Kocaelidəki güclü partlayışın səbəbi açıqlandı – YENİLƏNİB + FOTO/VİDEO
Taxıl tozunun əmələ gəlməsi Kocaeli limanında partlayışa səbəb olub.
Bunu Türkiyə Kənd və Meşə Təsərrüfatı Nazirliyinin nümayəndəsi Əhməd Güldal bildirib.
“Bizdə olan məlumata görə, partlayış buğdanın gəmilərdən elevatorlara yüklənməsi zamanı taxıl tozunun əmələ gəlməsi nəticəsində baş verib. Texniki baxımdan bu, mümkündür. Hazırda bizim versiyamız budur. Ekspertlər araşdırma aparacaqlar”, – deyə o, bəyan edib.
17:58
Kocaelidə baş verən partlayış gəmidən buğdanın yüklənməsi zamanı baş verib.
Bu barədə Kocaeli valisi Seddar Yavuz məlumat verib.
Partlayışla bağlı son xəbərləri paylaşan valinin sözlərinə görə, yaralananların sayı 13-ə çatıb.
“İkisi ağır olmaqla 13 nəfər yaralanıb. Dağıntılar altında hazırda heç kim yoxdur”, – deyə o qeyd edib.
16:44
Türkiyənin Kocaeli vilayətinin Derince rayonunda liman ərazisində yerləşən kənd təsərrüfatı məhsulları anbarında güclü partlayış baş verib.
Partlayış nəticəsində dağıntılar altında işçilərin qaldığı bildirilir. İlkin məlumata görə, dörd nəfər xəsarət alıb.
Hadisə yerinə çox sayda xilasedicilər, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), polis və tibb briqadaları cəlb edilib.
Digər tərəfdən, partlayışın şiddətinin yaratdığı təzyiq nəticəsində Derincedə bəzi binalarda mənzillərin pəncərə şüşələrinin partladığı bildirilib.
Partlayışdan sonra başlayan yanğını söndürmək üçün qrupların başlatdığı işlər davam edir.
Mənbə: SABAH

