Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa…
Dövlət başçısı İlham Əliyev Şuşa Qlobal Media Forumunda tarixi həqiqətləri faktlarla tədbir iştirakçılarının diqqətinə çatdıraraq bildirdi ki, ermənilərin kütləvi surətdə Qarabağa köçü XIX əsrin birinci yarısında başlamışdır
Məlum olduğu kimi iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın sayca altıncı görüşü keçirildi. Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində yaradılan yeni reallıqlar beynəlxalq aləmdə, o cümlədən Ermənistan tərəfindən də qəbul edilir. Ermənistanın baş naziri son Brüssel görüşündə Azərbaycanın 86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdığını bir daha qəti şəkildə təsdiqlədi. Davamlı diplomatik uğurlarımız Azərbaycanın beynəlxalq aləmdəki reytinqinin getdikcə yüksəlməsindən xəbər verir. Ermənistan Azərbaycanın irəli sürdüyü bütün təklifləri qəbul etməyə məcburdur. Bu baxımdan ki, bu təklif beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirir. Üçtərəfli görüşdə sərhədlərin delimitasiyası üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi” əsas kimi qəbul edilib. Ümumiyyətlə, sərhədlərin delimitasiyası, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi, nəqliyyat dəhlizlərinin açılması, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər hissələri ilə nəqliyyat əlaqəsinin yaradılması, qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması məsələləri müzakirə olunub. Bu məsələlər Prezident İlham Əliyev tərəfindən bütün görüşlərdə qaldırılıb. Mühüm məsələlərdən bir də humanitar daşımaların Bərdə-Ağdam istiqamətindən daşınması perspektivinin müzakirə mövzusu olmasıdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bu təklifi dəstəkləməsi Azərbaycanın növbəti uğuru kimi dəyərləndirildi.
Qarabağda yaşayan erməni əsilli sakinlərin ölkəmizin tərkibində Azərbaycan Konstitusiyası və suverenliyi çərçivəsində yaşaması ilə əlaqədar məsələ də diqqətdədir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi daxili işimizdir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Dövlət başçısı İlham Əliyev Şuşa Qlobal Media Forumunda bir daha diqqəti bu məsələyə yönəldərək bildirdi ki, hazırda danışıqlar masasında əsas məsələlərdən biri Ermənistanın rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsidir: «Onlar bunu şifahi şəkildə ediblər, bu, onların mövqeyidir. Biz onu qəbul etdik. Onların baş naziri dedi, “Qarabağ Azərbaycandır”. Kaş ki, o, bunu 2019-cu ildə deyəydi. Amma o, Xankəndidə tamamilə başqa bir söz demişdi. Ancaq o, bu gün həmin sənədə öz imzasını qoymalıdır. Bizim sülh sazişimizin layihəsində belə bir bənd var ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur. Çünki hazırda onların mövqeləri qeyri-müəyyəndir. Bir tərəfdən deyirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, amma digər tərəfdən də deyirlər ki, Qarabağdakı erməni icması da sülh danışıqlarına hər hansı bir şəkildə daxil edilməlidir. Bu məsələ mümkünsüzdür.» Cənab İlham Əliyev bu çağırışı etdi ki, Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır: «Ümid edirəm ki, biz yekun mərhələyə çatacağıq. Proqnoz vermək çətindir. Mən bizdən asılı olan məsələlərlə bağlı proqnoz verə bilərəm. Ancaq biz danışıqlarla bağlı ümidliyik. Amma biz o qədər də nikbin deyil, real olmalıyıq.»
Son Brüssel görüşündə də Qərbi Azərbaycan icması və Qərbi azərbaycanlıların qayıdışı məsələsi müzakirə edildi. Bu da Azərbaycanın diplomatik uğurları silsiləsindəndir. Çoxsaylı tarixi sənədlər, xəritələr, qədim tariximiz də təsdiqləyir ki, Qərbi Azərbaycan bizim əzəli torpağımızdır. Ermənilər Qarabağda olduğu kimi, orada da tarixi-dini abidələrimizi yerlə-yeksan etməklə, xəritələri saxtalaşdırmaqla azərbaycanlıların tarixi irsini silməyə çalışıb, həmin ərazilərin ermənilərə məxsus olduğunu sübut etmək istəyib, lakin buna nail ola bilməyiblər.
«Beynəlxalq hüququn fundamental prinsipləri var, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi bu prinsiplərdir. Lakin öz müqəddəratının təyin olunması ərazi bütövlüyü prinsipini kölgədə qoymur və nəzərə alsaq ki, Ermənistan artıq müstəqil dövlət kimi mövcuddur» söyləyən dövlət başçısı İlham Əliyev tarixi həqiqətləri bir daha Media Forumunun bir araya gətirdiyi 49 ölkədən 150 qonağın diqqətinə çatdırdı. Bir daha bildirildi ki, ermənilər Azərbaycan ərazisində uzun müddətdir yaşayırlar. Onların kütləvi surətdə Qarabağa köçü XIX əsrin birinci yarısında başlamışdır. 1805-ci ildə Kürəkçay müqaviləsi nəticəsində Qarabağ xanlığı, ondan sonra imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə isə Azərbaycanın digər xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edilmişdir. Ondan sonra daha çox İrandan və Şərqi Anadoludan ermənilərin kütləvi məskunlaşması prosesi başlamışdır. Bunu təsdiqləyən çoxlu sənədlər var: «Görkəmli dövlət xadimlərinin yazıları, məktubları, açıqlamaları – bütün bunlar tarixən təsdiqlənir. Yəni, onlar bu torpaqlara – Qarabağ torpağına qonaq kimi gəlmişdilər, o cümlədən Şuşaya. Onlar iddia edirdilər ki, Şuşa erməni şəhəridir. Birincisi, Şuşa şəhərinin tarixi o qədər də uzaq illərə getmir. 1752-ci ildə Pənahəli xan Şuşada şəhər salmışdır və keçən il Azərbaycanda “Şuşa İli” elan olunmuşdur. Çünki biz Şuşanın 270 illiyini qeyd edirdik. Yaradılandan işğala qədər Şuşada yaşayanların mütləq əksəriyyəti azərbaycanlılar olub.»
Dövlət başçısı İlham Əliyev tarixi ədalətə söykənərək bu hədəfi böyük əminliklə açıqladı ki, biz Qərbi Azərbaycana qayıdacağıq. Ölkə Prezidenti bu əminliyi, eyni zamanda, 30 illik torpaq həsrətinə son qoyulmasına söykənərək ifadə edir. Belə ki, dünya hüquq problemini yaşasa da, əksər dünya gücləri ədaləti və beynəlxalq hüququ maraqlarının arxasında əridib özlərinə qarşı inamsızlıq mühiti yaratsalar da, ədalət hər zaman zəfər çalır. Bunun üçün səyləri artırmaq, tarixi həqiqətlərin təbliği işini gücləndirmək lazımdır. 30 illik işğal dövründə beynəlxalq hüququn işləmədiyini dilə gətirsək də, sonda Qarabağ münaqişəsi ilə bağlı möhkəm hüquqi bazanın mövcudluğu döyüş meydanında qələbəmizi şərtləndirdi. Tezliklə, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza bu müjdəni çatdıracaq- Biz Qərbi Azərbaycana qayıtdıq!

