Həm ASAN, həm ABAD, həm də DOST…
Bu gün Azərbaycan yüksək inkişaf tempinə görə dünyada lider mövqeyə çıxıb. Ölkədə dəqiq hədəflərə hesablanmış iqtisadi inkişaf xətti uğurla davam etdirilir. Yeni inkişaf erasının başlıca istiqamətləri ölkəmizin bütün mövcud potensialdan səmərəli istifadə etməklə regiondakı mövqeyini əhəmiyyətli şəkildə dəyişdirib və möhkəmləndirib. Hazırda ölkəmizin sürətli iqtisadi inkişafı sosial sferada çoxşaxəli islahatlar aparmağa, dünya təcrübəsindən uğurla çıxmış təkmil mexanizmləri tətbiq etməyə imkan verir. İqtisadiyyatda həyata keçirilən, köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər əhalinin sosial müdafiəsini gücləndirmək üçün də möhkəm zəmin yaradır. Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədlərindən biri də əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsidir. İqtisadiyyatın ardıcıl və dinamik inkişafı, həyata keçirilən köklü dəyişikliklər dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə geniş yol açaraq əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün möhkəm zəmin yaradıb.
Artıq respublikamızın iqtisadi inkişafı elə bir mərhələyə çatıb ki, indi nəinki mövcud problemlərin həlli, hətta yeni sosial layihələrin həyata keçirilməsi üçün dövlətin kifayət qədər maliyyə imkanları var. Hər ilin sonuna yaxın parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bunun şahidi oluruq. Ölkə başçısı cənab İlham Əliyevin sosial sahəyə diqqətinin nəticəsidir ki, hər il dövlət büdcəsi təsdiq olunarkən sosialyönümlülük prioritet olaraq qalır. Dövlət başçısı bütün regionlarda sosial ədalətə söykənən müasir idarəetmə qaydalarının tətbiq olunmasını tələb kimi qarşıya qoyub. Bu gün uğurla icra olunan Dövlət Proqramların əsas məqsədi bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsinə xidmət edir.
Son illər ölkəmizin bütün bölgələrində quruculuq-abadlıq işləri daha geniş vüsət alıb. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərlə yanaşı, ölkənin digər bölgələrinə də səfərlər edir. Uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişib. Bölgələrlə paytaxt arasında fərq minimuma endirilib. Dövlət başçısının bölgələrimizə mütamadi səfərləri bir daha göstərir ki, regionların inkişafı, əhalinin sosial şəraitinin yaxşılaşdırılması daim cənab İlham Əliyevin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin avqustun 7-də Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri, görülən işlərlə tanışlığı, bir sıra mühüm sosial obyektlərin açılışında iştirakı bir daha təsdiq etdi ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması ilə yanaşı bütün bölgələrimiz diqqət və qayğı ilə əhatə olunub.
Regionların inkişafı ilə bağlı vəzifələrin icrası sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun artırılmasına, yoxsulluq səviyyəsinin azaldılmasına təkan verir. Göründüyü kimi, Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşlarının maraqları dayanır. Bu gün ölkəmizin həm işğaldan azad edilmiş ərazilərində, həm də digər bölgələrində dünyada Azərbaycan brendi kimi nüfuz qazanan «ASAN xidmət», ABAD, DOST mərkəzlərinin yaradılması təqdirəlayiq hal kimi dəyərləndirilir. Prezident İlham Əliyev Bərdə rayonuna səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin açılışında iştirak etdi. Bildiyimiz kimi, hazırda Azərbaycanda 6 DOST Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə indiyə kimi bir milyondan çox insana xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq dərəcəsi 98 faizdən yüksəkdir. DOST mərkəzləri vasitəsilə tam şəffaf və vətəndaş məmnunluğu prinsipləri əsasında məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində «bir pəncərə» prinsipi ilə 15 istiqamət üzrə 159 xidmət göstərilir. 2025-ci ilədək mərkəzlərin sayının 17-yə, yerlərdə xidmətlərin təşkili məqsədilə filialların sayının 55-ə çatdırılması planlaşdırılır. Qarabağ Regional DOST Mərkəzində də gün ərzində orta hesabla 650-700 vətəndaşın qəbulu nəzərdə tutulur. Bu da bu bölgədə yaşayan insanların rahatlığı baxımından olduqca əlverişlidir.
Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla, regionlarda aparılan quruculuq işlərinin geniş vüsət alması, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsinə xidmət edir. Bütün görülən işlər Azərbaycanın sosial-iqtisadi inkişafına böyük töhfələr verir. Bütövlükdə, hər bir sahədə qazanılan nailiyyətlər ölkəmizin gücünü artırır, beynəlxalq müstəvidə də mövqeyini möhkəmləndirir.

