Qanvermə aksiyasına kimlər qoşula bilməz?
Hər il Aşura mərasimi ilə əlaqədar olaraq ənənəvi qanvermə aksiyası keçirilir. Qanvermə aksiyalarında həkim müayinəsindən keçən və sağlamlığı qənaətbəxş olan hər kəs iştirak edə bilər. Lakin həmin aksiyada iştirak edə bilməyənlər də var.
ARANTV.AZ xəbər verir ki, Mərkəzi Qan Bankının müdir müavini Xəyalə Qafarova bununla əlaqədar olaraq deyib: “18-65 yaş arası olan və 50 kiloqramdan artıq çəkisi olan hər kəs qan verə bilər. Hansısa xəstəliklə əlaqədar dərman preparatı qəbul edənlər, cərrahi əməliyyat keçirənlər, döymə, hicama etdirənlər bir il qan verə bilməzlər. Hepatit A, C, İİV/QİÇS və siflis testlərindən biri pozitiv olanlar qan verə bilməzlər. İnsulin qəbul edən şəkərli diabet xəstələrinin də qan verməsinə icazə verilmir”.
Aksiya zamanı toplanan qandan talassemiya, hemofiliya, irsi qan xəstəliyindən əziyyət çəkənlərə, doğuş zamanı qan itirənlərə, avtoqəzalar və planlı əməliyyatlar zamanı istifadə olunur.

