Tarixi Zəfərin, sülhün və cəsarətin rəmzi: Şuşa
Bu gün Qarabağın tacı sayılan Şuşa böyük Zəfərin sevinc və təntənəsini yaşayır. Burada başlanan quruculuq işləri gündən-günə sürətlənir, genişmiqyaslı layihələr uğurla icra olunur. İnfrastruktur xarakterli tədbirlər- su, elektrik, istilik və s. təchizat sahələrində ciddi addımlar atılır. Vaxtilə “Qafqazın konservatoriyası” adlanan, əsrarəngiz gözəlliyi ilə dillərə dastan olan Şuşada bərpa-quruculuq işləri hazırda sürətlə davam etdirilir. Artıq istismara verilmiş Zəfər yolu həm də şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahididir. Müzəffər ordumuz məhz həmin yolla Şuşa şəhərinə daxil olduğundan bu yolun həm də rəmzi mənası, mənəvi önəmi var. Məhz bu səbəbdən Prezident İlham Əliyev Şuşaya səfəri zamanı uzunluğu 101.5 km olan bu yolu Zəfər yolu adlandırıb. Artıq Şuşaya elektrik enerjisinin və suyun verilməsi bərpa edilib.
İndi iki mənbədən Şuşaya su gəlir. Natəvan bulağı da bərpa edilib. Həmçinin Şuşanın tarixi abidələrinin bərpasına start verilib. Vaqifin məqbərəsi artıq bərpa olunub. Şuşada “Xarıbülbül” oteli istifadəyə verilib. Şuşanın yaradılmasının 270 illiyi münasibətilə ölkə başçısının müvafiq Sərəncamı ilə 2022-ci ili “Şuşa İli” elan etməsi xalqımızın böyük sevincinə səbəb oldu.
Bundan başqa, erməni faşistləri tərəfindən gülləbaran edilmiş Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri yenidən şəhərin mərkəzi meydanında qoyulub. Böyük şairimiz Vaqifin məqbərəsinin və büstünün yenidən açılış mərasimi keçirilib. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı ölkə başçısı tərəfindən göstəriş verilib. Bülbülün dağıdılmış evi bərpa edilib.
Bu gün türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa beynəlxalq tədbirlərə ev sahibliyi edir. “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilatın və media qurumunun, 60 yerli media rəhbəri və nümayəndəsinin iştirakı ilə beynəlxalq Forumun bu şəhərdə keçirilməsi bunun əyani təsdiqidir.
Prezident İlham Əliyev iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində xarici və yerli media nümayəndələrinin suallarını cavablandırarkən bildirib ki, Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtı, eyni zamanda, Şuşa Qələbəmizin və sülhün rəmzidir: “Çünki Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Siz buraya gələrkən azad olunmuş ərazilərdən keçdiniz. Siz Füzuli Hava Limanından Şuşaya elə bir yolla gəlmisiniz ki, biz onu Zəfər yolu adlandırmışıq. Bu yol nə sovet dövründə, nə də ki, işğal dövründə mövcud deyildi. Bu yol bizim qəhrəmanlarımızın cəsarəti və ruhu sayəsində açılıbdır. Biz buraya məhz bu şəkildə gəlmişik, şəhərlərimizi və kəndlərimizi azad edə-edə gəlmişik. Bu şəhər həm də bizim cəsarətimizin rəmzidir. Şuşada artıq bir neçə beynəlxalq tədbir keçirilibdir”.
Ölkəmizin başçısı, həmçinin vurğulayıb ki, Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, bir neçə beynəlxalq idman tədbiri keçirilib. Bu gün Qlobal Media Forumu keçirilir. Yəni, bu şəhər öz kimliyini qoruya bilib. Baxmayaraq ki, işğal dövründə Şuşa məqsədli şəkildə, qəsdən dağıdılıb.
Dövlət başçısı iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub, Daşaltı kəndində özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub, 90 çarpayılıq Şuşa şəhər xəstəxanasında və Şuşa şəhər 960 şagird yerlik 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub. Şuşa üçün mühüm əhəmiyyət daşıyan Daşaltı kəndində ictimai və yaşayış mərkəzlərinin, mədəniyyət və təhsil ocaqlarının qurulması, sosial və ictimai obyektlərin inşası, turizm sahələrinin yaradılması, nəqliyyat və kommunikasiya xətlərinin çəkilməsi, ərazinin yaşıllaşdırılması, kəndin ekoloji təmiz enerji ilə qidalandırılması üçün infrastrukturun təmin olunması nəzərdə tutulur. Yeri gəlmişkən, kəndə 220 ailənin köçürülməsi planlaşdırılır. Məskunlaşdırılması nəzərdə tutulan əhalinin ümumi sayı isə 1100 nəfər olacaq. Sakinlərin yaşayışı üçün ümumilikdə 228 ev – ikimərtəbəli çoxmənzilli 9 bina, ikimərtəbəli bloklaşdırılmış 66 ev və 153 ikimərtəbəli fərdi ev tikiləcək. Kənddə, həmçinin məscid, Bayraq meydanı, informasiya mərkəzi, qonaq evi, xalq sənətkarlığı emalatxanaları, qida məhsullarının satış köşkləri, ictimai-iaşə və ticarət obyektləri, sərgi salonu, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, poçt şöbəsi, klub-icma mərkəzi, otel və istirahət mərkəzi, aktiv turizm və istirahət zonalarının yaradılması planlaşdırılır.
Həmçinin Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 960 şagird yerlik üçmərtəbəli binasında tədrisin təşkili üçün hər cür şərait yaradılıb. Məktəbdə hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, 1 STEAM mərkəzi, kitabxana və oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, tibb otağı, müayinə otağı, yeməkxana, həmçinin akt və idman zalları, inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan bir hektar ərazidə futbol meydançası, transformator, fərdi qazanxana, su hovuzu və digər zəruri yardımçı binaların inşası da yekunlaşıb.
2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təməli qoyulan, 3,7 hektara yaxın sahədə inşa edilən Şuşa şəhər xəstəxana binası 4-ü dördmərtəbəli, 2-si isə birmərtəbəli olmaqla 6 korpusdan ibarətdir. Binanın zirzəmi hissəsindən stasionar tibbi xidmət və sığınacaq kimi istifadə olunacaq, zərurət yarandıqda hərbi hospital kimi fəaliyyət göstərəcək. Stasionar xidmət sahəsində qəbul, terapiya, pediatriya, cərrahiyyə, doğuş, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya–reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək.
Birmənalı demək lazımdır ki, İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazanan Azərbaycan dövlətinin Şuşada qısa zamanda həyata keçirdiyi bərpa-quruculuq işləri, iri miqyaslı layihələrin az vaxtda uğurla reallaşdırılması dünyanın ən müxtəlif ölkələrindən gələn media nümayəndələrini, siyasətçiləri, analitikləri və nüfuzlu ictimai xadimləri heyrətləndirib.
Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatan qırx dörd günlük müharibədən sonra bu Qələbəmizin ilhamvericisi, təşkilatçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin uğurla reallaşdırılması sayəsində Şuşa ən qısa zamanda çiçəklənən diyara çevriləcək, tarixi-dini abidələrimiz yenidən bərpa olunaraq əvvəlki şöhrətinə qovuşacaq, soydaşlarımız öz ata-baba yurdlarına qayıdacaqlar. Azərbaycanın üçrəngli bayrağı Şuşada əbədi dalğalanacaq.

