Torbada pişik var…
Koksun ermənipərəst köksü
Son üç ildə bir sıra ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, Ermənistanın kommunikasiyaların açılmasına maneçilik törətməsinə etinasız yanaşmaqdadırlar. Üstəlik, 30 il ərzində Azərbaycan ərazilərinin işğalına göz yuman həmin ölkələr və beynəlxalq təşkilatlar ölkəmizə qarşı qərəzli kampaniyaları, “tövsiyələri” davam etdirməkdədirlər. Məsələn, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koks bu günlərdə bəyanat yayaraq Xankəndi-Laçın yolu ilə əlaqədar guya Qarabağda humanitar fəlakətin yaşandığını bildirib. O bu “problemi” aradan qaldırmaq məqsədilə Azərbaycana mümkün qədər tez bir zamanda faktaraşdırıcı missiya göndərilməsini istəyib.
Halbuki buna lüzum yoxdur. Çünki “humanitar fəlakət” təcavüzkar Ermənistanın və qondarma rejimin beynəlxalq rəyi çaşdırmaq üçün ortaya atdığı provokasiyadan başqa bir şey deyil. Tini Koksa xatırlatmaq istərdik ki, Xankəndi-Laçın yolunda Qarabağda yaşayan erməni əsilli vətəndaşların humanitar məqsədlər üçün nəqliyyat vasitələrinin keçidinə heç bir maneə yoxdur. Bu mənada orada hər hansı humanitar böhrandan söhbət gedə bilməz. Digər tərəfdən, Azərbaycan onlara Ağdam-Xankəndi avtomobil yolundan da istifadəni təklif edib. Amma təcavüzkar ölkənin rəsmilərinin göstərişi ilə bir qrup separatçı həmin yolun Əsgəran rayonu ərazisindən keçən hissəsinə beton bloklar düzərək yolu bağlayıblar. Üstəlik, bu marşrutla gətiriləcək humanitar yükləri qəbul etməyəcəklərini bildiriblər.
Sual olunur: əgər Qarabağda “humanitar fəlakət” yaşanırsa, onda niyə belə addımlar atılır? Bu mənada tam qətiyyətlə demək olar ki, Qarabağda yaşayan ermənilərin humanitar yardıma əsla ehtiyacı yoxdur. Bu addım isə Ermənistanın humanitar vəziyyət barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha təsdiq edir. Bununla da haylar bölgəyə digər qüvvələri cəlb etmək, gərginliyin coğrafiyasını genişləndirmək və sülh prosesini iflasa uğratmaq, Qarabağda yaşayan ermənilərin reinteqrasiyasına mane olmaq istəyirlər. Burada deyiblər də…torbada pişik var. Şübhəsiz, bütün bunlar barədə Tini Koksun məlumatı var. Görünür, Ermənistan və erməni diasporunun təsiri altında fəaliyyət göstərən bu şəxs Azərbaycanın öz suveren ərazilərində qayda-qanun yaratmasından “narahatdır”. Şübhəsiz, bu “narahatlıq” onun erməni təəssübkeşliyindən irəli gəlir. Yeri gəlmişkən qeyd edək ki, Ermənistan xeyli vaxtdır ki, faktaraşdırıcı missiya məsələsini gündəmə gətirib. Məsələn, hələ bu ilin ilk ayının əvvəlində Ermənistan Xarici İşlər Nazirliyi belə bir təşəbbüslə çıxış edib. İndi isə Tini Koks bunu aktuallaşdırır. Bununla da o, rəhbərlik etdiyi qurumun bir daha iç üzünü açır. Belə ki, haylar yüzminlərlə soydaşımızı öz dədə-baba yurdlarından didərgin salanda, bu səbəbdən humanitar fəlakət yaşananda bu qurum faktaraşdırıcı missiyadan söhbət belə salmadı. Bu fakt həm də ondan xəbər verir ki, ərazilərimizin 30 il Ermənistanın işğalı altında qalmasının səbəbkarı məhz AŞPA kimi qurumlar, həm də bəzi Qərb dövlətləridir. Təəssüf ki, postmüharibə dövründə də AŞPA bu və ya digər formada hayları müdafiə etməkdədir. Rəsmi Bakı isə Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar verən AŞPA-dan və digər qurumlardan, o cümlədən bəzi ölkələrdən Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, ölkəmizin daxili işlərinə qarışmamağı və ikili standartlar siyasətinə son qoymağı dəfələrlə tələb edib.
Digər tərəfdən, Tini Koksun bir daha yadına salmaq istərdik ki, Laçın da, Xankəndi də Azərbaycana məxsusdur. Bu ərazilərə kimisə yalnız ölkəmiz dəvət edə bilər. Şübhəsiz, rəsmi Bakının razılığı olmadan hansısa qurumun Azərbaycana dəvət olunması sırf siyasi təxribatdır. Bu, beynəlxalq qanunlara da ziddir.
Halbuki bu gün faktaraşdırıcı missiya Qərbi azərbaycanlıları öz yurdlarından didərgin salan, onların qayıdış hüququnu inkar edən, işğal dövründə ərazilərimizdə sözün həqiqi mənasında, minalar əkməklə məşğul olan, bu səbəbdən 100 minlərlə insanın doğma ocaqlarına təhlükəsiz qayıdışını ləngidən Ermənistana göndərilməlidir. Şübhəsiz, Avropa Şurasında hökmranlıq edən ermənipərəst qüvvələr Tini Koksu cilovladıqlarından, o belə insani addımlar ata bilmir. Odur ki, o, insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmaqda davam edir.

