Siyasət 

Bir nömrəli missiya: Qələbə!

Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi və o uğurla başa çatdı. Biz müharibədə qalib gəldik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, müsahibəsi Azərbaycan reallıqlarının, ən əsası 30 illik torpaq həsrətimizə son qoyan, ərazi bütövlüyümüzü və  tarixi ədaləti bərpa edən tarixi Zəfərimizlə bağlı bütün məqamların dünya ictimaiyyətinə çatdırılmasında zəngin mənbədir. Bu baxımdan “Euronews” televiziyasına müsahibəsi də olduqca əhəmiyyətli və zəngin mənbədir. Cənab İlham Əliyev diqqəti dünyaya səs salan, bir dastana çevrilən Şuşa əməliyyatına yönəldərək bu  fikri xüsusi vurğuladı ki,  Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər: “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə – siyasi amillərə, işğal edilmiş ərazilərdə hərbçilərimiz üçün bir neçə müdafiə səddinin keçilməsini çətinləşdirən uzunmüddətli infrastruktur layihələrinin olmasına baxmayaraq, müharibədə qalib gəldik. Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi. Yəqin ki, Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər. Sizin gəldiyiniz, sonradan “Zəfər yolu” adlandırdığım bu yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yoldur. Onlar bu qayalı dağlara dırmaşırdılar. Beləliklə, bu amillərə, böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz Ermənistanın torpağında savaşmadıq, öz torpağımızda vuruşduq və biz Zəfər çaldıq. Beləliklə, bu, bir nömrəli missiya idi və o, artıq tamamlandı. İndi isə biz sülh haqqında danışırıq.”

Otuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir. Hər daşı, qayası tarix olan Şuşanın mütəmadi olaraq iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz olaraq  tədbirlərə ev sahibliyi etməsi bura gələn  xarici qonaqlarımızın erməni vəhşilikləri barədə dolğun məlumatlar əldə etmələrinə geniş imkanlar yaradır.  Cənab İlham Əliyev müsahibəsində onu da qeyd etmişdir ki, Şuşada qeyri-qanuni məskunlaşmalar olduğu üçün şəhər tamamilə dağıdılmamışdır. Onlar Orta Şərqdən olan erməniləri burada məskunlaşdırmaq istəyirdilər və burada bir neçə min erməni yaşayırdı. Məhz buna görə heç də bütün şəhərlər dağıdılmamışdır. Lakin Füzuli tamamilə yerlə-yeksan edilmişdir. Ağdamda da vəziyyət eynidir.

20 faiz torpaqlarımızın işğalı bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün düşməsinə səbəb olmuşdur. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış proqramı uğurla icra edilir. Soydaşlarımız doğma yurd-yuvalarına qayıtdıqları üçün sevinclidirlər. Artıq Zəngilanın Ağalı və Tərtər rayonunun Talış kəndləri sakinlərinə qovuşub, həyatının yeni mərhələsini yaşayır. Laçın şəhərinə qayıdış hələ mərhələli şəkildə davam edir. Qısa zamanda bu torpaqlarda aparılan bərpa-quruculuq işlərinin miqyası iqtisadi və maliyyə imkanlarımızın, eyni zamanda, xalqımızın necə qurucu xalq olduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında hazırkı dövrün hədəflərini açıqlayaraq bildirir ki, Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi, müdafiə gücümüzün artırılması prioritetdir. Bir müddət əvvəl cari ilin dövlət büdcəsinə əlavələrdə də qeyd olunan istiqamətlərə ayrılan vəsaitlər artırıldı.

Qeyd edilən müsahibəsində «İndi sülh bizim gündəliyimizdədir» söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki,  Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər: «Bu, onların seçimidir. Bu, bizim onları buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər? Hesab edirəm ki, bu, legitim yanaşmadır. Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur.»

Azərbaycan tolerant ölkədir. Ölkəmizdə bütün xalqların, millətlərin nümayəndələri dostluq, qardaşlıq, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanda yaşayan etnik qrupların bütün nümayəndələri eyni hüquq və vəzifələrə, təhlükəsizlik səviyyəsinə malikdirlər.

Daha çox xəbərlər