Azərbaycan-Çin dostluq münasibətləri uğurlu inkişaf mərhələsində
Azərbaycanın müasir dünya düzənində qurduğu uğurlu diplomatik münasibətlər çoxsaylı ölkələrlə siyasi, iqtisadi, mədəni əlaqələrimizin genişlənməsinə təkan verib. Bu baxımdan Azərbaycan-Çin münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Həmin münasibətlərin uğurlu, həm də davamlı inkişafını təmin edən şəxs isə dahi şəxsiyyət Heydər Əliyev olub. Ulu Öndər hələ sovetlər dönəmində Çinin əhəmiyyətini və gələcək perspektivlərini görür, bu ölkə ilə münasibətlərin inkişafına çalışırdı. Heydər Əliyev Azərbaycan müstəqilliyini elan etdikdən sonra da bu xətti inamla davam etdirib.
Azərbaycan Prezidenti cənab İlham Əliyev iyul ayının 22-də “China Global Television Network” televiziya kanalına verdiyi müsahibədə Azərbaycanla Çin arasında olan mehriban dostluq münasibətlərindən, Azərbaycan-Çin münasibətlərinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən, praktiki fəaliyyətdən, eyni zamanda gələcəkdə Azərbaycan və Çini biri-birinə uzun müddət dayanıqlı şəkildə yaxınlaşdıracaq fəaliyyətindən danışıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışında Azərbaycanın Çinlə artan istiqamətdə davam edən əməkdaşlığı əsas müzakirə mövzularından biri oldu. Prezidentin Çin Televiziyasına verdiyi müsahibədə səsləndirilən fikirlər ikitərəfli əlaqələrin yüksək səviyyəsindən xəbər verir. İkitərəfli münasibətlərin genişlənməsində dövlət başçıları arasında dostluq münasibətləri xüsusi rol oynayır. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü «Bir kəmər, bir yol» təşəbbüsünə dəstək verən ilk ölkələrdən biri olub. Azərbaycan Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan, Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır. Dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı yüksəkdir.
Azərbaycan-Çin əməkdaşlığının inkişafının iki xalqın mənafeyinə uyğun həyata keçirilməsində, qlobal və regional səviyyələrdə sülh və təhlükəsizliyin möhkəmləndirilməsində hər iki ölkə maraqlıdır. Çinlə iqtisadi cəhətdən əməkdaşlıq genişlənir. Azərbaycan iqtisadiyyatında Çinin müxtəlif şirkətləri iştirak edirlər. Eyni zamanda, Çin ilə Azərbaycan arasında əməkdaşlığın daha bir konkret təzahür forması var ki, bu da qədim İpək yolunun bərpası ilə əlaqədar aparılan işlər çərçivəsində reallaşır. Rəsmi Bakı və Pekin hazırkı mürəkkəb dövrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, regional və beynəlxalq təhlükəsizlik, iqtisadi inkişaf, mədəni əlaqələrin genişləndirilməsi baxımından həm region dövlətləri, həm də dünya üçün faydalı təşəbbüslərlə çıxış edir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Çinlə Azərbaycanın əməkdaşlığı hər iki ölkənin mənafeyinə tamamilə uyğundur.
Ermənistan-Azərbaycan münasibətlərindən danışan ölkə Prezidentimiz qeyd edib ki, Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Artıq dediyim kimi, bir – onlar qeyd etməlidir ki, Qarabağ Azərbaycandır və indi isə, onlar ikincini etməlidirlər: imzalamalıdırlar. Bundan sonra razılaşma əldə oluna bilər və düşünürəm ki, əgər ermənilər söylədiklərini yerinə yetirərlərsə və əgər bu, yenidən siyasi manevr deyilsə, prosesi yubatmaq cəhdləri naminə ixtira edilən hekayət deyilsə, onda biz ilin sonuna qədər sülh müqaviləsinə nail olaraq, onu imzalaya bilərik. Bu, həqiqətən mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar, Qafqazda real sülh yaradar, bütün kommunikasiyaları açar”.
Göründüyü kimi, iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlıq mövcuddur və bu əlaqələri daha da inkişaf etdirmək üçün geniş potensial var. Azərbaycan-Çin arasındakı dostluq əlaqələri daha da möhkəmlənəcək və ölkələrimizin gələcək rifahına öz töhfəsini verəcəkdir.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı aparatının məsul əməkdaşı

