Hadisə 

Avtomobil qatarla toqquşub, xəsarət alanlar var: DİN araşdırmalara başladı – YENİLƏNİB

Bərdə-Yevlax dəmiryolu xəttində “Chevrolet” markalı avtomobilin dəmiryol keçidində manevr qaydalarını pozması səbəbindən teplovozla toqquşması faktı ilə bağlı polis araşdırmalara başlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, araşdırmanı qurumun Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryolu Nəqliyyatında Polis İdarəsi aparır.

Qeyd olunub ki, qəza nəticəsində avtomobilin sürücüsü və maşında olan bir nəfər sərnişin xəsarət alıblar.

Hadisənin səbəbinin aşkar edilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

08:46

25 iyul saat 03:50-də “Azərbaycan Dəmir Yolları”na (ADY) məxsus teplovoz Bərdə-Yevlax mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 32-BC-687 olan “Chevrolet Cruze” markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Maşinist tərəfindən təcili tormozlanma aparılsa da, tormoz məsafəsi az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində avtomobilin sürücüsü və sərnişini xəsarət alıblar, yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar.

“ADY olaraq bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının “Yol-Hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmiryolu keçidlərində qatara yol verməklə hərəkətlərini davam etdirməyə çağırırıq”, – deyə QSC-dən bildirilib.

Daha çox xəbərlər