ətəklərində yerləşir. Bu kəndin tarixi kimi təbiəti də əsrarəngiz və zəngindir. Yolçusu olduğumuz mamırlı şəlalə də onlardan biridir. Kəndin mərkəzindən şəlaləyə avtomobillə getmək istəsəniz cəmi yarım saat vaxtınız gedəcək. Lakin pay-piyada getmək istəyənlər də az deyil. Səhər saat 10-dan sonra şəlalə yolu yavaş-yavaş “canlanır”. Avtomobillə bir qədər gələndən sonra sizi ensiz dağ yolları və çayların şırıltısı müşayiət edəcək. Dağ cığırları ilə piyada getdikcə qarşıya göz oxşayan mənzərələr çıxır.

Yolumuza davam edirik. Dağ cığırları ilə irəlilədikcə sağ-solumuzda istirahət guşələri ilə qarşılaşmaq mümkündür. Burada, həmçinin kənd sakinlərindən müalicəvi bitkilər, çay dəmləmək üçün ətirli çiçəklər, eləcə də münasib qiymətə bal, mürəbbə, bəkməz və digər məhsullar da almaq olar.

…Şəlalənin səsi gəlir. Yaxınlaşdıqca gözlərimiz önündə canlı təbiət abidəsi -başqa bir aləm canlanır. Ətrafı insanlarla doludur. Dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşən Mamırlı şəlaləsinin eni 30, hündürlüyü isə 15 metrdir. İyirmi ilə yaxındır ki, bura təbiət abidəsi kimi qorunur.
Bura gələnlərdən birinə – Babək Nəsibzadəyə yaxınlaşırıq. Deyir ki, indiyədək bir neçə dəfə Qax rayonunda olub, lakin Mamırlı şəlaləsinə ilk dəfədir gəlir. “Bu yer barədə dostum məlumat verdi, məni gətirdi. Çox gözəl mənzərədir. Həqiqətən də gəlməyə dəyərmiş”, – deyir müsahibim.

Qayalardan süzülüb gələn suyun şırıltısı, ətrafa sıçrayan su damcıları insana xoş əhvali-ruhiyyə bəxş edir. Kimi selfi çəkir, kimi şəlalənin altında islanır. Zaqataladan qonaqları ilə birgə şəlaləyə gələn Nuranə Həsənovanın sözlərinə görə, onlar hər yay bura səfər edirlər. Əsasən də qonaqlarını bu yerə gətirir, Mamırlı şəlaləsini, gözəl təbiəti göstərirlər.

Mamırlı şəlaləsini görüş yeri kimi seçənlər də az deyilmiş. Onlardan bir qrupu ilə qarşılaşdıq. Məlum oldu ki, sinif yoldaşları hər il yay aylarında eyni gündə bu məkanda bir araya gəlirlər. Bakı sakini Dünya Məmmədovadan təəssüratlarını bölüşməsini xahiş edirik. Deyir ki, onlar orta məktəbi bitirən il bu məkana toplaşıblar və hər il Mamırlı şəlaləsində bir araya gəlməyə söz veriblər. Ona görə də hər il bu yerdə görüşür, xoş xatirələri yada salırlar.
Əfsanə Əhmədova da sinif yoldaşının fikirlərini davam etdirərək bildirir ki, bu il onlar məktəbi bitirmələrinin 18 illiyini qeyd edirlər. Çalışırlar ki, ənənəni yaşatsınlar.

Bu ərazilər sıx meşə və hündür ağaclarla örtüldüyündən günəşin təsiri hiss olunmur. Əgər Ləkit kəndində havanın temperaturu 25-30 dərəcə göstərirsə, bu məkanda 20 dərəcə olar, ya olmaz. Yol boyu Ləkit çayının gur səsi isə insanlara başqa bir rahatlıq bəxş edir. İnsan nə qədər bu möhtəşəm mənzərəni seyr eləsə də, doymaq bilmir. Burada saatların neçə keçdiyini də hiss etmirsən. Lakin getmək zamanı da var, qayıtmaq ümidi ilə…

