Azad Qarabağın abad nəfəsindən…
Dosta fərəh, düşmənə gözdağı, dünyaya həqiqət yayılır
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində qazandığımız tarixi Zəfərimizdən sonra müəyyənləşdirilən əsas prioritetlərdən biri işğaldan azad edilmiş torpaqlarımızın yenidən qurulması və bərpası, tezliklə Böyük Qayıdışı gerçəkləşdirməkdir. Qürur hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında Azərbaycan yalnız öz iqtisadi resursları hesabına, heç bir beynəlxalq təşkilatdan kömək almadan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların doğma torpaqlarına geri qayıtması və respublikamızın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayır. Bütün sadalanan bu amillər Azərbaycanın nə qədər güclü və qüdrətli bir dövlət olduğunu bir daha sübuta yetirmiş olur.
Uğurla, ardıcıl və məqsədyönlü…
2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanmışdır.
Həmçinin enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Ərazilərdə zəruri rabitə infrastrukturu qurulmaqla bu sahədə xidmətlər – mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. təşkil edilmişdir. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində əsas prioritetlərdən biri də ərazilərin minalardan və digər hərbi sursatdan təmizlənməsidir. Minatəmizləmə fəaliyyətinə dair təsdiq edilmiş illik tədbirlər planına uyğun olaraq, münaqişənin təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, həmçinin onların daşınması və zərərsizləşdirilməsi, minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalmış ərazilərin nişanlanması, müvafiq xəritələrin tərtibi və elektron məlumat bazasına daxil edilməsi, eləcə də xəritələrin şəhər və rayon mərkəzlərində yerləşdirilməsi qeyd olunan istiqamətdə atılacaq zəruri addımlardır.
İlk müjdələr…
Ötən il qaçqın və məcburi köçkün soydaşlarımız işğaldan azad edilmiş ərazilərə ilk qayıdışın böyük sevincini yaşayıblar. Belə ki, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” konsepti ilə inşa olunan yaşayış məntəqəsi məskunlaşdırılıb. Ağalı kəndinin bərpası Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin növbəti təntənəsinə çevrildi. Qeyd edək ki, kəndin qısa müddətdə sakinlərin ixtiyarına verilməsinə baxmayaraq, bütün zəruri infrastrukturlar yüksək səviyyədə idi. Kənddə innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. Növbəti mərhələ çərçivəsində 150 evin tikilməsi nəzərdə tutulur. Kənddə enerjiyə tələbat alternativ enerji mənbələri vasitəsi ilə təmin olunur.
Eyni zamanda, Ağalıda Smart DOST, ASAN, Azərpoçt, Kiçik və orta biznesin inkişafı mərkəzləri fəaliyyət göstərir. Xüsusilə vurğulanmalıdır ki, kəndin aqrar sektorunun inkişafına xüsusi önəm verilib. Ağalının kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb. Sakinlər burada yaradılan şəraitdən çox məmnundurlar.
Böyük Qayıdış proqramı cari ildə də uğurla davam etdirilir. Mart ayının 16-da Novruz bayramı ərəfəsində 20 ailənin Talış kəndinə köçürülməsi təmin olundu. Üç onillik ərzində ağır köçkünlük taleyi yaşayan soydaşlarımız 30 ildən sonra doğma yurd yerlərində Novruz tonqalları yandırmağın sevincini yaşadılar.
Laçında Azərbaycan bayrağının ucaldılması və bura soydaşlarımızın köçürülməsinə start verilməsi də əlamətdar hadisədir. Son bir neçə ayda Laçına məcburi köçkün soydaşlarımızın mərhələlərlə köçü baş tutub. Prezident İlham Əliyev doğma yurd yerlərinə qayıdan ailələrlə görüşərək, onlara xeyir-dualarını verib. Cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub. Bütövlükdə bəhs olunan dövrdə 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9-u isə çoxmənzilli binadır. Həmin binalarda 144 mənzil hazırlanıb. Birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaq.
İyulun 25-də Laçına qayıdışın 8-ci köç prosesi gerçəkləşib. Yenidən qurulan Laçın şəhəri bu dəfə 19 ailəyə qucaq açıb və daha 89 nəfər laçınlı yurduna qovuşub. Bununla da Laçın şəhərində 152 ailə, yəni 591 nəfərin daimi məskunlaşması təmin edilib.
Belə layihələrin icrası digər ərazilərdə də həyata keçirilir. Artıq bir neçə şəhərin tikinti layihəsi hazırlanaraq Prezident İlham Əliyevin iştirakı ilə geniş ictimaiyyətə təqdim olunub. Mayın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin təməlinin qoyulması mərasimlərində iştirak ediblər. Hazırda mədəniyyət paytaxtımız olan Şuşa böyük quruculuq meydanını xatırladır. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da – Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi günündə Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub, 17 binadan ibarət 2-ci yaşayış kompleksinin də təməlqoyma mərasimi keçirilib.
Töhfələr…
Qarabağın və Şərqi Zəngəzurun bərpasına birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun töhfələri də kifayət qədər böyükdür.
Bütövlükdə, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun işğaldan azad edilmiş ərazilərdə reallaşdırdığı layihələrin sayı kifayət qədər çoxdur. Məsələn, Heydər Əliyev Fondu tərəfindən Şuşada Mehmandarovların malikanə kompleksi bərpa olunub. Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında, həmçinin Yuxarı Gövhər Ağa məscidinin yenidən qurulması, Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının bərpası layihələrini uğurla reallaşdırıb. Mayın 10-da isə dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışında iştirak edib, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində burada təşkil edilən “Heydər Əliyev və Qarabağ” fotosərgisi və Gül Festivalı ilə tanış olublar.
Şübhəsiz ki, 3-4 il ərzində Şuşa təkcə Azərbaycanın və Qafqazın deyil, dünyanın ən gözəl şəhəri kimi şöhrət qazanacaq.
Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün dövlət büdcəsindən 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. Bu ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün ötən illə müqayisədə 13 faiz çox, yəni 3 milyard manat nəzərdə tutulub. Artıq həmin vəsaitin 60 faizi istifadə olunub. Bu da Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması ilə bağlı işlərin sürətlə həyata keçirilməsinə dəlalət edir. Bununla belə, Azərbaycanın maliyyə imkanlarının artması ilə əlaqədar olaraq dövlət büdcəsinə yenidən baxılaraq onun xərclər hissəsi 3 milyard manat artırılıb. Həmin vəsaitin 1,8 milyard manatı isə Qarabağın və Şərqi Zəngəzurun bərpasına ayrılıb.
İşğaldan azad olunmuş ərazilərin sürətlə bərpa edilməsi, “Böyük Qayıdış” proqramının uğurla reallaşdırılması birmənalı şəkildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, Azərbaycan dövlətinin gücünün və qüdrətinin əyani göstəricisidir.

