Çin-Azərbaycan dostluğunun təməlini qoyan dahi
Azərbaycanın müasir dünya düzənində qurduğu uğurlu diplomatik münasibətlər çoxsaylı ölkələrlə siyasi, iqtisadi, mədəni əlaqələrimizin genişlənməsinə təkan verib. Bu baxımdan Azərbaycan-Çin münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Həmin münasibətlərin uğurlu, həm də davamlı inkişafını təmin edən şəxs isə Ulu Öndər Heydər Əliyev olub. Ümummilli Lider hələ sovetlər dönəmində Çinin əhəmiyyətini və gələcək perspektivlərini görür, bu ölkə ilə münasibətlərin inkişafına çalışırdı. Ulu Öndər Azərbaycan müstəqilliyini elan etdikdən sonra da bu xətti inamla davam etdirib.
Elə srağagün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən müsahibə alan Çinin “China Media Group” media korporasiyasının müxbiri də bu məqamlara toxunub. Bu il Ulu Öndərin 100 illiyinin qeyd olunduğunu bildirən müxbir bu dahini Çin-Azərbaycan dostluğunun təməlini qoyan şəxs kimi dəyərləndirib. Yüksək dəyərə görə müxbirə təşəkkürünü bildirən Prezident İlham Əliyev vurğulayıb ki, Ulu Öndər həqiqətən də Azərbaycan-Çin münasibətlərinin inkişafında danılmaz rol oynayıb: “O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bunun təməli məhz o vaxt qoyulub və bu gün mən olduqca şadam ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir və daha çox sahələri əhatə edir”.
Müxbir Ulu Öndərin Çinə rəsmi səfəri zamanı rəsmi proqramdan əlavə sadə çinli ailələrlə, məktəblilərlə görüşdüyünü xatırladıb. Üstəlik, həmin görüşlərdən fotolar təqdim edib. Bütün bu məlumatlara, fotolara özünəməxsus şəkildə reaksiya verən Prezident İlham Əliyev müxbirin fikrinə şərik olduğunu bildirib: “Bəli. Bu, bir daha onu nümayiş etdirir ki, sizin dediyiniz kimi, o, yalnız rəsmi təmaslarla kifayətlənmirdi və xalqlar arasında münasibətlər qurmağa çalışırdı”. Müxbirin: “Atanız Çini və oraya səfərlərini Sizə necə təsvir edirdi? Çin onun üçün nə demək idi və Siz nəsildən-nəslə ötürülmüş bu dostluğun davamını necə görürsünüz?” sualına isə cavabında qeyd edib ki, hələ Ulu Öndər SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən Çin nümayəndələri ilə bir çox görüşlər keçirib: “O, ölkənizin dinamikası və inkişafından yaxşı xəbərdar idi. Müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra isə onun əsas xarici siyasət prioritetlərindən biri Çinlə ikitərəfli münasibətlər qurmaq idi. Xatırlayıram ki, o, Çinə rəsmi səfərdən böyük təəssüratla qayıtmışdı. Heydər Əliyev Çinin artmaqda olan gücünü, həmrəy cəmiyyətini və aydın məqsədlərə malik ölkəni gördü – bunlar təxminən 30 il öncə baş vermişdi”. Sıravi insanlarla görüşlərin isə Ümummilli Liderin təbiəti ilə bağlı olduğunu xatırladan Prezident İlham Əliyev, həmçinin bildirib ki, bizim ikitərəfli münasibətlərimizin təməli həmin tarixi səfər nəticəsində qoyuldu və həmin vaxtdan onların dinamik inkişafı üçün mühüm potensial vardır. Prezident bu sözləri də əlavə edib: “Bizim və şəxsən mənim hədəfim isə dünyanın və Azərbaycanın dəyişməkdə olduğunu nəzərə alaraq Heydər Əliyev siyasətini davam etdirmək, ölkəni müasirləşdirmək, bir də heç vaxt digərlərinin hökmranlığı altında yaşamamaq üçün müstəqilliyimizi möhkəmləndirmək, özünü təmin edən güclü iqtisadiyyat qurmaq və insanların daha yaxşı yaşamasına şərait yaratmaqdır”. Bununla da Prezident Çin ilə münasibətlərin möhkəmləndirilməsinin ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu bir daha diqqətə çatdırıb.
Məlumat üçün bildirək ki, Ulu Öndər hakimiyyətə qayıdışından sonra ilk rəsmi səfərini 7 mart 1994-cü ildə Çin Xalq Respublikasına edib. Həmin səfər çərçivəsində Çin Xalq Respublikasının sədri Tszyan Tszemin və Ulu Öndər Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzalayıb, həmçinin hava yolunun açılması, elmi-texniki, mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər bağlayıblar. Martın 8-də səfərin yekunları barədə jurnalistlərə açıqlamasında Ulu Öndər Azərbaycanın üzləşdiyi ən böyük problem – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barəsində ətraflı söz açıb, onun həll olunması üçün BMT Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinin, o cümlədən Çinin səylərini birləşdirməyin vacibliyini vurğulayıb. Keçirilən digər görüşdə isə Ümummilli Lider deyib: “Açığını deyirəm, biz özümüzü evimizdəki kimi hiss edirik. Bu, olduqca vacibdir, çünki biz Çin Xalq Respublikası ilə dostluq münasibətləri yaratmağa çalışırıq. Odur ki, bu səfər, Azərbaycan prezidentinin Çinə ilk səfəri məhz belə münasibətlər yaradılmasının və bu münasibətlərin inkişaf etdirilməsinin zəruriliyindən irəli gəlir”. Yeri gəlmişkən qeyd edək ki, Ulu Öndər həmin səfəri Azərbaycan üçün böyük tarixi hadisə kimi dəyərləndirib: “Ümumən isə belə hesab edirəm ki, Çin Xalq Respublikasına səfərimiz böyük tarixi hadisədir. Çünki Çin ilə Azərbaycan arasında heç vaxt bu səviyyədə əlaqələr olmamışdır. Doğrudur, tarixən müəyyən əlaqələr, “Böyük Ipək yolu” və s. olduğunu xatırlayırıq. İndi isə, təkrar edirəm, dövlətlərarası sıx münasibətlərin yaranması böyük siyasi hadisədir. İlk növbədə Azərbaycan Respublikası üçün böyük hadisədir”. Bəli, həqiqətən bu səfəri ilə Ulu Öndər Azərbaycanın müstəqilliyinin ilk illərində bir çox çətinliklə üzləşdiyi vaxtda uzaqgörən siyasi və böyük cəsarəti ilə ölkəmizin tarixində yeni səhifə açmağa nail olub. Bütün bunlar barədə “Heydər Əliyev-100. Çin səfərinin tarixi” kitabında ətraflı məlumat verilib.
Qeyd edək ki, bu gün ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin də xidmətləri danılmazdır. Bu mənada Çin Xalq Respublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyevi Çinin böyük dostu adlandırması heç də təsadüfi deyil.

