Cəmiyyət 

Yolun nə fərqi var ki…

Ermənistanın son təxribatı bölgəni yeni müharibəyə sürükləyir

İşğalçı Ermənistan hələ də «humanitar yardım» şousunu davam etdirməklə ölkəmizə qarşı yeni təxribatlara hazırlaşır. Bu rəzil ölkənin rəsmiləri  aranmış reallıqları qəbul etmək, sülh üçün əməli addımlar atmaq əvəzinə öz himayədarlarına güvənərək  bölgəni yeni müharibəyə sürükləyirlər. Hətta bununla kifayətlənməyərək öz oyunlarına xarici gücləri də ortaq etməyə çalışırlar. Belə ki, Azərbaycan dövləti öz suveren ərazisində suveren hüquqlarına əsaslanaraq Laçın sərhəd keçid-məntəqəsində Ermənistandan Xankəndinə göndərilən yük maşınlarını haqlı olaraq buraxmır. Əvəzində, daha rahat bir marşurutu Ağdam–Xankəndi yolunu təklif edir. Eyni zamanda, Azərbaycan dövləti Qarabağ iqtisadi rayonunda yaşayan erməniləri ərzaqla təmin etmək kimi humanitar bir addım atmağa hazır olduğunu da bildirib.

Lakin bütün bunların əvəzində Ermənistan beynəlxalq müstəvidə Azərbaycan əleyhinə kampaniya aparır. Xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyan sələfləri  olan Robert Koçaryan və Serjik Sarkisyan kimi cinayətkarların  yolu ilə gedir. O, gah sülhdən danışır, gah da ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür. Bir neçə gün əvvəl hökumətin iclasında Paşinyan Laçın sərhəd–keçid məntəqəsi ilə bağlı vəziyyətin gərginləşməsinə hesablanmış açıqlamalar verib. Bildirib ki, bu yolun bağlanması guya Xankəndidəki ermənilərin  yaşam vəziyyətini ağırlaşdırıb və buna qarşı adekvat addımlar atılacaqdır.

Onun bu absupd açıqlamalarından dərhal sonra qarşı Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat verərək bildirib ki, Ermənistan rəhbərliyinin  Azərbaycanın guya Laçın yolunu bağladığı iddiasının heç bir əsası yoxdur. Ermənistan həqiqətən də bölgədə sülh və sabitlik istəyirsə, o cümlədən Azərbaycanın ərazi bütövlüyü nü yalnız sözdə deyil, əməldə də dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməli, erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Bakının təklif etdiyi Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadəni dəstəkləməli, erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə maneçilik törətməməlidir.

Bəli, on illərdir Qarabağ ermənilərini girovluqda saxlayan, separatçılara dəstək verən Ermənistan indi də eyni ssenari üzrə hərəkət edir. Onların separatçıların təhriki ilə Xankəndidə «mülki ermənilərin» Laçın postuna doğru yürüşünü təşkil edilməsinə dair xəbərlər də növbəti təxribat planını göstərir. Bildirilir ki, Xankəndidə erməniləri Laçın postuna gətirəcək avtobuslar hazır vəziyyətə gətirilib. Məqsədləri  gərginlik yaratmaq, sülh təşşəbüslərini pozmaq, beynəlxalq müstəvidə Azərbaycana qarşı qınaqlara nail olmaqdır. Amma bütün səyləri əbəs yerədir. Çünki Azərbaycan öz suverenliyinə təhdid yaradacaq, qəsd edəcək hər hansı addıma yol verməyəcək. Əgər söhbət həqiqətən də humanitar yardımın çatdırılmasından gedirsə, onlar üçün yolun fərqi olmamalıdır. Bir sözlə, Ermənistan təklif olunan Ağdam-Xankəndi marşrutunu qəbul etməlidir.

Prezident İlham Əliyev «Euronews» telekanalına son müsahibəsində bu mövzuda Qarabağ ermənilərinə mesajını da aydın şəkildə çatdırıb: «Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu saxta liderlər onlara daim yalan danışıblar. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən, təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm.»

Təbii ki, Azərbaycan bu erməni təxribatlarına adekvat cavablar verməyə hazırdır. Əvvəla ona görə ki, bu gün bizim atdığımız addımlar beynəlxalq hüquqa söykənir. Eyni zamanda, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyalar və Konstitusiyamız çərçivəsində bütün müvafiq addımlar regionun təhlükəsizliyi, sülhün qorunması və sabitliyin bərqərar olunması yönündədir.

Siyasi şərhçilərin qənaətincə, separatçıların lideri  Araik Arutyunanın Ağdam-Əsgəran yoluna daş düzməsi, binasının həyətində bir neçə gün çadırda etiraz etməsi və erməniləri avtobuslara doldurub Laçın sərhəd-keçid məntəqəsinə etiraza göndərmək fikirləri onun son çırpıntılarıdır.  Daha çox Bakıdan özünün sonrakı taleyinə qarantiya almaq cəhdidir.

Daha çox xəbərlər