Xoşbəxtlik hissləri…
Soydaşlarımızın mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdışı bu reallığın təqdimatıdır ki, artıq qurub-yaratmaq vaxtıdır
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən ötən hər gün Azərbaycanın çoxəsrlik tarixinin uğur səhifələrinin zənginləşməsi ilə müşayiət olunur. 30 ilə yaxın dövrün nisgilinə, acısına, torpaq həsrətinə son qoyularaq işğaldan azad edilmiş torpaqlarımızda yeni həyatın başlanmasından böyük qürur hissi ilə danışılır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra işğaldan azad edilmiş torpaqlarımıza ardıcıl səfərləri artıq Qarabağ münaqişəsinin tarixə qovuşduğunun, torpaqlarımızın öz sahibinə qayıtdığının təqdimatı oldu. Hər bir səfər bu ərazilərin, eyni zamanda, onların sakinlərinin həyatında sevincli an, tarixi hadisə kimi dəyərləndirilir. Çünki bərpa-quruculuq işləri ilə paralel olaraq soydaşlarımızın öz doğma yurd-yuvalarına Böyük Qayıdışı müşahidə olunur.

Onu da qeyd edək ki, işğaldan azad edilmiş torpaqlarımız «ağıllı şəhər» və «ağıllı kənd» layihələri çərçivəsində yenidən qurulur və bu torpaqlarda soydaşlarımızın gələcəkdə daha rahat yaşayışı üçün zəruri olan şərait yaradılır. «Ağıllı kənd» layihəsinin ilk qonağı olan Zəngilanın Ağalı kəndi ötən il sakinlərini qarşıladı. Öz doğma yurd-yuvalarına qayıdan soydaşlarımız keçirdikləri sevinc hissini ifadə etməkdə çətinlik çəkirlər. Çünki bu xoş anı onlar 30 ilə yaxın dövrdə səbirsizliklə gözlədilər. Amma heç zaman ümidlərini itirmədilər. Xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyəti, uğurla həyata keçirdiyi siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı, pozulmuş hüquqlarının bərpası təmin olunacaq. Dövlət başçısı İlham Əliyev müsahibələrində «İndi Siz həmin keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtdığını görərkən hansı hissləri keçirirsiniz» sualına cavabı hər birimizdə böyük qürur hissi yaradır. Dövlət başçısı «Xoşbəxtlik hissləri» söyləyərək onu da əlavə edir ki, mən onlar qədər xoşbəxtəm, yəni onlardan fərqlənmirəm: «Çünki onları orada görmək, gözlərini görmək, onların sevincini görmək, doğurdan da böyük xoşbəxtlikdir, həddindən böyük xoşbəxtlikdir. Əlbəttə, istəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək.»
Cənab İlham Əliyevin inamına söykənərək bu hədəfi yada salmaq istərdik ki, dövlət başçısı cari ilin əvvəlində hədəfləri açıqlayarkən ilin sonuna qədər laçınlıların birinci qrupunun Laçın şəhərinə yerləşdiriləcəyini bildirmişdir. O da qeyd edilmişdir ki, Zabux və Sus kəndlərində də 200-dən çox ailə məskunlaşacaq. Bu hədəfə uyğun olaraq reallığa çevrilən bu məqamı böyük qürur hissi ilə qeyd edirik ki, artıq laçınlıların birinci qrupu 28 May-Müstəqillik Günündə öz doğma torpaqlarına qovuşdu. Dövlət başçısı İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşdü, evlərin açarlarını onlara təqdim etdi. Həmin mərasimdə ölkə Prezidenti bu xatırlatmanı etmişdir: «Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni, 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? Amma bilirdim ki, qayıdacağıq və əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız. Biz çalışacağıq ki, bunu bundan sonra da təmin edək.»
Qeyd etdiyimiz kimi, ötən il Zəngilanın Ağalı və Tərtər rayonunun Talış kəndlərinə qayıdış gerçəkləşdi. Bu il bu sevinci yaşayanlar sırasına laçınlılar da daxil oldu. Laçın şəhərinə mərhələli şəkildə qayıdış hələ davam edir. Dövlət başçısı İlham Əliyevin postmünaqişə dövrünün reallıqları fonunda açıqladığı hədəflər sırasında bu mühüm məqam da xüsusi yer tutur ki, Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə başlanılıb. Bir neçə kəndin təməli qoyulub. Yəni 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq: «Əlbəttə, Ağalı kəndi birinci addım idi. Amma biz bu il bunu, inşallah, daha kütləvi surətdə görəcəyik.»
Göründüyü kimi, bütün planlar nəzərdə tutulduğu vaxtdan əvvəl həyata keçirilir. Təbii ki, bu, ölkəmizin iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bütün işləri sıfırdan öz daxili imkanları hesabına həyata keçirir.

Böyük Qayıdışın davamından xəbər verən bu mühüm məqamları da qürur hissi ilə qeyd edirik. Belə ki, avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirdi. Bu püşkatmada 144 ailə ( 509 nəfər) iştirak etdi. Ailə tərkibinə uyğun olaraq onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayırlar. Tezliklə daimi yaşayış üçün Füzuli şəhərinə qayıdacaq keçmiş məcburi köçkünlər çox böyük sevinc hissi keçirdiklərini qeyd edirlər.

Onlar işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər. Avqustun 7-də isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun Zabux kəndinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirdi. Püşkatmada 20 ailə (88 nəfər) iştirak etdi. Ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayırlar.
Soydaşlarımızın doğma yurd-yuvalarına hər bir qayıdışı böyük sevinc, qürurdur. Təbii ki, 30 illik işğal dövrünün acıları unudulmasa da, doğma yurd-yuvaya qovuşmaqla yeni bir səhifəni açmaq, gələcəyə- daha böyük hədəflərə addımlamaq üçün böyük stimuldur. Xalqımız hər zaman bu sevinci bizlərə yaşadan, qürurumuzu özümüzə qaytaran, yenilməz, məğrur xalq olduğumuzu bir daha dünyaya sübut edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza minnətdardır.
Dövlət başçısı İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşündə bu məqamı da yada salmışdır: «Mən yaxşı xatırlayıram, yəqin ki, siz də xatırlayırsınız, 2011-ci il dekabrın 24-də ad günümdə mən laçınlılarla Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində görüşmüşdüm. Mən adətən öz ad günlərimi, o cümlədən yubiley sayılan ad günlərimi qeyd etmirəm, 60 yaşımı Cıdır düzündə qeyd etmişəm, 50 yaşımı isə Taxtakörpü qəsəbəsində laçınlılarla qeyd etmişəm. O vaxt Taxtakörpü qəsəbəsində laçınlılar üçün 550-dən çox evdən ibarət bir qəsəbə salınmışdı. O görüşdə demişdim ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik və gün gəldi. O tarixdən cəmi 11 il keçib, biz sizinlə artıq Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz.»
Bu əminliyi də böyük qürur hissi ilə qeyd edirik ki, İkinci Qarabağ müharibəsi əbədi qürur mənbəyimizdir. Bu Zəfər bizimlə əbədi olacaq.İndi isə qurub-yaratmaq vaxtıdır.

