Cəmiyyət 

Minaları basdırmaq müharibə cinayətidir

Ermənistanın təqdim etdiyi xəritələr dəqiq deyil

Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minalar və partlamamış hərbi sursatlar ciddi təhlükə yaratmaqda davam edir. Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terroru hərbi qulluqçularımızın və mülki şəxslərin həyatını itirməsinə və ya yaralanmasına səbəb olur. Belə ki, 2022-ci ilin avqust ayından başlayaraq Azərbaycan tərəfi Kəlbəcər və Laçın istiqamətində 3 minə yaxın mina aşkarlamışdır ki, bunların işarələnməsi birmənalı olaraq həmin sursatların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu sübut edir. Ümumilikdə, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra 77 min 890 hektar ərazi minalardan təmizlənib, 87 min mina və partlamayan hərbi sursat aşkarlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi bu istiqamətdə öz fəaliyyətini davam etdirir. Həmçinin dövlətimiz minatəmizləmə sahəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Ölkəmiz humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi təsis olunması təşəbbüsü ilə də çıxış edib. Qoşulmama Hərəkatında da Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyası istiqamətində də müəyyən işlər aparılır. Minatəmizləmə fəaliyyətini dayanıqlı və davamlı inkişafla birbaşa əlaqə kontekstində görür. Məhz buna görə də Azərbaycanda humanitar minatəmizləmə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edilir.

Minatəmizləmə Agentliyi Türkiyə Respublikası, Böyük Britaniya mütəxəssisləri, ABŞ-ın Aerokosmik Mühəndislik Korporasiyası, Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq edir. Həmçinin Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ölkəmizdə məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə yeni layihəni icra etməyə başlayıblar. Ölkəmizin mina təhlükəsi ilə bağlı belə geniş təbliğatına baxmayaraq, minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır.

Minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Dövlət başçımız gecə-gündüz  həyatını təhlükə altına ataraq çalışan minatəmizləyənlərimizin fəaliyyətini yüksək qiymətləndirir, onları diqqətdən kənarda saxlamır. Belə ki, bugünlərdə Milli Məclis “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişiklik edib.

Azərbaycan Respublikasının Prezidenti qanunvericilik təşəbbüsü qaydasında “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə bağlı “Azərbaycan Respublikasının orden və medalları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim etmiş və qəbul olunmuşdur.

Ermənistanın mina terroru iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılışında çıxış edən Prezident İlham Əliyevin toxunduğu əsas məsələlərdən biri olub. “Yaxın Şərq” xəbər agentliyinin təmsilçisi Məcid Şalkinin minaların insanların gündəlik həyatına necə təsir etməsi, həm də inkişaf layihələrinə necə mane olması ilə bağlı sualını cavablandıran dövlət başçımız deyib: “Bəli, siz ən vacib məsələyə toxundunuz. Çünki minalar müharibə bitəndən sonra üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıbdır. Yəni, üç yüzə yaxın minanın partlaması azad olunmuş ərazilərdə baş vermişdir. Bu isə müharibə cinayətidir, minaları basdırmaq müharibə cinayətidir. Amma həmin minaların xəritəsini təqdim etməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır. Biz bilirik ki, o xəritələr onlarda var, çünki minalar məhz belə basdırılır. Minaları basdıranların əlində xəritə olur, çünki onlar özləri həmin minaya düşə bilərlər. Əvvəl onlar ən yüksək səviyyədə Ermənistan baş naziri şəxsən rəsmi bizə deyirdi ki, onlarda belə bir xəritələr yoxdur. Nəhayət, boyunlarına aldılar ki, belə bir xəritələr var. Bəs, nəyə görə bizə yalan deyirdilər? Çünki istəyirdilər ki, azərbaycanlılar ölməkdə davam etsinlər, şikəst olsunlar. Onlar daha sonra bizə mina xəritələrini təqdim etdilər. Amma həmin xəritələrin dəqiqliyi heç 25 faiz deyildi. Yəni, bunun heç bir mahiyyəti yox idi. Bu, çox mənasız xəritələr idi”.

Göründüyü kimi, dövlətimizin başçısı 49 ölkədən 150 qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumunun iştirak etdiyi forumda Ermənistanın törətdiyi ağır müharibə cinayətlərini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin minaların sayının 1 milyona yaxın olması ilə bağlı açıqlaması Ermənistanın faşist dövləti olduğunu, işğal dövründə torpaqlarımızda insanlığa sığmayan əməllər törətdiyini bir daha göstərir. Belə çıxır ki, 30 ilə yaxın davam edən işğal dövründə onların işi-gücü ancaq mina basdırmaqdan ibarət olub. Bu hərəkət, eyni zamanda, hayların azərbaycanlılara necə dərin nifrət hissi bəslədiklərinin daha bir nümunəsidir.

Ancaq haylar bilməlidirlər ki, müdrik, namuslu və zəhmətkeş Azərbaycan xalqı bu çətinliyin də öhdəsindən gələcək, tarixən cənnət adlandırılan, məhsuldar, barlı-bərəkətli Qarabağ torpağı yenə əvvəlki günlərinə qayıdacaq. Bu gözəl diyar minalardan tam təmizlənəcək, yenə də insanlar burada qurub yardacaq. Xain hayların etdiyi pisliklər isə insanlıq adına utanc olmaqla bəşəriyyətin tarixində qara ləkə kimi qalacaq.

Daha çox xəbərlər