Üç il ərzində 150 mindən çox insan Qarabağa və Şərqi-Zəngəzur bölgələrinə qaytarılacaq
Məlum olduğu kimi Şuşa şəhərində Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev ili” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci il dönümü ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu keçirilmişdir.
Tədbirdə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu iştirak etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlə dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir.
Azərbaycanın dövlət başçısı Forum iştirakçıları ilə görüşündə işğaldan azad olunmuş ərazilərdəki mina partlayışlarından, Ermənistanın işğal vaxtı həmin torpaqlarda çoxsaylı minalar basdırmasından, onların xəritələrini verməməsindən, həmçinin ölkəsinin minatəmizləmə istiqamətində gördüyü işlərdən, həmçinin Ermənistanla sülh müqaviləsi üzrə aparılan danışıqlardan bəhs edib.
Prezident İlham Əliyevin çıxışında bildirmişdir : “Biz üç il ərzində 150 mindən çox insanı Qarabağa və Şərqi-Zəngəzur bölgələrinə qaytaracağıq. 2026-cı ilə qədər 140 minə qədər insanın Qarabağ bölgəsinə qayıtması planlaşdırılır. Ümid edirəm ki, gələn il ilk sakinlər Şuşa şəhərində məskunlaşacaq. Biz çox istəyirik ki, 30 il ərzində mənəvi və fiziki əziyyət çəkən insanlara ən yaxşı şərait yaradılsın”.
Dövlət başçısı ,həmçinin qeyd etmişdir ki, Türkiyə və Azərbaycan xalqları arasında da münasibətlər, əlbəttə ki, uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur. Bu, çox gözəl təməldir və bizim ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir, bir-birini dəstəkləyir. Mən deyərdim ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. O zaman Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik. Prezident Ərdoğan bir neçə dəfə ictimai şəkildə Türkiyənin mövqeyini bəyan etdi və digər dövlət rəsmiləri də bu məsələ ilə bağlı fikirlərini bildirdilər. Bu, bizim üçün çox böyük mənəvi və siyasi dəstək idi.
İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq. Həmin Bəyannamə bu mehmanxanadan bir neçə yüz metr kənarda imzalanıb və münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırıb. Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bu Bəyannamə qarşımızda yeni üfüqlər açır. Baxmayaraq ki, bundan öncə də Azərbaycan və Türkiyə bir çox sahədə birlik, həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirib. Əməkdaşlığımızın geniş gündəliyinə nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə sənayesi və bir çox sahədə əməkdaşlığın olduğunu görərik
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında Rusiya-Azərbaycan münasibətləri barədə söylədiyi fikirlər də yer alıb. Qeyd olunub ki, dövlət başçısı Moskva ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, həmçinin konkret nəticələrə əsaslandığını bildirib.
Prezident İlham Əliyev Afrika ölkələri ilə bizim əlaqələrimiz sürətlə inkişaf etdiyini vurğulayaraq söyləmişdir: Bir müddət bundan əvvəl Afrika İttifaqında səfirliyimiz də açılmışdır. Bununla bərabər, biz Qoşulmama Hərəkatı çərçivəsində Afrika ölkələri ilə sıx əlaqədəyik. Mən artıq bunu qeyd etmişəm, COVID dövründə bizim göstərdiyimiz humanitar yardımın bir hissəsi Afrika qitəsinə də istiqamətləndirilmişdir. Onu da bildirməliyəm ki, bu günə qədər iqtisadi-ticari sahədə əlaqələr o qədər də yüksək səviyyədə deyil, necə ki, siyasi müstəvidə. Bunun yəqin ki, təbii səbəbləri var. Hesab edirəm ki, təmaslar daha sıx olduqca bu istiqamətdə də imkanlar dəyərləndiriləcək. Hər halda biz bunda maraqlıyıq.
Prezident İlham Əliyev TRT World Araşdırmalar Mərkəzinin rəhbəri Tarek Çerkauidinin ;”Növbəti 10 ildə Şuşanı necə görmək istəyirsiniz?”sualına cavabında bu fikirləri demişdir: Əlbəttə, Şuşanın bərpası başlanılıbdır, bir müddət öncə Baş plan təsdiq edilibdir və indi artıq ilk yaşayış layihəsi icra olunur. Siz onları şəhərin bir neçə yerində görə bilərsiniz. Həmin layihələr çərçivəsində Şuşa sakinləri yenidən evlərinə qayıdacaqlar. Bununla yanaşı, artıq qeyd etdiyim kimi, Şuşa Prezident Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilibdir və bizim gözləntimiz odur ki, dünyadan çoxsaylı qonaqlarımız olacaqdır, insan axını olacaqdır. Əlbəttə ki, bu şəhər qaya üzərində qurulubdur, qədim şəhərdir və bu, həqiqətən də Qafqazın incisidir və Qarabağın tacıdır. Biz hazırda fəal sürətdə tarixi memarlıq abidələrini bərpa edirik. Üç məscidimiz yenidən qurulubdur. Biri bərpa olunub, digərləri yenidən inşa edilib, çünki onlar dağıdılmışdı. Bizim bərpa etdiyimiz ilk tarix-memarlıq abidəsi dahi şairimiz və Qarabağ xanlığının vəziri Vaqifin məqbərəsi idi. O da işğal dövründə ermənilər tərəfindən dağıdılmışdı. Biz onu yenidən qurduq, bərpa etdik. Biz bulaqları bərpa etdik. Artıq beş bulaq su ilə doludur.
Şuşanın infrastrukturu da inkişaf etdirilir. Çünki ermənilər qaçarkən burada supaylayıcı şəbəkəni dağıtmışdılar. Ona görə də biz şəhərdə sıfırdan yeni supaylayıcı sistem qurmuşuq. Ümumiyyətlə, Baş plan çərçivəsində Şuşa şəhərinin bütün infrastrukturu yenidən qurulub, yeni yollar yaradılıbdır. Bu ilin sentyabr ayında biz min şagird yerlik məktəbin açılışını edəcəyik və 90 çarpayılıq xəstəxana da ilin sonuna qədər hazır olacaqdır. Şuşada hər şey Baş plan əsasında edilir.
Qarat Qaratov,
Bakı şəhəri, Xətai rayonu, Ə.Abbasov adına 257 nömrəli tam orta məktəbin direktoru,
YAP Xətai rayon təşkilatının “Sadiq 23” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

