Ey gidi dünya…
Bir vaxt beynəlxalq təşkilatları saymayanlar indi onlara yalvarırlar
Dünya erməni həyasızlığının daha bir “nümunə”sinə şahid oldu.
“Hayastan” parlament fraksiyasının rəhbəri, sabiq müdafiə naziri, Xocalı soyqırımını törədərkən Sovet ordusunun 366-cı motoatıcı alayının tabor komandiri olmuş Seyran Ohanyan fraksiya adından Avropa Şurası Parlament Assambleyasına, Avropa Parlamentinə, NATO Parlament Assambleyasına, ATƏT Parlament Assambleyasına, MDB sədrlərinə məktublar göndərib. O, həmçinin Parlamentlərarası Assambleyana, Parlamentlərarası İttifaq və Avronest həmsədrlərinə də müraciət edib.
Bu barədə “Aysor” nəşri məlumat yayıb.
Azərbaycan Respublikasının neçə illərdir İnterpol vasitəsi ilə axtarışa verdiyi Xocalı qatili Seyran Ohanyan ölkəmiz haqda bir sıra çərənləmələri dilə gətirməklə yanaşı, adları çəkilən beynəlxalq təşkilatları Azərbaycana “Laçın dəhlizi”nin blokadası”nı dərhal aradan qaldırmaq və “ATƏT-in işləyib hazırladığı prinsiplər əsasında artsax münaqişəsinin siyasi həlli üzrə danışıqlara qayıtmaq üçün” Azərbaycana təzyiq göstərməyə çağırıb.
Acınacaqlı haldır ki, 1992-ci ilin fevralında özünü ermənilərin milli qəhrəmanı hesab edən Ohanyan Xocalıda evləri, insanları tankının tırtılları altında əzən, körpə uşaqlara belə rəhm etməyən cəllad cildini dəyişərək uydurma blokada haqqında münsiflik etmək niyyətinə düşüb. İnsanlıqla bir araya sığmayan hərbi cinayətlər törədən bu yaramaz erməninin insanlıqdan, humanizmdən danışması ikrah doğurur. Anormallıq ondadır ki, otuz il beynəlxalq təşkilatların qərarlarını rədd edən, hətta BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayıb işğalı davam etdirən cəllad Ohanyan indi “quyruğu qapı arasında” qalanda onlara yalvarmağa başlayıb.
Təəccüblüdür ki, azərbaycanlılara qarşı etdiyi vəhşiliklərdən utanıb-qızarmayan, əvvəllər hətta törətdiyi vandalizm ilə fəxr edən başkəsən general üzə çıxmaqdan çəkinməkdənsə hələ beynəlxalq təşkilatlara məsləhət verməkdən belə çəkinmir.
Xatırladaq ki, ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində möhkəmlənmək üçün vaxtilə tikilib-quraşdırılan “Ohanyan müdafiə xətti” də bu hərbi caninin adı ilə bağlıdır. O zaman belə bir mif yaratmışdılar ki, müəllifi Xocalı qatili Ohanyan olan bu müdafiə xətti keçilməzdir. Onu heç bir silah-sursat dağıda bilməz. Ermənilər köstəbək kimi yerin altını qazıb betonlaşdırmışdılar və hesab edirdilər ki, guya bu xətt alınmazdır. Ancaq istər 2016-cı ildə dördgünlük Aprel döyüşlərində, istərsə də 2020-ci ildə 44 günlük müharibədə müzəffər ordularımız “Ohanyan xətti”ni cəmi bir neçə dəqiqə müddətində darmadağın etdilər.
Hansı dəlmə-deşikdə gizlənsə də Ohanyanın özünü də qurduğu xəttin aqibəti gözləyir. Quldur Vaqif Xaçaturyan kimi bir gün o da tutulub qəfəsə salınacaqdır.
Xatırladaq ki, “Hayastan” siyasi blokunun lideri Ermənistanın terrorçu eks-prezidenti, digər Xocalı canisi Robert Koçaryandır. Şübhəsiz, ağası gülüm olanın başına külüm olacaqdır. Canilər sürüsünün həşəratları çox keçməyəcək ki, Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verəcəklər. Təbii ki, amansız qətliamın iştirakçıları etdikləri cinayətin bədəlini öz həyatları bahasına ödəyəcəklər. Onların bu gün ora-bura yazdıqları yalvarışlarına isə bir çürük qoz da verən olmayacaqdır.

