Gündəm 

İt hürər, karvan keçər…

Dəyərli sənətkarımız Rasim Balayevə “hücum edən” dinqo sürüsünün sahiblərinə xatırlatma

Rasim Balayev uşaqlığımızın, gəncliyimizin, qocalığımızın qəhrəmanıdır. Çoxsaylı filmlərdə canlandırdığı yaddaqalan obrazları bizə tariximizi, tarixi şəxsiyyətlərimizi sevdirib. Onun təkrarolunmaz “Nəsimi”si, “Babək”i, “Bamsı Beyrəy”i varlığına iki cahanı sığdırıb özü bu cahana sığmayan böyük şair(lər)imizi, sayına, soyuna baxmadan yağı qarşısında mərd durmağı bacaran, Vətəni və amalı uğrunda ölüm savaşına hazır olan igid(lər)imizi, elinə, obasına, eşinə, ulu türk törəsinə dönük çıxmaqdansa yeddi yerə şaqqalanmağı üstün tutan oğuz babalarımızı qanlı sovet imperiyasının ölüm təhlükəli senzurasından sağa-salamat adladıb bizə yenidən bəxş edə bilib. O, sözdə deyil, özdə xalqın artisti, xalqın özüdür. Sənət adamlarının, mədəniyyət və incəsənət xadimlərinin çoxunda olmadığı qədər sadə, səmimi sənətkardır. Və hər şeydən əvvəl o, əsl vətəndaşdır. Vicdanlı, ədalətli, vəzifəsini, məsuliyyətini dərk edən vətəndaş! Rasim Balayevin onu insanlarımıza sevdirən ən böyük məziyyəti isə yaşadığı 75 ildə heç kimin oyununa gəlmədən, intriqalara qarışmadan təmkinini və dürüstlüyünü qoruyub saxlamasıdır. O, aktyor kimi filmlərdə oynayıb, ancaq həyatda həmişə özüdür, türklər demiş, içi-dışı birdir. Həqiqiliyinə əmin olduğunu deyir, deyirsə, deməli sözündə gerçək payı var…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Xalq artisti Rasim Balayevi “İstiqlal” ordenini təqdim etmək üçün qəbul edəndə dəyərli sənətkarımızın Müzəffər Ali Baş Komandana ilk sözləri belə oldu: “Mənim bir arzum var idi ki, Qarabağdan (Qarabağın erməni işğalından azad edilməsindən) sonra, işlərinizdən sonra Sizi qucaqlayım. Çox şükür ki, bizə qismət oldu.”

Əslində, Rasim Balayev həmin vaxt dövlət başçımıza təkcə ozünün deyil, adını haqqı ilə daşıdığı xalqımızın ürək sözlərini çatdırdı, onu bütün Azərbaycan xalqının adından qucaqladı. Türkü ilə, talışı, ləzgisi, rusu, kürdü ilə böyük bir xalqın adından. O xalqın ki, öz Prezidentinə, özü də hər bir azərbaycanlının Prezidentinə böyük sevgisini 44 günlük Vətən müharibəsində ətrafında yumruq kimi birləşməklə, bir əmri ilə döyüşə atılmaqdan qürur duyaraq bildirmişdi. Ermənidən geri alınan hər kəndimizin, qəsəbəmizin, şəhərimizin xəbərinə axıtdığı sevinc göz yaşları ilə, gecə-gündüz tanrıya əl açıb Ali Baş Komandan üçün etdiyi dualarla bildirmişdi. İndi Rasim Balayevin Azərbaycan Prezidentinə göstərdiyi sevgi də məhz həmin xalq sevgisidir!

Bu gün pusquda dayanmış dinqo sürüsü kimi sosial şəbəkələrdə, xaricdəki sahiblərinin xəyanətləri qarşılığında verdiyi pullarla açdıqları internet “tv”lərdə dəyərli sənətkarımızın üstünə “hücum çəkənləri” narahat edən təkcə onun dövlət başçımıza sevgisi və onu xalq qəhrəmanı Babəklə müqayisə etməsi deyil. Əslində onlar özləri də yaxşı bilirlər ki, Rasim Balayevin Prezident İlham Əliyevə dediyi “Siz öz adınızı tarixə bir Ali Baş Komandan kimi, elə əsl Babək kimi yazdınız. Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq” sözləri böyük bir həqiqətin səmimiyyətlə ifadə edilmiş formasıdır. Son iki yüz illik tariximizdə Müzəffər Ali Baş Komandanımızdan başqa zəbt edilmiş, işğal olunmuş tarixi torpaqlarımızı geri qaytaran ikinci bir dövlət başçımız olubmu? Xeyr! Elə isə görkəmli aktyorumuzun sözləri niyə bu bir sürü “demokratiya carçısı”, “ədalət tərəfdarı” “siyasi mühacir”lərin, xainlərin, satqınların, düşmən dəyirmanına su tökənlərin, erməni lobbisinin muzdlu ideoloji “əsgərlərinin” harasınısa ağrıdır? Sevinc Osmanqızına, Əli Kərimliyə, Qənimət Zahidə, yenə də türklər demiş, onunkuna, bununkuna yer edən Azərbaycanı nüfuzdan salmaq, ləkələmək, şərləmək ölkəmizin addım-addım irəliləməsinə mane olmaq planlarının puç olması, arzularının gözlərində qalmasıdır. Vətəninə, vətəndaşına, sənətkarına dönük bu bir sürünü bir şey də narahat edir: iplərini əllərinə verdikləri sahibləri hər uğursuzluqdan sonra onları danlayır, paylarını kəsəcəkləri ilə hədələyir, nəticə tələb edirlər. Məlum şeydir, düşmən ölkəmizdə inkişaf deyil, tənəzzül, sabitlik deyir qarışıqlıq, birlik deyil parçalanma arzulayır. Bunun üçün külli miqdarda pullar xərcləyir, “ideoloqlar” yetişdirir, dinqolarını Azərbaycanı, dövlətimizi sevən ziyalılarımızın üstünə saldırır. Hər dəfəsində də planları xalq-iqtidar birliyi qarşısında puç olur, fiaskoya uğrayır.

Xalqımız hər zaman olduğu kimi, öz dəyərlərinə, dəyərli sənətkarlarına sahib çıxmağı bacaran xalqdır. Rasim Balayev də bizim üçün dəyərdir, dəyərlidir. Biz onu sevdiyimiz kimi, qorumağı da bacarırıq. Qaldı görkəmli aktyorumuz haqqında öz səviyyələrinə uyğun yazan, danışan “siyasi mühacir”lərə, xainlərə, satqınlara, düşmən dəyirmanına su tökənlərə, erməni lobbisinin muzdlu ideoloji “əsgərlərinə”, atalarımız yaxşı deyib: it hürər, karvan keçər…

Daha çox xəbərlər