Gündəm 

Beynəlxalq auditoriyaya çıxmaq sənaye inqilabının təbliğidir

“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda qeyd olundu ki,   sənaye inqilabı  qabaqcıl təcrübələrin , yeniliklərin öyrənilməsində, təbliğində    KİV-lərin birgə fəaliyyətini də  təkmilləşdirəcək

Qüdrəti , siyasi səriştəsi ilə  özünün açdığı cığırla qətiyyətlə addımlayaraq daha geniş yola çıxan Prezident İlham Əliyevin iştirakı ilə   26 fevral 2021-ci ildə, Xocalı soyqırımı günündə   yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransı tarixi hadisə kimi yaddaşlarda qaldı. Ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından  ilk dəfə olaraq geniş auditoriyada  4 saatdan çox davam edən mətbuat konfransında dünyanın  35-dən çox media nümayəndəsinin 50-yə yaxın sualını cavablandıran Prezident İlham Əliyev   regionda sabitliyin bərpası ilə bağlı  dövlətimizin qarşısında duran konkret istiqamətləri də  göstərdi.

İyulun 21-də  «4-cü Sənaye İnqilabı dövründə Yeni Media”» mövzusunda Şuşa Qlobal Media Forumunda mühüm əhəmiyyətə malik  ənənəsini davam etdirən Prezident İlham Əliyev sual-cavab xarakterli  konfransda  bir daha mətbuata, azad sözə  etimadını, inamını bəyan etdi. İkinci Qarabağ müharibəsindən sonra  mühüm əhəmiyyətli,  aktual məsələlərin müzakirəsinə həsr olunmuş çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edən  Şuşada dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərinin,  informasiya-kommunikasiya sahəsində çalışan nüfuzlu ekspertlərin, tanınmış jurnalistlərin bir araya toplandığı tədbir  dövlət başçımızın multikultural dəyərlərə  sadiqliyinin  ifadəsi idi. 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumunun, 60 yerli media rəhbərinin və nümayəndəsinin iştirakı ilə keçirilən,  sessiyalarla  davam etdirilən  konfransda  medianın gələcəyi – rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislərin iştirakı ilə ətraflı müzakirə edildi. Azərbaycanla bağlı  çoxsaylı sualları cavablandıran,  məntiqli açıqlamaları, dünya hadisələrini ədalət, prinsipiallıq, obyektivlik  baxımından   təhlil edən Prezident  İlham Əliyev  qonaqları növbəti dəfə  heyran etdi.
İnqilab sözü adətən dağıdıcılıq mənasını ifadə etsə də, Şuşada keçirilən,  dünyada baş verən sənaye inqilabının təbliğində və düzgün informasiyalar əsasında  ictimaiyyətə çatdırılmasında medianın əvəzedilməz rolundan bəhs edilən konfrans humanitar prinsiplər əsasında davam etdirildi.
Dördüncü Sənaye İnqilabı  müasir dövrümüzün tələbi olduğu üçün dünya mediasının mövzu ilə bağlı fəaliyyətinin geniş müzakirəyə çıxarılması  qaçılmaz idi.  Belə mühüm tədbirin Azərbaycanın mədəniyyət mərkəzi Şuşada keçirilməsinin isə  rəmzi mənası vardı. Çünki Vətən müharibəsində  Ermənistan üzərində qazandığı Zəfərdən sonra  beynəlxalq ictimaiyyətin maraqla izlədiyi,  ölkəmizin bölgədə yaratdığı reallıqlara  bu şəhərdə həyata keçirilən bərpa- quruculuq işləri ilə start verilmişdi. Ötən əsrin 60-cı illərindən başlanan üçüncü  sənaye inqilabından sonra dünyada sürətlə davam edən iqtisadi inkişaf, istehsalat proseslərində tətbiq olunan avtomatlaşmanın yaratdığı yeniliklər, internet və sosial şəbəkələrin həyatımızın ayrılmaz parçasına çevrilməsi, kompüterləşmə siyasətinin sürətlənməsi daha mühüm islahatlara duyulan tələblərə cavab verəcək növbəti inqilab mətbuatda da  yeniliklərin tətbiqini, peşəkarlığın artırılmasını qarşıya məqsəd kimi qoyurdu. Dünyada olduğu kimi ölkəmizdə də bu inqilabın çağırışları başlıca hədəfə çevrildi.  Prezident İlham Əliyev dəfələrlə bildirib ki,  dünya dövlətləri arasında  genişlənən  Dördüncü Sənaye İnqilabında liderlik uğrunda güclənən rəqabətdə Azərbaycan  ilk yerlərdə  dayanmalıdır. Dövlət idarəetmə sisteminin elektronlaşdırıldığı, ölkəmizin  innovasiyalar mərkəzinə çevrildiyi, qlobal rəqabətin gücləndiyi  dünyamızda Azərbaycanın iqtisadi inkişafının dinamik sürətlənməsi ölkəmizin imkanlarını daha da artırır.  Yeni inqilab iqtisadi artımın sürətləndirilməsini başlıca tələb kimi qarşıya qoymaqla ictimai-siyasi, sosial, kibertəhlükəsizlik,  iqlim dəyişikliyi  kimi digər mühüm məsələlərlə bağlı çağırışları  aktuallaşdırır. Başqa sözlə ifadə olunsa, bir neçə il bundan əvvəl xəyal kimi görünən Dördüncü Sənaye İnqilabının tələbləri  dünya ictimaiyyətinin zamanın yeniliklərinə  adaptasiyasını,  sürət dinamikası ilə ayaqlaşmasını qloballaşan dünyamızın  başlıca məsələsi kimi aktuallaşdırır.

Şuşada keçirilən  konfransda  Dördüncü Sənaye İnqilabının prinsiplərinin  ölkəmizdə və xarici KİV-lərdə daha aydın təhlillər, mövcud şəraitə uyğun işıqlandırılması dövlət başçımıza ünvanlanan əhatəli suallarda da əks olundu.

Bütün sualları  siyasi iradəsi, dövlətçiliyin idarəedilməsi istiqamətində qazandığı təcrübəsi ilə cavablandıran Prezident İlham Əliyevin  məntiqli açıqlamalarının xarici mətbu orqanlarında da  geniş təbliği Azərbaycanın iqtisadi, sosial, siyasi islahatlarının  Dördüncü Sənaye İnqilabında da başqalarına nümunə göstəriləcəyinə əminlik yaradır.

İkinci Qarabağ müharibəsindən sonra  qısa müddətdə Füzuli, Zəngilan Beynəlxalq hava limanlarının istifadəyə verilməsi, Zəfər yolunun çəkilməsi, «Agıllı kənd» layihəsinin uğurlu həlli, ölkəmizin «yaşıl enerji» siyasətinin, hərbi qüdrətinin  dünya miqyasında dəstəklənməsi kimi digər yeniliklər də  ölkəmizin qarşıdakı illərdə  liderlik adını qoruyacağının ifadəsidir.

İkinci Qarabağ müharibəsindən sonra  Türkiyə başda olmaqda dünyanın ən tanınmış şirkətlərinin Ermənistanın işğalından azad edilən Azərbaycan torpaqlarının bərpasında iştirakla bağlı artan müraciətləri ölkəmizin iqtisadi inkişafının, möhkəmlənən maliyyə imkanlarının, yaranan sabit investisiya mühitinin göstəricisidir. Şuşada  Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində nəzərdə tutulan  prioritetlərin qardaş ölkə ilə birgə həyata keçirilməsi bütünlükdə bölgədə sabitliyin yaranmasına,  region ölkələr arasındakı enerji və nəqliyyat layihələrinin reallaşmasını sürətləndirir.  Qardaş Türkiyə ilə  işbirliyinin  hər iki ölkənin iqtisadi inkişafına ciddi təsir göstərəcəyini  « Əməkdaşlığımızın geniş gündəliyinə nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə sənayesi və bir çox sahədə əməkdaşlığın olduğunu görərik. Yəni əməkdaşlığın yüksək səviyyədə olmadığı sahəni tapmaq çətindir» sözləri  ilə sübut edən Prezident İlham Əliyev vurğulayıb ki,   Cənubi Qafqazda vəziyyətin sabitləşməsində, dayanıqlı sülhə nail olunması hər iki dövlətin potensialından birgə istifadə etməklə  sənaye inqilabına birgə hazırlıqdır.
Bəllidir ki, siyasi, iqtisadi, sosial inkişaf üçün  ilk  növbədə sabitliyin yaradılması təmin olunmalıdır.   Düzdür, Vətən müharibəsindən sonra  ölkəmizə qarşı potensial təhlükə görünmür. Cəmiyyətimizdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir.  Zəngin   yeraltı və yerüstü təbii sərvətlərə malik Azərbaycan  iqtisadiyyatının bütün sahələri  yerli resurslar hesabına inkişaf etdirilir .  Qlobal dünyamızı təhdid edən risklərə qarşı mübarizədə həmrəylik tərəfdarı olan,  sülh  çağırışları ilə diqqətçəkən Azərbaycan  təmsil olunduğu beynəlxalq təşkilatlarda, sədrlik etdiyi Qoşulmama Hərəkatındakı fəaliyyəti ilə də dünyada  sabitliyin qorunmasına önəmli töhfələr verir.  Azərbaycanın Qoşulmama  Hərəkatına sədrlik etdiyi dövrdə təsisatın nəzdində  qadınlar, gənclər forumlarının yaradılması bilavasitə  dünyada  sabitliyin təminatına, həmrəyliyə xidmət edir. Şuşada keçirilən konfransda  Qoşulmama Hərəkatında media forumu təşkil olunması ilə bağlı təklifin dəstəklənməsi sənaye inqilabı dövründə qabaqcıl təcrübələrin , yeniliklərin öyrənilməsində, təbliğində    KİV-lərin birgə fəaliyyətini də  şərtləndirəcək. «Mən hesab edirəm ki, bu gün Azərbaycan mediası bu istiqamətdə çox böyük işlər görür. Təbii ki, ümumi istiqamət onsuz da bəlli idi. İşğal dövründə biz hamımız, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı bir məqsədə doğru yorulmadan gedirdi. Mən işğal dövründə öz çıxışlarımda dəfələrlə deyirdim ki, o gün gələcək, azadlıq günü gələcək, hər birimiz bu günü hər an yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq» söyləyən Prezident İlham Əliyev əlavə olaraq vurğulayıb ki,   Azərbaycan mediasının bu sahədəki fəaliyyəti də  qiymətlidir. Dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından deyil,  insani dəyərlər  baxımından yanaşılması, qlobal problemlərin milyonlara  çatdırılması üçün media əsas platforma olmalıdır. Ölkə KİV-lərinin qarşısında duran əsas vəzifə isə daha çox beynəlxalq auditoriyaya çıxmaqdır. Artıq respublikamızda  bunun üçün imkanlar – media resursları, digər elektron vasitələri də mövcuddur. «Məhz bunun nəticəsidir ki, bu gün bütün bu iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır. Ona görə cəmiyyətdə mövcud olan həmrəylik və birlik, bax, bu üstünlüyü bizə təmin edir» söyləyən,  daim jurnalist əməyinə yüksək qiymət verən Prezident İlham Əliyevin vurğuladığı kimi,  Azərbaycanda müstəqil mətbuatın inkişafı üçün yaradılan şərait sənaye inqilabının aparıcı qüvvəsi olan  cəmiyyətimizin təlimatlandırılmasının başlıca informasiya mənbəyi olmalıdır.
Bölgə dövlətlərinin sənaye inqilabında uğurla irəliləməsi üçün əsas  şərtlərdən biri də  regional sabitliyin yaranması, xüsusilə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasıdır. Beynəlxalq aləmdə dəstəklənən Orta Dəhliz layihəsinin aparıcı üzvü  olan Azərbaycan  daim sülhə tərəfdar olsa da, Ermənistanın müstəqil siyasətinin olmaması regional sabitlik üçün ən qorxulu təhdiddir.  «Azərbaycanın təşəbbüskarı olduğu layihələr həmin o layihələrdir ki, bu, ölkələrin resurslarına əsaslansın. Məsələn, Cənub Qaz Dəhlizi. Biz o layihənin təşəbbüskarıyıq, əsas səhmdarlarından biriyik və əslində biz o layihənin bütün dövlətlərarası, hökumətlərarası sazişlərinin də əlaqələndiricisi kimi çıxış edirik. Bildiyiniz kimi, bu layihə müvəffəqiyyətlə icra olunmuşdur və artıq iki ildir ki, Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilmişdir və Avropa Komissiyasının Prezidenti Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Avropa İttifaqının enerji komissarı Azərbaycanı panAvropa qaz tədarükçüsü adlandırır. Bizim sözsüz ki, Avropaya qaz tədarükümüzün coğrafiyası genişlənir və ümidvaram ki, ilin sonuna qədər əlavə iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək» söyləyən  dövlət başçımız  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bölgə dövlətləri üçün də əhəmiyyətini  KİV nümayəndələrinin diqqətinə çatdırdı: «Biz bu məsələ ilə bağlı öz mövqeyimizi dəfələrlə bəyan etmişik və maksimum konstruktivlik göstərmişik. Lakin təəssüf ki, Qarabağda hakimiyyəti ələ keçirmiş xunta və özlərini gah «prezident”», gah «nazirlər»”, gah da «deputatlar”» adlandıranlar artıq hər kəsdə gülüş doğurur.»
Çoxmillətli və çoxkonfessiyalı dövlət olan  Azərbaycanda yaşayan etnik qrupların, bütün ölkə vətəndaşlarının birgə səyilə inkişaf edən Azərbaycan uğurları  ilə    təsdiqləyir ki, ölkəmizdə idarəçilikdə çox müsbət dəyişikliklər var və bu nailiyyətlər milli  birliyin, vətəndaş həmrəyliyinin nəticəsidir. Artıq logistik mərkəz kimi tanınan ölkəmizdə  iqtisadiyyatın inkişaf tempi sabitdir,  respublikamızın böyük enerji potensialı vardır. Asiya ölkələri üçün ən mühüm nəqliyyat marşrutlarından olacaq  Zəngəzur dəhlizinin bərpası isə  marşrut keçən  ərazidə yerləşən ölkələrin dördüncü sənaye inqilabında uğurla  irəliləməsini təmin edəcək. Çünki Azərbaycanın nəqliyyat infrastrukturu müasirdir və yükdaşıma qabiliyyəti çox yüksəkdir.

Şuşada təşkil olunan konfransla bağlı ümumi rəyini «Media ilə təmaslarımda həmişə deyirdim ki, siz mənim gündəlik işimdə mənə yardımçı olursunuz» sözləri ilə ifadə edən Prezident İlham Əliyev  əminliklə bildirib ki,  müzakirələr bütün ölkələr üçün faydalı olacaq.  Dövlət başçımızın maraqlı ideyaların  səsləndirildiyi   Media Forumunun  müntəzəm  keçirilməsi və buna birinci Şuşa Qlobal Media Forumu adı verilməsi təklifi konfrans iştirakçıları tərəfindən yüksək səviyyədə dəstəklənib.

Xuraman İsmayılqızı, “İki sahil”

Daha çox xəbərlər