Cəmiyyət 

Qərbi Azərbaycan: Qayıdış üçün dinc mübarizə əzmlə davam etdiriləcək

Qərbi Azərbaycan, indi Ermənistan adlandırılan ərazi ta qədimdən oğuz-türk yurdu olub. Bu ərazilərdə azərbaycanlılar min illərlə yaşayıblar. Zaman-zaman soydaşlarımızın oradan qovulması dövlət orqanlarının zorakılıq tətbiq etmək, kütləvi qırğınlar törətmək, insanlığa qarşı digər cinayətlər və insan hüquqlarının pozulması kimi sistemli səyləri ilə xarakterizə olunan uzun və ağrılı proses olub. Bu zorakı proses tarix boyu təkrarlanmaqla, xüsusən 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə daha amansız olmuşdur. Nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb.

Ən dəhşətlisi odur ki, təkcə 1948-1953-cü illər bu ərazidən 150 min nəfərə yaxın, 1988-1991-ci illərdə isə 300 min nəfərə yaxın soydaşımız deportasiya olunub. Sonuncu deportasiya zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən 300 minə yaxın soydaşımız zorla qovulub, 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb. Həmin vaxt erməni barbarları tərəfindən 300-dən artıq məscid, müqəddəs məkan və ziyarətgah dağıdılıb, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib.

Hazırda ölkəmizin başçısının tapşırığı ilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü addımlar atılır. Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşündəki çıxışı zamanı verdiyi tapşırıqlar əsasında hazırlanmış Qərbi Azərbaycana Qayıdış Konsepsiyası bu gün uğurla reallaşmaqdadır. Ölkəmizin başçısı proqram xarakterli, tapşırıq və tövsiyələrlə zəngin çıxışında ermənilərin tarixən Cənubi Qafqazda heç vaxt dövlətinin olmadığına yenidən diqqət çəkərək bildirib: “Onların bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövləti olmayıb. Əgər nə vaxtsa olubsa, – hələ bəlli deyil kimin dövlətini onlar öz adlarına çıxmaq istəyirlər, – bu, başqa yerdə olub. Ona görə, biz bunları mütləq məqsədyönlü şəkildə, təşkilatlanmış qaydada, düzgün formada təqdim etməliyik. Əminəm ki, buna nail olacağıq… Mən bununla paralel olaraq hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur… bu gün biz vaxt itirməməliyik… Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik”.

Bu gün dövlət başçısının rəhbərliyi ilə Qərbi Azərbaycana sülh yolu ilə qayıdış istiqamətində məqsədli, genişləndirilmiş və davamlı işlər görülür, əhəmiyyətli layihələr həyata keçirilir. Belə ki, icmanın təşəbbüsü ilə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müəyyən qərarlar qəbul olunub. Həmçinin Avropa İttifaqı səviyyəsində məsələ ilə bağlı müzakirələr aparılıb.

Çox təəssüf ki, bu gün azərbaycanofobiyanın hökm sürdüyü Ermənistanda bəzi dövlət və hökumət rəsmiləri tərəfindən Qərbi Azərbaycana qayıdışla bağlı qəbulolunmaz bəyanatlar səsləndirilir. Təbii ki, həmin rəsmilərin azərbaycanlıların guya deportasiyaya məruz qalmadıqları, evlərinin əvəzində kompensasiya alaraq öz əzəli torpaqlarını tərk etmələrinə dair iddiaları əsassızdır və heç bir mənəvi-əxlaqi dəyərlərə sığmır. Soydaşlarımızın öz tarixi torpaqlarından zor gücünə qovulması faktının inkar edilməsi, Hayastanın azərbaycanlılara qarşı sistemli və məqsədyönlü şəkildə onilliklər ərzində həyata keçirdiyi etnik təmizləmə siyasətinə bəraət qazandırmasının əyani təsdiqidir.

Artıq Qərbi Azərbaycan İcması son günlər bir sıra Ermənistan rəsmiləri tərəfindən soydaşlarımızın öz doğma torpaqlarına qayıdışına dair səsləndirilən bəyanatları qınayıb. İcmanın açıqlamasında bildirilir: “Ermənistan rəsmilərinin bəyanatları həm də onu göstərir ki, Ermənistan son vaxtlar Qərbi Azərbaycana qayıdış məsələsinin beynəlxalq müstəviyə çıxarılmasından olduqca narahatdır”.

Həmçinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan ərazisində yaşayan dinc azərbaycanlıların fiziki məhvi, onlara qarşı qanlı qırğınlar törədilməsi, hədə-qorxu vasitəsilə əhalinin zorla köçürülməsi tarixi bir faktdır. Göstərilib ki, Hayastan tərəfinin təxribatçı iddialarına baxmayaraq, indiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı zorakılığın və deportasiyanın miqyasına dair tam təsəvvürə malik olmaq üçün xarici işlər naziri Ararat Mirzoyanın bölgədə azərbaycanlı və erməni əhalinin nisbətində hansı dəyişikliklər baş verdiyi ilə tanış olması kifayətdir: “Yaxşı məlumdur ki, vaxtilə Ermənistanın indiki ərazisində faiz nisbətində say çoxluğuna malik olan azərbaycanlılardan heç bir əsər-əlamət qoyulmayıb, bu fəaliyyət mütəşəkkil və məqsədyönlü siyasətin tərkib hissəsi olub”.

Bütün bunlar bir daha təsdiq edir ki, hazırda ölkəmizin başçısının tapşırığı ilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü addımlar atılır. Qırx dörd günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan bu gün öz gücü ilə əbədi azadlığına qovuşdu. Hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlarımıza-Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış proqramı uğurla icra edilir.  Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları bərpa olunsun. Gün gələcək soydaşlarımız Qərbi Azərbaycana da sülh yolu ilə qayıdacaqlar. O gün uzaqda deyil. Hər kəs buna əmin ola bilər…

Daha çox xəbərlər