Gündəm 

Bizim “KAAN”ımız!

Türkiyə ilə Azərbaycan arasında hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub

Dünyada və regionda baş verən proseslər, qlobal güc mərkəzlərinin maraqlarının toqquşması nəticəsində davam edən müharibələr və hərbi təhdidlərin artması Türkiyə ilə Azərbaycan arasında strateji müttəfiqliyin nə dərəcədə önəmli olduğunu bir daha nümayiş etdirir. İki qardaş ölkənin bütün sahələri əhatə edən əməkdaşlığı tarixdə heç vaxt olmadığı qədər ali səviyyəyə qalxıb. Son illər yüksələn xətlə davam edən bu birlik və bərabərliyin ən bariz nümunəsi isə sözsüz ki, 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək oldu. Məhz bu dəstək ölkəmizə qarşı haqsız təzyiqlərin neytrallaşdırılmasında birbaşa rol oynadığı kimi, qardaş ölkədə istehsal edilmiş hərbi sənaye məhsulları, xüsusilə “Bayraktar” Pilotsuz Uçuş Aparatları (PUA) şanlı Qələbəmizin əldə edilməsində əsas amillərdən birinə çevrildi.

30 ilə yaxın erməni işğalında qalmış torpaqlarımızın azad edilməsi ilə Cənubi Qafqazda lider dövlət mövqeyini daha da gücləndirən Azərbaycan regionda yaratdığı yeni reallıqlar zəminində ordu quruculuğunun yeni mərhələsinin startını verdi. Proses, təbii ki, Vətən müharibəsinin nəticələri diqqətə alınmaqla həyata keçirilir. Bu mənada Türkiyə ilə hərbi əməkdaşlıq sahəsində atılan addımlar, imzalanan yeni müqavilələr və həyata keçirilən böyük layihələr Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində modernləşdirilməsinə mühüm töhfələr verməkdədir.

2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında digər sahələrdə olduğu kimi hərbi əməkdaşlıq münasibətlərinin inkişafının da “yol xəritəsinə” çevrilib. Bəyannamənin müddəalarına əsasən, tərəflərin iki qardaş ölkənin Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam etməsi nəzərdə tutulur. Bundan başqa, Türkiyənin və Azərbaycanın müdafiə qabiliyyətlərinin, hərbi təhlükəsizliklərinin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsi, birgə təlimlərin keçirilməsi, müasir texnologiyalara əsaslanan silah-sursatların idarə olunmasında sıx əməkdaşlıq, bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi və s. kimi müddəalar da ordumuzun modernləşdirilməsi və döyüş qabiliyyətinin artırılması istiqamətində geniş imkanlar açır.

İmzalanmasından cəmi iki il ötməsinə baxmayaraq, Şuşa Bəyannaməsində hərbi əməkdaşlıqla bağlı nəzərdə tutulmuş bir sıra müddəaların reallaşdırılması üzrə artıq ciddi addımlar atılıb. Bugünlərdə həyata keçirildiyi elan edilən Türkiyə və Azərbaycan ortaq “HAKİM” Hava Komandanlıq İdarəetmə Sistemi layihəsi iki qardaş ölkənin hava məkanının təhlükəsizliyinin təmin olunması, Hərbi Hava Qüvvələrinin (HHQ) birgə əməliyyatlar həyata keçirməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Azərbaycan “HAKİM” sayəsində hava məkanımızın təhlükəsizliyi istiqamətində ciddi addımlar atmaqla yanaşı, HHQ-nin arsenalında olan döyüş təyyarələrinin modernləşdirilməsini də diqqətdə saxlayır. Bu məqsədlə iyulun 26-da Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin “TUSAŞ” şirkəti arasında “Su-25” təyyarələrinin modernləşdirmə layihəsi üzrə müqavilənin imzalanma mərasimi keçirilib.

HHQ-dən söz düşmüşkən, Türkiyə müdafiə sənayesi bu sahədə inqilabi yeniliklər etməkdə, düşmənlərini qorxuya salan nailiyyətlər qazanmaqdadır. Qardaş ölkədə istehsal etdiyi “Atak T-129” döyüş helikopteri, “Bayraktar TB-2”, “Bayraktar Akınçı”, “Aksungur”, “Anka-3” və digər öz sinfində ən yaxşılardan sayılan PUA-lar, kamikadze dronlar, hazırda testləri keçirilən “Bayraktar TB-3”, dünyada bir ilk olan pilotsuz döyüş təyyarəsi “Kızılelma” Azərbaycanın da HHQ-ni gücləndirməsinə öz töhfəsini verməkdədir. Belə ki, Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin PUA və pilotsuz döyüş təyyarəsi istehsalında dünya markasına çevrilmiş “Baykar” şirkəti arasında Azərbaycanda müştərək istehsal müəssisənin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. Bundan başqa,

bugünlərdə Türkiyədə keçirilən ənənəvi “İDEF – 2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində gələcəkdə milli döyüş təyyarələrinin istehsalı sahəsində həyata keçirilməsi planlaşdırılan birgə layihələrdə yer alacaq mühəndis texniki personalın hazırlanması məqsədi ilə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin “TUSAŞ” şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Qeyd edək ki, sözügedən şirkət Türkiyənin milli döyüş təyyarəsi olan “KAAN”ın istehsalında artıq son mərhələlərə yaxınlaşmaqdadır. 2017-ci ildə qəbul edilmiş Türkiyədə Milli Döyüş Təyyarələri proqramı çərçivəsində hazırlanan beşinci nəsil qırıcısı “KAAN” ilk uçuşunu bu il həyata keçirəcək, onun kütləvi istehsalı isə 2028-ci ildə başlayacaq. Tam açıqlanmasa da, mütəxəssislərin qənaətincə, qırıcı taktiki-texniki xüsusiyyətlərinə görə hətta ABŞ-ın F-35 təyyarələrini belə üstələyəcək və gələcəkdə ölkənin Hərbi Hava Qüvvələrində istismarda olan F-16-ları əvəz edəcək.

İyulun 27-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə “TUSAŞ” arasında imzalanan hərbi-texniki əməkdaşlıqla bağlı yeni sazişə əsasən, Azərbaycan da Türkiyə ilə birlikdə “KAAN”ın təkmilləşdirilməsində iştirak edəcək. “IDEF-2023” sərgisində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əldə olunan razılaşmanı iki dövlətin müdafiə sənayesi sahəsindəki əlaqələrinin yeni mərhələsi adlandırıb.

Türkiyə ilə Azərbaycanın hərbi və müdafiə sənayesi sahəsində sürətlə inkişaf edən əməkdaşlığı ölkələrimizin təhlükəsizliyinin qarantıdır. Bu birlik, qardaşlıq, müttəfiqlik, eyni zamnada, ərazi bütövlüyümüzə və suverenliyimizə kəm baxanlara da ciddi mesajdır. Hər kəs anlamalıdır ki, Azərbaycan həm özü güclü və qüdrətli bir dövlətdir, həm də Türkiyə kimi qardaşı var!..

Daha çox xəbərlər