“Hicaba bürünmüş” cinayətlər!
İranda fars-molla rejiminin zülmünə qarşı yeni kütləvi aksiyaların başlanmasına hazırlıq gedir
İyirmi iki yaşlı tələbə Məhsa Əmininin məcburi hicab bəhanəsi ilə “əxlaq” polisi tərəfindən zorakılığa məruz qoyulmaqla qətlə yetirilməsinin ildönümü yaxınlaşdıqca İran hakimiyyətinin qorxusu da artmaqdadır. Şovinist rejim 2022-ci ilin sonlarında olduğu kimi, ölkədə yenidən kütləvi aksiyaların və iğtişaşların başlanacağından ehtiyatlanır. Əslində, mollaların qorxusu səbəbsiz deyil. Çünki ötən il sentyabrın 16-da İranda zülm və istibdaddan cana yığılmış xalqın hakimiyyətə qarşı ayağa qalxmasının səbəbi təkcə M.Əmininin qətlə yetirilməsi deyildi. Ölkədə tüğyan edən səfalət, işsizlik, kasıblıq, cinsi və milli mənsubiyyətə görə səbəbsiz təzyiqlər, fars-molla iqtidarının din pərdəsi altında amansız qəddarlığı fonunda sosial-siyasi partlayışın baş verməsi gözlənilən idi. Rejim etiraz aksiyalarını polisin, ETTELLAT-ın və SEPAH-ın qanlı “dəyənəyi” vasitəsilə ənənəvi qəddar üsullarla – qətllər, edamlar, represiyalarla boğmağa çalışsa və buna qismən nail olsa da baş verənlər hakimiyyətin sütunlarını laxlatdı. Bunun ən bariz sübutu İranda ötən on bir ayda sabitliyin hələ də tam olaraq təmin edilməməsidir.
Bəs ölümü ilə milyonlarla iranlının küçələrə axışmasına səbəb olan Məhsa Əmini kim idi? Qəddarlığına görə bir sıra Avropa ölkələrinin sanksiya tətbiq etdiyi, guya ölkədə şəriət qanunlarına necə əməl edildiyini nəzarətdə saxlayan dırnaqarası əxlaq(sızlıq) polisinin çoxsaylı günahsız qurbanlarından biri. Kürdüstan ostanının Səkkəz şəhərindən olan 22 yaşlı İran vətəndaşı, tələbə, həm də Cina Əmini kimi də tanınan M.Əmini ailəsi ilə Tehrandakı qohumları gilə qonaq gəlibmiş. O, sentyabrın 14-ü axşam şəhərdə qardaşı ilə birlikdə olarkən “əxlaq” polisi tərəfindən saxlanılıb. Məlumata görə, qardaşı Kuareş Əmini etiraz etdikdə ona bildirilib ki, bacısı dindirildikdən bir saat sonra buraxılacaq. Ancaq… Çox keçmədən yarımcan Məhsa təcili yardım maşını ilə Qəsrə xəstəxanasına aparılıb, həyatda qalmaq uğrunda iki günlük mübarizədən sonra vəfat edib. Onun ölümü qısa vaxtda İranda ictimai-siyasi vəziyyəti gərginləşdirdi, ölkənin Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərini də əhatə edən kütləvi etirazlar aylarla davam etdi. Bugünlərdə İranın “Radio Farda” radiosunun yaydığı məlumata görə, həmin aksiyalar zamanı rejimin hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilən 372 aksiya iştirakçısının şəxsiyyəti müəyyən edilib.
Onların 58-i 18 yaşadək olan uşaq və yeniyetmə, 33-ü isə qadınlardır. Bildirilib ki, ən çox qətlə yetirilənlər üzrə Sistan və Bəlucistan əyaləti birinci yerdədir. Bu bölgədə rejim qüvvələrinin qətlə yetirdiyi 108 nəfərin kimliyi müəyyən edilib. Sonrakı yerlərdə Qərbi Azərbaycan (47 nəfər), Tehran (44 nəfər) və s. gəlir.
İran hakimiyyətinin tapşırığı ilə ən qanlı cinayətlər ötən ilin sentyab- noyabr aylarında törədilib. Hüquq müdafiəçilərinin apardıqları araşdırmalara əsasən, ümumilikdə aksiyalar zamanı öldürülən etirazçıların sayı 500-dən çox olub.
Hazırda baş verənlər də qarşıdan gələn sentyabr ayında fars-molla rejiminin yeni “sürprizlər”lə üzləşə biləcəyi ehtimalını artırır. Ciddi senzuraya baxmayaraq ölkə daxilindən yayılan məlumatlar İranda “Qadın, həyat, azadlıq!” şüarı altında kütləvi aksiyalara hazırlıqların getdiyini təsdiqləyir. Qənave şəhərində molla rejiminə qarşı mübarizə aparan gənclər ümumxalq etirazlarının ildönümünə hazırlaşmağa çağırış edərək, divarlara “İran bizimdir! Xameneyiyə ölüm olsun!” kimi inqilabi şüarlar, zibil qutularının üzərinə Xameneyinin adını yazırlar. Odur ki, şovinist fars rejimi universitetlərdə yeni dərs ilinin başlanması ərəfəsində fəallıqlarından daha çox qorxduğu tələbələrə qarşı təzyiqləri genişləndirib. İranın Tələbə Həmkarlar Birliyi təhlükəsizlik orqanlarının son günlər Tərbiət Modərres Universitetinin ən azı 12 tələbəsi ilə telefon danışığı apardığı barədə məlumat yayıb.
Qurumdan bununla bağlı bildirilib ki, hökumətin bu repressiv addımları M.Əmininin qətlinin ildönümünün yaxınlaşması ilə tələbələrin kütləvi etirazlarından qorxuya düşərək əvvəlcədən onlar arasında fikir ayrılığı yaratmağa hesablanıb.
Əsrlərdir İran ərazisindəki tarixi torpaqlarımızda yaşayan 40 milyona yaxın soydaşımızın azadlığını məhdudlaşdıran, doğma dilimizdə təhsil də daxil olmaqla əksər hüquqlarından məhrum edən fars-molla rejimi son günlər Cənubi Azərbaycanda qəddar davranışlarını daha da artırıb ki, bu da hakimiyyətin qorxusu ilə bağlıdır. “Azad İran” agentliyinin xəbərinə görə, azərbaycanlıların yaşadığı iri şəhərlərdə məcburi hicab bəhanəsi ilə kütləvi şəkildə avtomobillər saxlanılır. Şərqi Azərbaycan əyalətinin polis komandiri Əli Məhəmmədi məcburi hicabdan imtina edərək avtomobil idarə edən 439 qadına qarşı cinayət işi açıldığını bildirib. O, məcburi hicab qanunlarına əməl etməyən qadınlara qarşı tədbirlərin gücləndirilməsinə toxunaraq deyib ki, polisin xəbərdarlığına məhəl qoymayanlar barəsində cinayət işi başlanıb və məhkəmələr tərəfindən icraata götürülüb.
Öz xalqına qarşı davranışı İranda fars-molla rejiminin sonunu yaxınlaşdırmaqdadır. Bu rejim nəhayət bir gün hicab bəhanəsi ilə törətdiyi, “hicaba bürüdüyü” cinayətlərinin cavabını verəcək. O gün həm də yüzillərdir əsarətdə əzilən Güney Azərbaycanımıza azadlıq günəşinin doğduğu gün olacaq! Az qalıb…

