Cəmiyyət 

“Humanitar avantüra” ilə…

Qondarma rejimin qondarma “prezidenti” Araik Arutyunyan avqustun 6-da qondarm rejimin “İctimai Televiziyasına” müsahibə verib. Daha doğrusu, quldurbaşı növbəti dəfə şou göstərib. Belə ki, baş separatçı heç bir fakt ortaya qoymadan bildirib ki, guya Xankəndidə müxtəlif xroniki xəstəliklərin ağırlaşması və ölüm hallarının artması davam edir. Bunun da əsas səbəbi guya qida çatışmazlığıdır. Azərbaycanın guya  müharibəni mühasirə yolu ilə davam etdirməyə çalışmasından, nəticədə Xankəndini böyük konsentrasiya düşərgəsinə çevirməsindən, Qarabağdakı ermənilərə qarşı soyqırımı siyasətinə başlamasından ağızdolusu danışan Araik Arutyunyan, həmçinin vurğulayıb ki, bir müddət əvvəl onların yaşadıqları ərazi “fəlakət zonası” elan edilib. Separatçıların bununla bağlı çağırışlarına ilk reaksiya verən Ermənistan olub.  Hayastanın göndərdiyi humanitar yüklər isə Laçın keçid-buraxılış məntəqəsindən buraxılmır. Amma baş separatçı bunun səbəblərindən bir kəlmə belə danışmayıb.

Quldurbaşı, həmçinin rəsmi Bakının Qarabağda yaşayan ermənilərə qarşı humanizm nümayiş etdirdiyini, üstəlik, daha sərfəli və rahat olan alternativ Ağdam-Xankəndi yolunun bu məqsədlər üçün açıq olduğunu da dilə gətirməyib. Şübhəsiz, baş separatçı belə hesab edir ki,  əgər Azərbaycanın tam nəzarəti altında olan Ağdam yolundan istifadə ilə razılaşsalar, Laçın yolunun “dəhliz” statusunun ləğv edilməsini qəbul etmiş olacaqlar. Digər tərəfdən, baş separatçı elə güman edir ki, Ermənistanın Qarabağa göndərdiyi  yüklər sərhəddə günlərlə ilişib qalarsa, beynəlxalq təşkilatlar və bir sıra dövlətlər ölkəmizə təzyiq göstərməyə başlayar və belə olan halda rəsmi Bakı yüklərin Laçın yolu vasitəsilə keçidinə icazə verməyə məcbur qalar. Amma Araik unudur ki, Azərbaycan Ermənistanın siyasi rəhbərliyinin də tanıdığı suveren ərazisində beynəlxalq hüquq normaları çərçivəsində qayda-qanunu bərpa edir. Buna isə heç bir kənar qüvvə mane ola bilməz. Doğrudur, bu məsələyə  bəzi ermənipərəst ölkələr, həmçinin təşkilatlar burun soxmağa çalışırlar. Şübhəsiz, bütün bunlar Azərbaycanı gözdən salmağa yönələn addımlardan başqa bir şey deyil. Amma bu, bir faktdır ki, Azərbaycan tutarlı dəlillərlə onlara əhəmiyyət vermir. Bu isə o deməkdir ki, “humanitar avantüra” ilə rəsmi Bakını güzəştlərə məcbur etmək mümkün deyildir.

Rəsmi Bakının Laçın yolunda post qura biləcəyini düşünmədiklərini dilə gətirən Araik Arutyunyan bütün bunlara rəğmən, bu məsələdə hələ də beynəlxalq dəstək gözləməkdə israrlı olduğunu bildirib.

Araik Arutyunyan müsahibəsində Zəngəzur məsələsinə də toxunub. Belə ki, o bildirib ki, guya Azərbaycan onlara “humanitar fəlakət yaşatmaqla” Ermənistan hakimiyyətinə və beynəlxalq aktorlara Zəngəzur yolunun açılması  üçün təzyiq göstərməkdədir.

Şübhəsiz, hayların Laçın yolunu israr etmələri onların növbəti təxribatlarından xəbər verir. Azərbaycan isə bunu yaxşı dərk edir. Bu isə o deməkdir ki, həmin yüklər aylarla Laçın yolunda qalacaq. Yəni artıq həmin “humanitar yük”ün sərhəd bölgəsində nə vaxta qədər saxlanılacağı artıq heç bir önəm daşımır. Nəticədə haylar beynəlxalq standartlara daha çox cavab verən Ağdam-Xankəndi yolundan istifadə edəcəklər.

Zəngəzur dəhlizinə gəldikdə isə… Araik Arutyunyan da yaxşı bilir ki, bu dəhlizin açılması yalnız Azərbaycanın yox, ilk növbədə Ermənistanın məlum hərbi kapitulyasiyasını təsdiqləyən üçtərəfli Bəyanatın 9-cu bəndinin tələbidir. Həmin sənəddə yazılıb ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir: ”Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”. Şübhəsiz, Zəngə­zur dəhlizi nəinki ölkəmiz, bütövlükdə, region və hətta, dünya üçün müstəsna önəm daşıyır. Odur ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, bu proses həyata keçiriləcək: “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir”.

Daha çox xəbərlər