Cəmiyyət 

“Avtomobilini göstər, kim olduğunu deyim”

Günümüzdə avtomobillər sahibinin maddi imkanını göstərən əsas vasitələrdən sayılır. Bu baxımdan ölkədəki avtomobillərin marka və yaş strukturunu bir növ əhalinin sosial rifahının göstəricisi də hesab etmək olar.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə qeydiyyatda olan minik avtomobillərinin sayı 2022-ci ildə 2021-ci illə müqayisədə 70 min 563 ədəd artaraq 1 milyon 419 min 870 ədədə çatıb. 2022-ci ildə hər 1000 nəfərə 141 ədəd minik avtomobili, hər 100 ailəyə isə 58 ədəd şəxsi minik avtomobili düşüb. Müqayisə üçün deyək ki, 2021-ci ildə hər 1000 nəfərə 135 ədəd minik avtomobili və hər 100 ailəyə isə 59 ədəd minik avtomobili düşmüşdü.

Ötən il Azərbaycanda ən çox “Toyota”, “Hyundai”, “KİA”, “Opel”, “Chevrolet”, “Nissan”, “Mercedes”, “BMW”, “Honda”, “Ford” və “Land Rover” avtomobillərinin sayı artıb.

Ümumilikdə, bu ilin əvvəlinə olan məlumata görə, ölkədə ən çox “VAZ”, “Mercedes”, “Hyundai”, “Toyota”, “KİA, “Chevrolet”, “Opel”, “Nissan”, “BMW”, “GAZ” markalı avtomobillər istismardadır.

Bundan başqa, ölkədə 327 ədəd “Bentley”, 63 ədəd “Rolls Royce”, 166 ədəd “Maserati” kimi avtomobillər də var.

Bununla belə, 2022-ci ildə Azərbaycanda qeydiyyatda olan 1 milyon 400 min ədəd minik avtomobilinin 45 faizinin (təxminən hər 2 avtomobildən biri) yaşı 20 il və daha çoxdur. Yaşı 10-20 il olan avtomobillərin sayı 545 mindir ki, bu, minik avtomobillərinin ümumi sayının 38,4 faizi deməkdir. Ümumi avtomobillərin cəmi 17 faizinin yaşı 10 ilə qədərdir.

Ümumilikdə isə ölkədə köhnə avtomobillərin sayının ümumi göstəriciyə nisbəti artmaqdadır. Belə ki, 2019-cu ildə Azərbaycanda yaşı 10 ildən çox olan avtomobillər ümumi sayın 78 faizini təşkil edirdisə, 2021-ci ildə bu rəqəm 80 faizə, 2022-ci ildə isə 83 faizə yüksəlib.

Qeyd edək ki, ölkə Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün  Dövlət Proqramı”nda yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi nəzərdə tutulub. Artıq bununla bağlı “İstehsalat və məişət tullantıları haqqında”, “Yol hərəkəti haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunlarda, İnzibati Xətalar və Gömrük məcəllələrində dəyişiklik edilib. Dəyişikliyə görə, avtomobilini utilizasiyaya verən şəxsə bu barədə təsdiqedici sənəd veriləcək və onun əsasında 3 il ərzində yalnız ölkədə istehsal edilmiş yeni avtomobili güzəştli qiymətə almaq mümkün olacaq.

Daha çox xəbərlər