Xankəndinin Ağdam yolu ilə razılaşması qaçılmazdır
Bu, separatçıların tamamilə Azərbaycana tabe olmasını təmin edəcək
Xankəndidə separatçı rejimin «blokada» şüvəninə qoşulan Ermənistanın istəyi odur ki, xarici himayədarları vasitəsi ilə Azərbaycanı öz haqlı mövqeyindən çəkindirsin. Ancaq anlamırlar ki, Prezident İlham Əliyevin ölkəmizin suverenliyi və ərazi bütövlüyü istiqamətindəki siyasi fəaliyyəti qətiyyətlidir və geri dönüşü yoxdur.
Bəli, artıq bir neçə gündür ki, Laçın sərhəd- buraxılış məntəqəsinin qarşısında ənənəvi erməni təxribatlarının şahidi oluruq. Belə ki, Azərbaycan hökumətinin razılığı olmadan Ermənistanın «Qarabağda humanitar fəlakət» şüarı ilə onlarla yük maşınını «humanitar yardım» adı altında Laçın sərhəd- buraxılış məntəqəsinə göndərməsi riyakarlıqdır. Ermənistanın baş naziri Nikol Paşinyanın «Qarabağ Azərbaycandır» açıqlamalarının ardınca belə təxribatlara getməsi bir daha göstərir ki, o, bəyanatlarında səmimi deyil.
Bu arada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, İrəvan Qarabağa yüklərin çatdırılması yollarını müzakirə edə bilməz, bunun üçün heç bir səlahiyyəti yoxdur. Bəs, bəyanatları ilə Azərbaycanın mövqeyi ilə razılaşdığını bildirən Ermənistan rəhbərliyinin «humanitar yardım şousu» əslində nəyə xidmət edir? Birincisi, bu onu göstərir ki, Paşinyanın sülh sazişini imzalamağa cəsarəti çatmır. Bu onun Ermənistandakı revanşist qüvvələr tərəfindən hakimiyyətinə ciddi təhlükə yarada bilər.
Ona görə də Ermənistan hakimiyyəti hər tərəfdən gələ biləcək təhlükəni neytrallaşdırmaq, daha doğrusu, hakimiyyətini qorumaq üçün müxtəlif bəhanələrlə sülh sazişinin imzalanması prosesini uzatmağa, vaxt qazanmağa çalışır. Məhz Xankəndidəki separatçıların məlum «şou»ları da sülhün və sabitliyin əleyhdarları üçün ideal bəhanədir.
Bu «şou»da daha çox diqqəti cəlb edən isə «yardım karvanı»nı Avropa İttifaqından olan müşahidəçilər missiyasının müşayiət etməsidir. Erməni rəsmilərinin bəyanatında isə digər hədəf Qarabağdakı Rusiya sülhməramlıları göstərilir, onlara avtomobillərin Xankəndiyə buraxılmasını təmin etmək üçün hədə dolu çağırışlar edilir. Bu «humanitar yardım» oyunlarında Ermənistanın digər məqsədi Azərbaycanla Rusiyanı qarşı-qarşıya gətirməkdir. Belə ki, onlar Rusiya sülhməramlılvrını vəzifələrini layiqincə yerinə yetirməməkdə qınayırlar. Ancaq Ermənistan Prezident İlham Əliyevin bir neçə gün əvvəl Şuşadan verdiyi qətiyyətli bəyanatlarını unutmamalıdır. Həmin bəyanatlarda birmənalı olaraq bildirilir ki, Xankəndidə və ətraf kəndlərdə Azərbaycanın dövlət siyasəti və iradəsi özünü tam bərqərar etməlidir və edəcək…
Xüsusi vurğulamaq lazımdır ki, bu istiqamətdə Azərbaycanın beynəlxalq hüquqa və normalara əsaslanan cavab addımları özünü çox gözlətmədi. Bakı Qarabağdakı ermənilərə humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə daşına biləcəyini bildirdi . Amma Xankəndidə sülhün olmasını istəməyənlərin sifarişlərini yerinə yetirən separatçılar dərhal Ağdam-Xankəndi yolundan imtina etdilər. Sual yaranır: əgər həqiqətən də bölgədə humanitar vəziyyət ağırdırsa, deyildiyi kimi, ərzaq, tibbi ləvazimatlar və s. çatışmırsa, ermənilər Ağdam-Xankəndi yolu ilə yüklərin daşınmasını niyə istəmirlər?
Əslində, Bakının alternativ yol təklifi digər önəmli məqamları da ardı ilə gətirəcək ki, bu da həm Ermənistandakı, həm də Xankəndidəki sıravi ermənilərin qanını içən korrupsionerlərin sonu deməkdir. Belə ki, Ağdam yolundan təhlükəsiz formada istifadə, avtomatik olaraq, Ağdərə-Kəlbəcər yolunda Azərbaycana məxsus avtomobillərin hərəkətinin bərpası məsələsini gündəmə gətirəcək. Yardımların Azərbaycan tərəfdən edilməsi Qarabağda 120 min erməninin yaşadığı barədə mifi dağıdacaq. Mümkündür ki, humanitar yardımın ünvanlı və dəqiq siyahı üzrə paylanılması tələb ediləcək. Bundan başqa, 30 illik işğal dövründə Qarabağda 1988-ci ilə kimi qeydiyyatda olmayan minlərlə qeyri-qanuni məskunlaşan və Qarabağın yerli ermənilərinin Azərbaycana reinteqrasiyasına qarşı çıxaraq separatçıların əsas sosial bazasını təşkil edən ermənilərin ərazilərimizi tərk etməsi tələb olunacaq. Eyni zamanda, Ermənistan büdcəsindən Qarabağa ayrılan və separatçı rejimin əsas korrupsiya mənbəyi yeri olan milyonlarla dollar maliyyə axınının qarşısı alınacaq. Ermənistandan humanitar yardım adı altında göndərilən məhsulların mənimsənilərək sonradan özlərinə məxsus ticarət obyektlərində satışına, bununla da çox gəlirli sayılan mühüm qazanc kanallarına son qoyulacaq.
Bəli, məhz Azərbaycan dövlətinin bu kimi qəti addımları bir daha göstərir ki, separatçılar və onaları himayə edənlər üçün yolun sonudur. Onalar bu həqiqəti anlamalıdırlar ki, Azərbaycan güclü dövlətdir və onun haqlı siyasi iradəsi ilə barışmaq məcburiyyətindədirlər.
Bu arada 30 il əvvəl Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətmiş qatil- qaniçən Vaqif Xaçaturyanın Laçın sərhəd- buraxılış məntəqəsində sərhədçilərimiz tərəfindən həbs edilərək ədalət mühakiməsinə təhvil verilməsi Xankəndidəki terrorçuları ciddi şəkildə təşvişə salıb. Onlar anlayırlar ki, ilahi ədalətdən qaçmaq mümkün deyil. Gec ya tez onlar cəzalarını almağa məhkumdurlar.
Elçin Zaman, «İki sahil»

