Müasirliklə ənənələrin qovuşması
Dövlət başçısı İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bir daha Azərbaycanın şəhərsalma təcrübəsindən bəhs etdi
Azərbaycan innovasiyalar ölkəsidir. Hər bir yeniliyin, təkmilləşmənin ölkəmizdə tətbiqinə səy göstərən dövlət başçısı İlham Əliyev ilk gündən bu çağırışı etdi ki, ölkəmizin bütün sahələrdə təcrübəsi nümunə olmalıdır.
Bu gün Azərbaycan tarixi Zəfərinin reallıqları fonunda Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-quruculuq işləri ilə diqqətdədir. Ölkəmiz təkmil dirçəliş modelini və bu əsasda şəhərsalma təcrübəsini təqdim edir. Dövlət başçısı İlham Əliyev ötən il Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxışı zamanı bu kimi məqamlara xüsusi diqqət göstərərək qeyd etmişdir ki, Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir.
30 illik işğal dövrü ərazilərimizin tamamilə dağıdılması, bütün tikililərin, tarixi və dini abidələrin yerlə-yeksan edilməsi ilə xarakterizə edilir. İyulun 21-də dövlət başçısı İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda diqqəti işğaldan azad edilmiş ərazilərimizdə törədilən dağıntılara yönəldərək bildirdi ki, Azərbaycanın mədəni irsini silmək və öz aləmlərində bu torpaqları gələcəkdə yaşayış üçün yararsız hala salmaq məqsədilə bunları ediblər. Ən böyük dağıntılara məruz qalan Füzuli və Ağdam şəhərləridir. Orada bir dənə də salamat bina qalmayıb. O dağıntılar Birinci Qarabağ müharibəsindən sonra bu evlərin sökülməsi nəticəsində olan dağıntılardır. «Biz erməni xalqının tarixi mirasına əl dəymirik» söyləyən cənab İlham Əliyev onu da əlavə etdi ki, Şuşada erməni kilsəsi var. Orada bir daşa da dəyilməyib, əksinə, qorunur: «Biz onlardan törətdikləri əməllərə görə qisas almaq fikrində deyilik. Mən hələ müharibə vaxtı və müharibədən sonra onu demişdim ki, biz qisası döyüş meydanında almalıyıq və aldıq da, şəhidlərimizin qanını da döyüş meydanında aldıq. Biz heç vaxt dinc əhaliyə qarşı vuruşmamışıq. Amma onlar müharibə zamanı bizim dinc şəhərlərimizi “İskəndər”, “Toçka”, “Skad” raketləri ilə atəşə tuturdular. Yüzə yaxın günahsız insan, o cümlədən 12 uşaq bu namərd atəş nəticəsində həlak olmuşdur.» Bu fikirlər onu söyləməyə əsas verir ki, yaddaş silinmir, silinməyəcək və silinməməlidir. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır.
Azərbaycanın şəhərsalma təcrübəsi hazırda özünü tarixi sahibinə qayıtmış torpaqlarımızın bərpasında aydın şəkildə nümayiş etdirir. Paytaxt Bakıda görülən işlərdən bəhs etmədən bölgələrdə müasir tələblər səviyyəsində həyata keçirilən işlərdən danışmağımız təbii ki, səbəbsiz deyil. Bu baxımdan ki, paytaxt və bölgələr arasında fərqin tamamilə aradan götürülməsi bu gün bütün regionların, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin simasında özünü büruzə verir.
Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırıldı. Bu gün Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir. İşğaldan azad olunmuş Füzuli və Zəngilan rayonlarında beynəlxalq statusa malik hava limanı istifadəyə verilib, Laçın rayonunda isə tikintisi davam edir. Azad edilmiş şəhərlərin Baş planları hazırdır. Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub.
Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda onminlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edilir. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir.
Ümumilikdə, yenidənqurma prosesində əsas hədəf keyfiyyət və sürəti birləşdirmək, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü, dayanıqlı şəhər və kəndlərin inşasıdır. Dövlət başçısı İlham Əliyev bildirir ki, yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır. Geniş miqyasda həyata keçirilən yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir. Azərbaycan bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşür.
Cənab İlham Əliyevin Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında çıxışı zamanı səsləndirdiyi «Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik» fikirləri hər bir sahədə təcrübəsi nümunə olan Azərbaycanın şəhərsalmada da qazandığı uğurların beynəlxalq səviyyədə dəstəkləndiyini özündə ehtiva edir. Cənab İlham Əliyev həmin çıxışında həm paytaxt Bakımızın, həm də hazırda bərpa-quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş ərazilərimizin timsalında müasirliklə qədimliyin sintezinin yaradılmasını əsaslı şəkildə diqqətə çatdırdı.
Dünyanın aparıcı dövlətlərinin, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında paytaxt Bakımız füsunkar gözəlliyi ilə liderliyini qoruyur. Dünyanın “Ən yaşamalı şəhərlərinin” reytinq cədvəl və hesabatında yer alan ölkələr arasında Bakının adının çəkilməsi Azərbaycanda aparılan sosial, iqtisadi inkişafın məntiqi nəticəsidir. Azərbaycan Avropa mədəniyyətini Şərq dəyərləri ilə sintez edir.
Azərbaycanın şəhərsalma təcrübəsi ötən ilin oktyabr ayında Azərbaycanın «Milli Şəhərsalma Forumu»na ev sahibliyi etməsini şərtləndirdi. Forumun Ağdam şəhərində keçirilməsi özündə bütün məqamları ehtiva edir. Bir daha qeyd edildi ki, milli rifahın təmin edilməsi və işğaldan azad edilmiş ərazilərin bərpası üçün ölkəmizdə prioritet istiqamət olan dayanıqlı şəhərsalma sahəsində əldə edilmiş nailiyyətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi və şəhərlərin inkişafı üzrə tətbiq edilən inklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yanaşmaların paylaşılması son dərəcə vacibdir.
İlk Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirildi. Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməklə qeyd olunan sahədə əldə etdiyi təcrübəni paylaşmaq istəyini nümayiş etdirir. Azərbaycanın dünyaya təqdim etdiyi ilk «ağıllı şəhər» Ağdam, «ağıllı kənd» isə Zəngilanın Ağalı kəndidir. Ağdamın belə bir beynəlxalq tədbirə ev sahibliyi etməsi təbii ki, müasir tələblər səviyyəsində qurulacaq ilk «ağıllı şəhər» olmasından irəli gəlir.
Dövlət başçısı İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsində də diqqət Azərbaycanın şəhərsalma təcrübəsinə yönəldildi. Müxbirin «Ölkənizin və şəhərin nə dərəcədə müasir olması bizdə dərin təəssürat yaratdı və getdiyimiz hər yerdə bir Azərbaycan elementi var» fikirlərinə münasibətində bildirdi ki, biz şəhərlərimizin əsl orijinallığını, nailiyyətlərini qoruyub saxlayırıq. Eyni zamanda, ölkəmizi müasirləşdiririk: «Bakıda gördükləriniz müasirliklə ənənələrin qovuşmasıdır və hesab edirəm ki, onlar bir-birinə qarşı çıxmır, bir-birinə zidd deyil. Bu, məqsədyönlü şəkildə edilib, çünki Bakı kimi tarixi şəhərdə ilk məqsəd tariximizi və memarlıq abidələrini qorumaqdır.»
Azərbaycan, eyni zamanda, turizm ölkəsi kimi nüfuz qazanır. Ölkəmizin turizm imkanlarının genişliyi bura üz tutan turistlərin sayında da özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyev sözügedən müsahibədə ünvanlanan «Siz proqramımızın çinli tamaşaçılarına söyləyə bilərsinizmi nəyə görə onlar Azərbaycanı növbəti turizm məkanı kimi seçməlidirlər» sualına cavabında da bildirdi ki, insanlarımız çox mehriban və qonaqpərvərdirlər. Çox müasir hotel infrastrukturumuz, rəngarəng təbiətimiz var. Ölkədə doqquz iqlim qurşağı var. Yol infrastrukturu ən yaxşılar sırasındadır. Mətbəx, fikrimcə, ən yaxşılar sırasındadır. Hava çox yaxşıdır. Dağlarda xizək sürə bilərsiniz. Xəzər dənizində üzə bilərsiniz. Velosipedlə dağlara çıxmaq, palçıq vulkanlarını görmək, Qarabağın dağlarına və meşələrinə getmək olar. Göl və çaylarımız var: «Həmçinin düşünürəm ki, çinli turistlər görəcəklər ki, Azərbaycan xalqının Çinə böyük rəğbəti var. Onlar ölkənizi tanıyır, dost olduğumuzu bilirlər. Ona görə, çinlilər özlərini öz evindəki kimi hiss edəcəklər.»
Göründüyü kimi, Azərbaycanın davamlı inkişafı, malik olduğu potensial hər bir sahədə təkmil islahatların həyata keçirilməsini, yeniliklərin tətbiqini şərtləndirir. Məhz ölkəmizin keçdiyi inkişaf yoluna, Azərbaycanın beynəlxalq nüfuzuna, iqtisadi və siyasi mövqeyinə, o cümlədən paytaxt Bakımızın ən gözəl və yaşıl şəhərlər sırasında yer almasına, insanların rahat yaşayışının yüksək səviyyədə təminatına söykənərək dövlət başçısı İlham Əliyev müsahibəsində bu məqamı böyük inamla qeyd etdi ki, bizim və şəxsən mənim hədəfim isə dünyanın və Azərbaycanın dəyişməkdə olduğunu nəzərə alaraq, Heydər Əliyev siyasətini davam etdirmək, ölkəni müasirləşdirmək, bir də heç vaxt digərlərinin hökmranlığı altında yaşamamaq üçün müstəqilliyimizi möhkəmləndirmək, özünü təmin edən güclü iqtisadiyyat qurmaq və insanların daha yaxşı yaşamasına şərait yaratmaqdır.

