Ermənistanın bu təxribatları törətməkdə məqsədi…
“Azərbaycan dövləti qanuni sərhədlərinə nəzarət və Ermənistanın qanunsuz fəaliyyətinin qarşısını almaq məqsədilə özünün suveren ərazilərində “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsi yaradıb. Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin sərhəd buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə,bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayır. Eyni zamanda, iyunun 15-də sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, iyulun 26-da yük avtomobillərinin Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib”.
ARANTV.AZ “İki sahil”-ə istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Ermənistanın bu təxribatları törətməkdə məqsədi bölgədə gərginliyi artırmaq və bununla da yalan məlumatlar yaymaqla Azərbaycanı beynəlxalq birliyin qınaq obyektinə çevirməkdən ibarətdir. Görünən odur ki, bu, erməni tərəfinin növbəti siyasi oyunudur. Millət vəkilinin sözlərinə görə, Azərbaycan Qarabağdakı erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla təkliflər irəli sürüb. Bu, Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması Ermənistanın humanitar vəziyyət barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərir. Ermənistanın məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etmək, gərginliyin coğrafiyasını genişləndirmək və sülh prosesini iflasa uğratmaqdan ibarətdir.
Fatma Yıldırım qeyd edib ki, son günlər baş verən bütün bu təxribatlara görə məsuliyyət Azərbaycan ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirən, separatizmi təşviq edən və reinteqrasiya səylərinə əngəl törədən Ermənistanın və onun rəhbərliyinin üzərinə düşür: “30 il ərzində ərazilərimizin işğalına göz yuman bir sıra ölkələrin və beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli bəyanatlar verməsi qəbuledilməzdir. Həmin ölkələr və beynəlxalq təşkilatlar son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, Ermənistanın kommunikasiyaların açılmasına maneçilik törətməsinə də etinasız yanaşıblar. Görünən odur ki, məhz bu qüvvələr Ermənistanın təxribatlarına “stimul” verir. Həmin ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməli, ölkəmizin daxili işlərinə qarışmamalıdır. Bugünlərdə Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanın və Milli Məclisin deputatlarının beynəlxalq ictimaiyyətə müraciətlərində də bu məqam vurğulanır. Həmin qüvvələr unutmamalıdır ki, Azərbaycan güclü dövlətdir və heç kim onunla diqtə ilə danışa bilməz!”.
Millət vəkili deyib ki, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən ölkələr sırasında Fransa öndə gedir. Bu ölkə Cənubi Qafqazda baş verən proseslərə münasibəti reallıqdan tamamilə uzaqdır. Fransa proseslərə beynəlxalq hüquq normaları və ədalət prinsipləri əsasında deyil, yalnız Ermənistanın maraqları çərçivəsində yanaşır. Əlbəttə ki, bu davranış qəbuledilməzdir. “Fransa ermənilərdən daha çox ermənilik edir. Bu ölkənin Afrikada müstəmləkəçi siyasətinin acı nəticələri bütün dünyaya məlumdur. Artıq həmin xalqlar oyanıb və Fransaya etiraz edirlər. Mali hökumətinin fransız dilinin rəsmi statusunu ləğv etməsi, Nigerdə hakimiyyəti ələ almış qüvvələrin Fransaya qızıl və uran ixracını qadağan etməsi bunun göstəricidir. Yəqin ki, bu hələ başlanğıcdır. Fransanın müstəmləkəçi siyasətindən əziyyət çəkən xalqların bu ölkəyə qarşı mübarizəyə başlaması rəsmi Paris üçün xəbərdarlıqdır. Belə bir ölkənin Azərbaycana qarşı tutduğu mövqe iflasa məhkumdur”,-deyə Fatma Yıldırım vurğulayıb.

