Gündəm 

Biz inteqrasiya yolu ilə irəliləməyə hazırıq…

Prezident İlham Əliyev: Bu reallıqların dəyişməsi baş verərsə, bu, nə Ermənistan, nə də Qarabağın erməni azlığı üçün yaxşı olmayacaq

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinə səfəri zamanı iyulun 20-də Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərində olması Ermənistanın siyasi hakimiyyətinə, Qarabağdakı separatçılara və regionda vəziyyəti gərginləşdirmək istəyən üçüncü qüvvələrə xəbərdarlıq mesajı idi. Dövlətimizin başçısı bu addımı ilə bir daha Xocalının, həmçinin Xankəndinin və Qarabağın ermənilər yaşayan digər ərazilərinin əsl sahibinin kim olduğunu nümayiş etdirdi, hər kəsə xatırlatdı ki, Azərbaycan öz torpaqlarında çirkin oyunların qurulmasına imkan verməyib, verməyəcək!

Prezident İlham Əliyevin Xocalıya, Şuşaya budəfəki səfərini əhəmiyyətli edən daha bir məqam var. Məlum olduğu kimi, son günlər Qarabağdakı separatçı qüvvələrin və qeyri-qanuni erməni silahlı birləşmələrinin fəallaşması, təxribat törətməyə cəhd etməsi müşahidə olunmaqda idi. Düşmən tərəfindən atəşkəsin mütəmadi şəkildə pozulması, ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularının quraşdırılmasına edilən cəhdlər, Xankəndidə keçirilən qanunsuz aksiyalar, Ağdam-Xankəndi yolunun köhnə asfalt örtüyünün dağıdılması və yolun Əsgəran istiqamətində beton plitələrlə bağlanması açıq şəkildə vəziyyəti gərginləşdirmək məqsədi daşıyırdı. Azərbaycan Prezidentinin Xocalının işğaldan azad olunmuş Çanaqçı və Sığnaqda olduğu gün həm də Xankəndidə “oturaq” aksiya keçirən separatçıların başçısı Araik Arutyunyanın “Qarabağda vəziyyətin qismən normallaşması məqsədilə addımların atılması üçün” verdiyi müddətin – bir həftənin başa çatdığı gün idi. Arutyunyan  “tələbləri” yerinə yetirilməyəcəyi təqdirdə Qarabağda və onun hüdudlarından kənarda daha sərt vasitələrə əl atacaqlarını bildirmişdi. Ancaq bu torpaqların əsl sahibinin bölgəyə gəlişi düşmənin bütün riyakar planlarının suya düşməsi ilə nəticələndi. Qarabağda elə bir sakitlik yarandı ki, el məsəlində deyilən kimi, elə bil qurbağa gölünə daş atıldı…

Prezident İlham Əliyev Çanaqçı və Sığnağa baş çəkdikdən bir gün sonra, iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumunun açılış mərasimində tədbir iştirakçılarının suallarını cavablandırarkən də Qarabağda yaşayan ermənilərin reinteqrasiyası, həmçinin son proseslər barədə Azərbaycanın qəti və ədalətli mövqeyini növbəti dəfə nümayiş etdirdi. Bildirdi ki, Azərbaycan bu məsələdə maksimum konstruktivlik göstərib. Lakin təəssüf ki, Qarabağda hakimiyyəti ələ keçirmiş xunta və özlərini gah “prezident”, gah “nazir”, gah da “deputat” adlandıranlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan erməniləri girov götürüblər. Həmin separatçılar ermənilərin reinteqrasiyası ilə bağlı Azərbaycanın dialoq təkliflərinin reallaşmasına da hər vasitə ilə mane olmağa çalışırlar: “Biz təşəbbüs göstərdik, mən Qarabağ ermənilərinin nümayəndələri ilə təmasla məşğul olmaq üçün xüsusi nümayəndə təyin etdim və bu təmasların qurulması məqsədilə o, Qarabağa göndərildi. Birinci görüş məhz orada, Xocalı qəsəbəsində Rusiya sülhməramlı kontingentinin bazasında oldu. Bundan sonra biz Qarabağ ermənilərinin nümayəndələrini dialoqu davam etdirmək üçün Bakıya dəvət etdik. Lakin onlar imtina etdilər, həm də nümayişkaranə şəkildə. Müəyyən vaxtdan sonra biz onları yenidən dəvət etdik. Ola bilərdi ki, hansısa səhv olub, onların həqiqətən də bunu istəmədiklərinə əmin olmaq məsələsində yanlışlıq ola bilərdi. Yenə də imtina etdilər. Lakin mən onda dedim ki, üçüncü dəvət olmayacaq. İstəmirlərsə, demək, istəmirlər…”

Bu gün Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası indi müəyyən qədər də onların özlərindən – onları girov götürən, qul kimi istismar edən cinayətkar xuntadan nə vaxt qurtula biləcəklərindən asılıdır. Çünki burada yaşayan mülki erməni əhali indi də separatçıların təzyiqi və təsiri altında istismar edilirlər. Azərbaycan Prezidenti xatırlatdı ki, ekofəallar Laçın-Xankəndi yoluna çıxanda da Xankəndidəki sözdə “erməni rəhbərliyi” sadə vətəndaşlara bu yoldan istifadə etməyə icazə vermirdi: “Onlar blokpost qoyaraq, bizi blokadada ittiham edirdilər. Bu gün onlar yenə Ağdam-Əsgəran yolunda beton plitələr qoyublar. Sizə nə üçün ərzaq məhsulları başqa ölkədən gətirilməlidir? Axı “Qarabağ Azərbaycandır” dediniz. Elədirmi? Bunu hamı təsdiq edir? Hamı təsdiq edir. Kimsə bunun belə olmadığını deyirmi? Yox. Onda niyə yüklər başqa ölkədən gətirilməlidir? Bu, məntiqə sığmır. Lakin bu jesti qəbul etmək əvəzinə, orada beton bloklar qoyulur. Kim-kimi bloklayır?”

Dövlətimizin başçısı Qarabağda “oturaq” aksiya keçirən qondarma “prezident” Araik Arutyunyana və digər separatçılara növbəti dəfə xəbərdarlıq etdi. Bu gün çadırlarda oturub və kiməsə etiraz edilməsini komediya şousu adlandıran Prezident İlham Əliyev onların bu hərəkətlərinin məsələyə kömək etməyəcəyini bəyan etdi: “Biz Qarabağdakı erməni azlığının hüquqları və təhlükəsizliyinə əməl etməklə Konstitusiyamız çərçivəsində və Azərbaycanda bu məsələlərin necə həll edilməsi üzrə xeyirxah təcrübə çərçivəsində yenidən inteqrasiya yolu ilə irəliləməyə hazırıq.”

Hər kəs bilir ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Ölkəmizdə yaşayan etnik qrupların bütün nümayəndələri eyni hüquq və vəzifələrə, təhlükəsizlik səviyyəsinə malikdirlər. Bu baxımdan ermənilər də Azərbaycan ərazisində qalıb yaşamaq istəyirlərsə digər azsaylı xalqların nümayəndələri ilə eyni hüquqlara malik olmağı qəbul etməlidirlər. Çünki onların başqalarından fərqləndirilməsi, üstün tutulması üçün heç bir səbəb yoxdur. Postmünaqişə dövründə regionda yaranmış reallıqlar bütün beynəlxalq aktorlar tərəfindən qəbul edildiyi kimi, Ermənistanın rəhbərliyi və Qarabağda yaşayan ermənilər tərəfindən də qəbul edilməlidir. Bu, nə qədər tez baş verərsə elə ermənilərin özləri üçün bir o qədər yaxşı olar. Azərbaycan Prezidentinin şanlı Qələbəmizin və cəsarətimizin rəmzi olan Şuşadan bəyan etdiyi kimi, gəlin, mövcud reallıqları qəbul edin: “Bu reallıqların dəyişməsi baş verərsə, bu, yalnız və yalnız nə Ermənistan, nə də Qarabağın erməni azlığı üçün yaxşı olmayacaq. Bu səbəbdən ümid edirəm ki, onlar bu sözləri eşidəcək və düzgün nəticə çıxaracaqlar.”

Daha çox xəbərlər