Cəmiyyət 

Əgər beynəlxalq təşkilatlar vaxtında reaksiya versəydi…

Meşəli soyqırımı qurbanlarının dünya ictimaiyyətinə müraciəti qatil Xacaturyanı müdafiə edənlərə ciddi xəbərdarlıqdır

Meşəli kəndində baş verən soyqırımı erməni silahlı birləşmələri tərəfindən 1989-cu ildən 1992-ci ilədək Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı soyqırım cinayətlərinin davamı idi. Həmin cinayət hadisəsi ilə əlaqədar cinayət işi başlanaraq ilkin istintaq hərəkətləri aparılsa da, döyüş şəraitində istintaqı başa çatdırmaq mümkün olmamış, lakin sonralar istintaq uğurla davam etdirilmiş və müəyyən edilmişdir ki, Xaçaturyan Vaqif Çerkezoviç qanunsuz erməni silahlı birləşməsinin digər üzvləri ilə birlikdə Xocalı rayonu, Meşəli kənd əhalisinə silahlı basqın edərək 25 nəfəri qətlə yetirmiş, 14 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetirmiş və 338 nəfəri heç bir qanuni əsas olmadan yaşayış yerindən didərgin salmışdır. Məhz həmin terrorçunun iyulun 29-da 30 ildən sonra Azərbaycan sərhədçiləri tərəfindən Laçın sərhəd -keçid məntəqəsində saxlanılaraq ədalət mühakiməsinə təhvil verilməsi ilahi ədalətin təntənəsidir. Vaqif Xaçaturyanın həmin cinayəti törətməsi şahid və zərərçəkmiş şəxslərin ifadələri ilə tam sübuta yetirilib. Belə ki, 2013-cü ildə Vaqif Xaçaturyan Meşəli soyqırımı ilə bağlı başlanmış cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

Qəbuledilməz faktdır ki, beynəlxalq axtarışda olan bu qatili Beynəlxalq Qırmızı Xaç Komitəsi müalicə almaq adı altında Ermənistan Respublikasına qaçırtmaq istəyirdi.  Düzdür, bu gün Xaçaturyanın həbsi ilə əlaqədar Fransa başda olmaqla bəzi ermənipərəst qüvvələr hay-küy salmağa başlasalar da, bu, Azərbaycan dövlətinin haqlı mövqeyinə qətiyyən təsir edə bilməyəcək. Çünki qatilləri müdafiə etmək onların ənənəvi prinsipi olduğu kimi, qatillərə haqlı cəza vermək də bizim qəti mövqeyimizdir.

Bununla bağlı Meşəli soyqırımı qurbanlarının dünya ictimaiyyətinə müraciəti aktual olmaqla bərabər, qatil Xacaturyanı müdafiə edənlərə ciddi xəbərdarlıqdır.

Müraciətdən də aydın göründüyü kimi, Meşəli soyqırımı qurbanlarının  Xaçaturyanı müdafiə edənlərə qəzəbləri sonsuzdur: « Biz – 1991-ci ilin dekabrında Xocalının Meşəli kəndində Ermənistan silahlı qüvvələri tərəfindən soyqırımına məruz qalmış kəndin sakinləri müharibə cinayətkarı, bu günlərdə Laçın yolunda ələ keçirilmiş Vaqif Xaçaturyanı yaxşı tanıyırıq. Onun əlləri dinc insanların – körpələrin, qadınların, qocaların qanına batıb.»

Meşəli soyqırımının qurbanları haqlı olaraq dünya ictimaiyyətindən soruşur və tələb edir: «Otuz iki ildir ki, bizə qarşı Meşəlidə törədilmiş soyqırımı ilə heç bir beynəlxalq təşkilat maraqlanmayıb, heç bir insan hüquqları təşkilatı buna görə Ermənistana etiraz səsini ucaltmayıb, bizimlə sanki heç nə olmamış kimi davranıblar, bu boyda faciəni görməyiblər, eşitməyiblər. Biz yaxşı bilirik ki, məhz görmək istəməyiblər, eşitmək istəməyiblər. Amma müharibə cinayətkarı Vaqif Xaçaturyan ələ keçən kimi bu təşkilatlar peyda olub, bir-birinin ardınca onun azad edilməsinə çağırışlar edirlər. Biz – Meşəli sakinləri bundan böyük hiddət keçiririk, bunu özümüzə qarşı təhqir, həqarət kimi qəbul edirik. Bu cür çağırışlar yolverilməzdir!»

Soyqırımı qurbanları müraciətlərində acı həqiqətləri dilə gətirərək bildiriblər ki, Meşəlidə onlara vurulan yaralar hələ də sağalmayıb: «Biz illərdir ki, bu müharibə cinayətlərindən əziyyət çəkirik, doğma yurd yerlərimizdən didərgin düşmüşük. Bu gün Goranboyda Meşəli kəndindən olan yüzlərlə ailə Meşəli köçkün şəhərciyində kompakt şəkildə yaşayır. Bu gün hər bir Meşəli sakininin tələbidir ki, Vaqif Xaçaturyan və onun kimi digər müharibə cinayətkarları bizim qarşımızda – Azərbaycan məhkəmələrində cavab verməlidir.»

Meşəli kəndinin nümayəndələri Vaqif Xaçaturyan kimi qatillərin həbsinin davamlı olacağına inanırlar və onların harada gizlənmələrindən asılı olmayaraq tapılıb cəzalandırılacaqlarına əminlik ifadə edirlər: «Biz bu ədalət anını onillərdir gözləmişik. Bu, çəkdiyimiz iztirablardan, itirdiyimiz doğmalardan, əzizlərdən sonra bizə qalan təsəlli yeridir. Biz illərdir ki, bu günün həsrəti ilə yaşamışıq, bir gün də olsun inamımızı, ümidimizi itirməmişik. Müharibə cinayətkarı Vaqif Xaçaturyanı yüksək peşəkarlıqla aşkar edərək saxlayan sərhədçilərimizi, Azərbaycanın hüquq-mühafizə orqanlarında xidmət edən övladlarımızı bağrımıza basırıq, onları alqışlayırıq, onlara «Eşq olsun!» deyirik!»

Müraciət edənlər bildrirlər ki, əgər Ermənistan həqiqətən də  demokratik və sülhsevər ölkə olsaydı bu qatillərin hüquqi cəzalandırılmasına nail olardı. Ancaq görünən odur ki, Ermənistan bir dövlət kimi cinayətkarı və terroru dəstəkləyən siyasət yürüdür: «Otuz iki ildir ki, bizim çağırışlarımıza məhəl qoyulmayıb, bu müharibə cinayətkarlarının heç biri Azərbaycana təhvil verilməyib. Onlara bəraət qazandırmağa, onları azad etməyə çalışanlar əmin olsunlar ki, bunların heç bir faydası olmayacaq. Bütün müharibə cinayətkarlarını Xaçaturyanın aqibəti gözləyir. 1991-ci ildə onlar düşünürdülər ki, törətdikləri əməllər cəzasız qalacaq, bizi yiyəsiz, sahibsiz görmüşdülər. Bu gün Azərbaycan güclü dövlətdir, qalib dövlətdir, onun Müzəffər Ali Baş Komandanı var! Biz Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşmişik! Qarabağda gizlənən bütün müharibə cinayətkarları, Xocalı soyqırımını törədən qatillər yaxşı eşitsin ki, daha heç nə əvvəlki kimi olmayacaq. Onlar cavab verəcəklər!»

Meşəlilər Vaqif Xaçaturyanı azad etməyə çağırış edənlərə ədalətli, vicdanlı  olmağı tövsiyə edirlər. Bildirirlər ki, onlar Meşəli, Xocalı sakinləri qarşısında, Azərbaycan xalqı qarşısında utanmalı, xəcalət çəkməlidirlər: «Onlardan soruşuruq: «Bəs bizim haqq və hüquqlarımızı nə vaxt müdafiə edəcəksiniz?”. Bu cür hərəkətlər insani və mənəvi dəyərlərə sığan yanaşma deyildir. Meşəli soyqırımı ilə əlaqədar baş verənlərə vaxtında beynəlxalq reaksiya verilsəydi, zəruri tədbirlər görülsəydi, eyni hallar Qaradağlıda, Xocalı şəhərində, Ağdabanda, Ballıqayada, Başlıbeldə və Azərbaycanın daha neçə-neçə yaşayış məntəqələrində təkrarlanmazdı. Bu cinayətlərin qarşısında susqunluq Ermənistan hakimiyyətini işğalı genişləndirməyə, yeni kütləvi qırğınlar törətməyə həvəsləndirmiş oldu.Təəssüf edirik ki, ermənilər Azərbaycanın göstərdiyi xoş məram müqabilində Beynəlxalq Qızıl Xaç Komitəsinin tibbi evakuasiyasından da sui-istifadə edirlər, bundan həm qaçaqmalçılıq, həm də Xaçaturyan kimi cinayətkarların qaçması üçün faydalanmağa çalışırlar.Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri cinayətkarların sığınacaq yeri olmamalıdır. Beynəlxalq humanitar hüquq da buna qarşıdır.»

Soyqırımdan zərər çəkənlər müraciətlərində faşist Almaniyası ilə faşist Ermənistanı eyniləşdirərək bildiriblər ki, İkinci Dünya müharibəsindən sonra faşistlər, nasistlər necə cəzalandırılıbsa, insanlıq əleyhinə cinayətlər törətmiş erməni faşistləri də o cür cəzalandırılmalıdırlar: «Burada qeyri-adi nə isə axtarmağa dəyməz.»

Meşəlilər Xaçaturyanı qanun qarşısında cavab verməyə məhkum edən tədbirlərin Qarabağda yaşayan dinc erməni əhali ilə heç bir əlaqəsinin olmadığını da ifadə ediblər: «Biz – Meşəli sakinləri Xocalıya – doğma evlərimizə qayıdacağımız günü də səbirsizliklə gözləyirik. Xaçaturyankimilərdən fərqli olaraq, bizim dinc insanlarla heç vaxt düşmənçiliyimiz olmayıb.»

Müraciət müəllifləri gələcəkdə yenə də Azərbaycan torpaqlarında dinc- sülh şəraitində yaşayacaqlarına əminlik ifadə ediblər: «Biz- bu qədər ağır faciə yaşamış Meşəli sakinləri yenə də müdriklik göstəririk, bundan sonra sülh içərisində yaşamaq istəyirik, orada ermənilərlə yanaşı yaşamağımızda da problem görmürük. Amma müharibə cinayətkarlarının qanun qarşısında cəzalandırılması etnik barışığın vacib şərtidir. Təəssüflər olsun ki, 44 günlük müharibədən sonra da Ermənistan bu müharibə cinayətkarlarının cəzalandırılması üçün heç bir addım atmadı.»

Soyqırımdan zərər çəkənlər sonda beynəlxalq ictimaiyyətdən tələb edir ki, Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil verməyə məcbur etsin: «Sülh, birgəyaşayış başqa cür olmur!»

Daha çox xəbərlər